- Köhnə - Dünya
- 8 Noyabr 2013 17:01
- 4 613
Dövlət televiziyasına polis basqını
Yunanıstanda, iqtisadi səbəblər ucbatından 5 ay əvvəl bağlanma qərarı verilən və bunun ardından işdən çıxarılan işçiləri tərəfindən işğal edilən Yunan Dövlət Radio və Televiziya Təşkilatının ( ERT ) binası dünən polisin müdaxiləsilə boşaldılıb.
AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, prokurorluğun göstərişi ilə səhərə yaxın əməliyyat təşkil olunub. Çoxlu sayda polis etirazçıları dağıtmaq üçün qazdan istifadə edib.
Aksiyaçılar dağıdıldıqdan sonra polislər binaya daxil ola biliblər. Etiraz edən binadakı işçilər həbs ediliblər. Bina boşaldıldıqdan sonra qapıları zəncir və metal bağlarla bağlanıb. Ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb. Nəzarətə alınan aksiyaçılar Afina Təhlükəsizlik Müdirliyində izahat verdikdən sonra sərbəst buraxılıb.
Hökumətinin mətbuat xidmətinin rəhbəri Simos Kedikoğlu, əməliyyatın qanunun tətbiq olunması və hüququn yenidən bərpası məqsədi ilə keçirildiyini söyləyib. Müxalifətdəki solçu Syriza Partiyası, müdaxilənin "Hökumətin öz-özünə qarşı təşkil etdiyi bir zərbə" olduğunu bildirib.
Elman
AzNews.az