- Köhnə - Dünya
- 17 Oktyabr 2014 13:28
- 3 896
Putin: “Ukraynanın parçalanmasını istəmirəm”
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov İtaliyanın Milan şəhərində Ukrayna və Rusiya liderlərinin görüşünün “Normand formatında", yəni Vladimir Putin, Petro Poroşenko, Angela Merkel və Fransua Ollandın iştirakı ilə davam etdiriləcəyini bildirib.
AzNews.az BBC-yə istinadən xəbər verir ki, Vladimir Putin və Petro Poroşenko arasında İtaliyanın baş naziri Matteo Renzinin Asiya-Avropa forumunun 10-cu sammiti çərçivəsində təşkil etdiyi görüşə Britaniya, Almaniya, Fransa və Avropa İttifaqı liderləri qatılıb.
Britaniya baş nazirinin sözlərinə görə, müzakirələr vaxtı Vladimir Putin "Ukraynanın parçalanmasını" istəmədiyini və "böhranın dondurulması" əleyhinə olduğunu deyib:
"Moskva buna nail olmaq üçün, Minsk razılaşmaları şərtlərini yerini yetirnməlidir".
Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, "Normand formatı"nın təməli İkinci Dünya Müharibəsilə bağlı iyun ayında Fransada keçirilən təntənələrdə qoyulub.
Qeyd edək ki, Ukrayna böhranı ilə bağlı sentyabr ayında imzalanmış atəşkəs razılaşmasına baxmayaraq, tərəflər biri-birlərini onun pozulmasında ittiham edirlər.
Cümə axşamı Vladimir Putin deyib ki, Ukraynanın ixrac kəmərlərindən razılaşdırılmamış şəkildə qaz alması təqdirində Avropaya nəql edilən yanacağın həcmləri ixtisar edilə bilər.
16 oktyabrda Vladimir Putin Almaniya kansleri Angela Merkellə görüşüb. Siyasətçilər Minskdə imzalanmış sülh planının nəzərdə tutduğu bir çox məqamların "hələ ki gerçəkləşdirilməmiş" qalması ilə bağlı təəssüfləndiklərini bildiriblər.
Rusiya mətbuatına əsasən Kremlin nümayəndəsi Dmitri Peskov Almaniya ilə Rusiya liderləri arasında münaqişənin köklərinə dair "ciddi fərqlər"in qaldığını deyib.
Merkel deyib ki, sülh planındakı tələblərin yerinə yetirilməsi öhdəliyi ilk öncə Rusiyanın üzərinə düşür.
Hazırda separatçılar Ukraynanın şərqindəki Donetsk və Luqansk bölgələrinə nəzarət edirlər.
Aprel ayında Krımın ilhaqından sonra başlayan münaqişədə 3500-dən artıq adam öldürülüb.