- Köhnə - Dünya
- 15 Oktyabr 2014 13:28
- 2 449
Facebook-un sahibi 25 milyon dollar ianə verdi – Ebolaya görə
“Facebook Inc” sosial şəbəkəsinin banisi Mark Tsukerberq həyat yoldaşı Prissilla ilə birgə Ebola qızdırmasına qarşı mübarizə fonduna 25 milyon dollar ianə edib.
AzNews.az xəbər verir ki, M.Tsukerberq bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
Pullar xəstəliklərə qarşı mübarizə mərkəzlərinin fəaliyyətini əlaqələndirən "CDC Foundation" fonduna veriləcək.
Mark Tsukerberq yazıb: "Bu qrant xəstəliyin yayılması ehtimalını aradan qaldırmaq üçün fondun və Ebola virusu üzrə ekspertlərin imkanlarını tez bir zamanda genişləndirmək vasitəsidir. Ebola qızdırması epidemiyası böhranlı həddə çatıb. Artıq 8400 adam bu virusa yoluxub, lakin o, çox sürətlə yayılır. Proqnozlar göstərir ki, tədbirlər görülməsə, yaxın günlərdə bu virusa bir milyon və daha çox adam yoluxa bilər".
Qeyd edək ki, Ebola virusu qurbanlarının sayı durmadan artır. DST-nin son məlumatlarına görə, onların sayı artıq 4 mindən çoxdur. Hazırda virus Liberiya, Syerra-leone, Qvineya, Nigeriya, Konqo Demokratik Respublikası və Seneqalda yayılıb.