Nepalda ölənlərin sayı 10 mini keçə bilər - VİDEO

Nepalda baş verən 7,9 gücündə olan zəlzələnin episentrinə yaxın olan bölgələr tamamilə dağılıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı Beynəlxalq Qırmızı Xaç Federasiyasına istinadən yayıb.

Məlumata görə, xilasedicilər sağ qalanların bərbad şəraitdə yaşadığını qeyd edirlər.

Ucqarlarda yaşayan əhalinin müqəddəratı naməlum qaldığı üçün ölənlərin sayının 10 mini keçə biləcəyi deyilir.

Nepalın Daxili İşlər Nazirliyi vurğulayıb ki, əsas xilasetmə işləri Katmandu şəhərinin tarixi məhəllələrində həyata keçiriləcək.

Paytaxt sakinləri zəlzələ ilə hakimiyyətə öz sərt reaksiyasını bildirir. Bu, öz təzahürünü Katmanduda baş tutan bir neçə etiraz aksiyasında tapıb.

Ərazidə çalışan müxbirlər helikopter çatışmazlığı haqda yazıblar.

Nepal hakimiyyəti ölkəyə əlavə helikopter gətiriləcəyi üçün başqa ölkələrə müraciət edib.

Katmandudan şimal-qərbdə yerləşən Sindxupalçok şəhəri demək olar ki, yerlə yeksan olub. Ümumiyyətlə, bu bölgədə 40 min ev çöküb.

Hakimiyyət qarşıdan gələn aylarda kanalizasiya sisteminin bərpası, yolların qaydaya salınması, ölmüş heyvanların yığışdırılması kimi bir çox problemlərlə üzləşəcəyini bildirir.

Bu arada düyü anbarlarının məhvi ilə bağlı ərzaq probleminin yarana biləcəyindən ehtiyat edilir.