“Azərbaycan dünya idman xəritəsində öz layiqli yerini tutacaq”

“İlk Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan dünya idman xəritəsində öz layiqli yerini tutacaq”.



Bu barədə Trend-ə ABŞ-ın Miçiqan Universitetinin professoru Norman Qraham deyib.

O qeyd edib ki, Avropa Oyunları kimi böyük yarışma hər bir ölkənin bir çox sahələrdə inkişafına şərait yaradır:

"Hesab edirəm ki, 6 min idmançının iştirak edəcəyi və bütün dünyada yayımlanacaq bu Oyunlar Azərbaycana böyük faydalar gətirəcək. Dünyada on milyonlarla insan Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, iqtisadi inkişafı barəsində geniş bilik əldə edəcək".

N.Qraham qeyd edib ki, əlbəttə bütün bu amillər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və iqtisadiyyatının, xüsusən də turizm sektorunun inkişafına şərait yaradacaq:

"Bu inkişaf təkcə Oyunları keçirilən müddətdə deyil, daha sonrakı dövürdə də davam edəcək".

N.Qraham əlavə edib ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə Avropada idmanın inkişafına da mühüm töhfə vermiş olur.