Kadırov ABŞ-ı ittiham etdi: “Bu ölkə Tsarnayevdən terrorçu düzəltdi”

“ABŞ Çohar Tsarnayevdən terrorçu düzəldib”.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Çeçenistan rəhbəri Ramzan Kadırov özünün İnstagram səhifəsində bildirib.

O, Çohar və Tamerlan Tsarnayev qardaşlarının Bostonda 2013-cü ildə keçirilən marafonda törədilən partlayış hadisəsinin əsas fiqurları olduğuna inanmadığını deyib:

"ABŞ xüsusi xidmət orqanlarının xəbəri olmadan Tsarnayevlər bu terror aktını törədə bilməzdilər. Əgər törədiblərsə, yenə də buna inanmıram. Çohar Boston faciəsinin törədilməsində iştirakda ittiham olunan ABŞ xüsusi xidmət orqanlarına qurbanlıq kimi lazım idi. Kim təminat verə bilər ki, Tsarnayevi edam edəndən sonra onun günahkar olmadığı məlum olmayacaq. ABŞ-da belə hadisələr tez-tez baş verir. Tsarnayev Amerikaya inanıb bu ölkəyə gələndə cəmi 9 yaşı olub. Amerika isə onu terrorçuya çevirdi".

Qeyd edək ki, ötən cümə günü ABŞ hakimləri 2013-cü il Boston marafonunda partlayış törətməkdə ittiham olunan Çohar Tsarnayevə ölümə hökmü kəsib.

Onun qardaşı Tamerlan Tsarnayev isə partlayışdan bir neçə gün sonra polislə atışmada öldürülüb.