600 müsəlman miqrant xilas edildi - İndoneziyada

Banqladeş və Myanmadan olan 600-dən çox miqrantı daşıyan qayıq İndoneziyanın Açeh əyalətinə çatıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, dənizdə tərk edilən miqrantları yerli balıqçı qayıqları xilas edib. Əsasən Myanmanın Rohinca müsəlmanlarından ibarət minlərlə miqrantın dənizdə insan qaçaqçıları tərəfindən tərk edildiyi bildirilir.

Onlardan təxminən 2000 nəfəri bu həftənin əvvəli Açeh sahillərinə gəlib və tibbi yardım və yeməklə təmin edilib. O vaxtdan bəri İndoneziya, Malayziya və Tailand qayıqları geri qaytarırdı.

Rəsmilərin bildirdiyinə görə, cümə günü Açeh sahillərinə çatan miqrantların 210 nəfəri Myanmadan, 395 nəfəri isə Banqladeşdəndir. Tibb işçilərinin BBC-yə bildirdiyinə görə, qayıqda olanlardan səkkiz nəfəri ağır xəstədir.

"Əldə etdiyimiz ilkin məlumata görə, onlar Malayziya dənizçiləri tərəfindən İndoneziya sularına tərəf göndərilib", - deyə miqrantların gəldiyi Lanqsa şəhərinin polis rəisi AFP xəbər agentliyinə bildirib.

O deyib ki, onların gəmisi İndoneziya ərazisinə çatanda batmağa başlayıb, lakin yerli balıqçılar onları sahilə çıxarıblar. Tailandın cənub sahillərində bir həftə boyunca tərk edilən təxminən 300 Rohinca müsəlmanını daşıyan qayıq cümə günü Tailand sularından çıxarılıb.

BBC müxbiri Jonathan Head bildirir ki, göyərtədə olanlar ailələri ilə əlaqə saxlayaraq bildirib ki, gecə vaxtı uniformada olan silahlı şəxslər qayığa daxil olaraq mühərriki təmir edib, onlara yemək verib və qayığı cənuba yönləndiriblər.

Rəsmilər deyir ki, miqrantlar sahilə çıxmaq istəməyib, Malayziyaya doğru yollarına davam etdirmək istəyiblər.

Miqrant dolu qayıq insan qaçaqçıları tərəfindən tərk edilmiş və qayığın mühərriki sıradan çıxarılmışdı. Qadın və uşaqların da daxil olduğu miqrantlar bildirib ki, onların nə yeməyi, nə də suyu olub və 10 nəfər həlak olub.

Şahidlərin sözlərinə görə qayıqdakı insanlar yemək və su üçün yalvarıblar.