Sabah Ukraynada fövqəladə vəziyyət elan edilə bilər

Sabah Ukraynada fövqəladə vəziyyət elan edilə bilər. Ukrayna prezidenti Viktor Yanukoviç hazırda Kiyevin yaxınlığındakı "Mejqoyre" prezident rezidensiyasında bir sıra dövlət rəsmilərilə görüş keçirir. ANS PRESS-in "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Ukrayna Təhlükəsizlik Şurasının katibi Andrey Klyuyev, daxili işlər naziri Vitali Zaxarçenko, həmçinin bir sıra nazirlik və komitələrin rəhbərləri iştirak edir.

Alınan qeyri-rəsmi məlumatlarda deyilir ki, sabah dekabrın 2-də ölkədə fövqəladə vəziyyət elan edilə bilər. Bu görüşlə yanaşı, Nazirlər Kabinetində də fövqəladə iclas keçirilir.

Bu arada məlum olub ki, nümayişçilərlə milislər arasında baş verən qarşıdurmada yaralanan 15 milis əməkdaşı xəstəxanalara aparılıb. Şahidlərin dediyinə görə, nümayiş iştirakçılarını traktorla Maydandan qovmağa çalışıblar. Prezident administrasiyasının binası qarşısında da qarşıdurma davam edir. Nümayişçilər bina mühafizəçilərinə daş atırlar.

Maydanda çıxış edənlər isə nümayişçiləri sabitliyi qorumağa səsləyirlər. "Azadlıq" partiyasının lideri Oleq Tyaqnibok ölkə əhalisini ümumu tətilə səsləyib. Dəqiq olmayan məlumata görə, Maydanda 500 minə yaxın insan toplaşıb. Nümayişçilər həmçinin, "Avropa" meydanını və Kreşatiki ələ keçiriblər.


AzNews.az