“Qazaxıstanın bəxti gətirib” – Polad Bülbüloğlu

“Qazaxıstanın bəxti gətirib ki, Sovet İttifaqının dağılmasından sonrakı dövrdə ölkəyə Nursultan Nazarbayev kimi lider rəhbərlik edib. Çünki 90-cı illərin əvvəlində Azərbaycanda liderimiz olmayanda biz çətin vəziyyətlə qarşılaşdıq və yalnız 1993-cü ildə Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra həyat öz axarına düşməyə başladı”.


AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev haqqında kitabın təqdimat mərasimində deyib.

Sergey Plexanovun "Dünya liderləri" seriyasından olan "İpək döşənməyən yollar" ("Ne şolkovıy put") kitabının təqdimatı Moskvada RF-nin Xarici İşlər Nazirliyinin "Qəbullar evi"ndə keçirilib.

Kitabda Gennadi Kolbinin Qazaxıstan KP MK-nın birinci katibi təyin olunması ilə bağlı maraqlı məqamın xatırlandığını bildirən P.Bülbüloğlu deyib: "Orada bildirilir ki, həmin vaxt siyasi büronun üzvü Heydər Əliyev bu təyinatın əleyhinə çıxış edib. Görünür ki, o, müxtəlif proseslərin baş verdiyi 80-ci illərdə Qazaxıstanda bu insanın qəbul olunmayacağını nəzərə almışdı. Lakin ona qulaq asmadılar, G.Kolbini Qazaxıstana göndərdilər və məlum hadisələr baş verdi".

N.Nazarbayev şəxsiyyətinin geniş miqyasda nüfuzunu vurğulayan diplomat deyib: "Bizim postsovet məkanında ölkəsi, xalqı üçün üzərinə məsuliyyət götürən liderə malik olmaq çox vacibdir. Qazaxıstanda möhkəm dövlət idarəçiliyini öz üzərinə Nursultan Nazarbayev götürdü. Bizdə bu, gec baş verdi. Bəlkə də buna görə Qazaxıstan digər postsovet respublikalarının qarşılaşdığı bir çox xoşagəlməz hadisələrdən yaxa qurtara bildi".

Səfir Qazaxıstan Prezidentinin türkdilli məkanın inkişafında və bərpasında rolunu xüsusilə vurğulayıb və xatırlayıb ki, N.Nazarbayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un yaradıcılarından olub və onu hər vasitə ilə dəstəkləyib. "O, çeynənmiş pantürkizmi deyil, məhz bu arealda həmişə olan türk mənəviyyatını nəzərdə tutub", – deyə səfir qeyd edib.

Mərasimdə çıxış edən RF-nin daxili işlər naziri Sergey Lavrov qeyd edib ki, Nursultan Nazarbayev Qazaxıstanı çox mürəkkəb dövrlərdən keçirib və bu gün də ölkənin çiçəklənməsi naminə fəaliyyətini davam etdirir. Qazaxıstan lideri xalq arasında çox böyük nüfuza malikdir. "Bunu aprel ayının sonunda keçirilmiş prezident seçkilərinin nəticələri də təsdiq edir", – deyə S.Lavrov bildirib.

Təqdimat mərasimində çıxış edən Qazaxıstanın Rusiyadakı səfiri Marat Tajin, M.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, tanınmış jurnalist Maksim Şevçenko və başqaları Nursultan Nazarbayev haqqında yeni suveren Qazaxıstanın inkişafı ilə sıx bağlı olan dünya miqyaslı siyasətçi kimi danışıblar.