Rusiyadan NATO-ya zərbə: “Əfqanıstana silah buraxılmayacaq”

Rusiyanın baş naziri Dmitri Medvedev Rusiya ərazisi üzərindən Əfqanıstana NATO-nun silah və başqa hərbi yüklərinin tranziti icazəsini ləğv edən fərman imzalayıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, rəsmi hüquqi məlumat portalında dərc edilmiş sənəddə bu qərarın Rusiya üzərindən Əfqanıstana hərbi yüklərin tranzitinə icazə verən BMT Təhlükəsizlik Şurasının 2001-ci il tarixli qətnamənin təsir müddəti başa çatması ilə izah edilir.

Qətnamə bütün dövlətləri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) kömək etməyə çağırırdı. Bununla bağlı 2008-ci ildə Rusiya ISAF hərbçiləri üçün yüklərin öz ərazisi üzərindən tranzitinə icazə verən qərar qəbul edib.

2010-cu ildə prezident vəzifəsində olarkən Dmitri Medvedev NATO-nun Lissabon sammitində iştirak edib. Cənubi Osetiyanı dəstəkləyən Rusiyanın Gürcüstanla 2008-ci il avqust müharibəsi səbəbindən gərginliyə baxmayaraq, alyans onu görüşə dəvət etmişdi.

Medvedev Rusiya ərazisi üzərindən qoşun və yüklərin tranziti eləcə də Əfqanıstan ordusu üçün Rusiya vertolyotlarının tədarükü daxil olmaqla Əfqanıstanda NATO-nun səylərinə əlavə dəstək vəd etmişdi.

Hərbi yüklərin Əfqanıstana və əks istiqamətdə daşınması, o cümlədən, Ulyanovsk kommersiya tranzit məntəqəsi üzərindən güman edilirdi.

Ulyanovsk 2011-ci ildə Pakistan üzərindən nəqliyyat yolları bağlandığı dövrdə təklif edilib. O zaman yardım üçün alyans Rusiyaya müraciət edib. Ulyanovsk vasitəsilə Britaniya kontingenti üçün yüklərin sınama tədarükü icra edilmiş, lakin müqavilə imzalanmamışdı.

Əsas yükdaşıyan şirkət qismində Ukraynada istehsal olunan nəhəng AN-124 nəqliyyat təyyarələrinə məlik olan "Volqa-Dnepr" aviasiya şirkəti seçilməli idi.

Ötən il dekabrda ABŞ və NATO Əfqanıstanda əməliyyatların fəal hissəsini rəsmən başa vurublar. Lakin əsas qoşun bölmələri çıxarıldıqdan sonra hərbi kontingentin bir hissəsinin ölkədə saxlamaq qərarı qəbul olunmuşdu.

Hazırda Əfqanıstanda NATO kontingentinin sayı 13 min təxmin edilir, onun təxminən 10 mini Amerika hərbçiləri təşkil edir.

Bu arada, 2015-ci ilin əvvəlində ölkədə islamçı qruplaşmaların fəallaşması ilə bağlı Əfqanıstan hakimiyyəti Vaşinqtondan qoşunların çıxarılmasını yubatmağa çağırıb. Onların orada daha nə qədər qalacağı məlum deyil, lakin yeni silah və başqa yük tədarük etmək lazım olacaq.