“Rusiyada seksual kölələr ictimai diqqətdən kənarda qalıb”

“Rusiyada kölə halında olanların sayı 1 milyondur. Bunlar arasında seksual kölələr xüsusi yer tutur”.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Moscow Times" qəzeti yazıb.



Qəzet Avstraliyada qərarlaşan "Walk Free Foundation" təşkilatına istinadla yazır ki, Rusiyada kölə halında olanların sayı 1 milyondur. Bunlar arasında seksual kölələr xüsusi yer tutur.



Ekspertlərin fikrincə, Rusiyada uşaq evində böyüyən yetim qızların 3-də 1-i yetkinlik yaşına çatanda azı bir il seksual köləliyə düşür.



Rusiyada seksual kölə kimi işləyən qadınların əsas hissəsi Ukrayna, Moldova və Baltik ölkələrindən gəlir.

Yeni təmayül isə Rusiyada etnik diasporların öz ölkələrindən qadınları "idxal" etməsidir. Bunlar Vyetnam, Çin, Orta Asiya və Afrika ölkələrindən olanlardır.

Qəzet vurğulayır ki, Moskvada ən populyar seksual xidmət saytında xidmət təklif edən qadınların 2300-ü rusdur, Afrikadan olan qadınlar 236 nəfərlə sayca ikinci olub. 3-cü yerdə 3 Asiya ölkəsindən olanlardır.



Ekspertlərin dediyinə görə, qadın alveri öz gəlirinə görə yalnız narkotik alverindən geri qalır.



Hüquq-mühafizə orqanının zabiti qəzetə deyib ki, seks üçün bir müştəridən 150-250 dollar alırlar. 20 belə işçisi olan bordellər ayda 600 min dollardan 2,5 milyon dollara qədər pul qazanır.

Qəzet yazır ki, hər belə çevrə hər ay yuxarılara- yerli hakimiyyət orqanlarına 300 min dollar rüşvət verir. Həmin zabit əlavə edir ki, bordellər öz büdcəsinin 40 faizini reklama xərcləyir: "Rusiyada isə seksual köləlik qurbanlarını azad etmək istəyən heç bir dövlət orqanı yoxdur".


AzNews.az