ABŞ Avropada Raketdən Müdafiə Sistemləri yerləşdirmək fikrini təxirə saldı ABŞ Avropada Raketdən Müdafiə Sistemləri yerləşdirmək fikrini təxirə saldı

Vaşinqtonla Moskva arasında düyünlər çözülür

ABŞ Avropada Raketdən Müdafiə Sistemləri yerləşdirmək fikrini təxirə saldı



Rəsmi Moskva ilə Vaşinqton arasında buzlar əriməyə başlayır. Tərəflər arasında ən böyük gərginliyə səbəb olan Raketdən Müdafiə Sistemlərinin Avropada yerləşdirilməsi məsələsini Vaşinqton təxirə salıb.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, artıq Ağ Evə Milli Araşdırma Şurasından hesabat da göndərilib. Hesabatda qeyd edilir ki, ən azı bu məsələ prezident seçkilərinin sonuna qədər təxirə salınmalıdır.

ABŞ-da bəzi ekspertlər hesab edirlər ki, Ağ Evin sistemlərlə bağlı kəskin və son qərar verə bilməməsinin əsaslı səbəbləri var. Onların fikrincə, qeyri- effektivlik və iqtisadi cəhətdən sərfəli olmaması əsas amillərdən biridir.

Belə ki, Avropada yerləşdiriləcək sistemlər İrandan gözlənilən təhlükənin qarşısını almaq iqtidarında deyil və eyni zamanda iqtisadi baxımdan sərfəsizdir.

Məsələnin ikinci tərəfi isə Rusiya ilə bağlıdır. Hesab edilir ki, rəsmi Vaşinqton bu addımla Kremlin könlünü almaq istəyir. Burada yəqin ki, "könlünü almaq" deyilərkən Suriya məsələsində dəstək nəzərdə tutulur. O da nəzərdən qaçmamalıdır ki, sistemlərin Avropada yerləşdirilməsini Rusiya milli təhlükəsizliyinə birbaşa təhdid hesab edir. Və elə bu, qərara təsir edən əsas ünsürlərdən biri və bəlkə də birincisidir.

Sadiq Musa
AzNews.az