Roma Papası II İohann Pavel Bakıya rəsmi səfərə gəlib – 13 il öncə

Tarixdə bu gün: 22 may


Tarixdə bu gün mayın 22-də 1990-cı ildə Dağlıq Qarabağda Ermənistan SSR parlamentinə seçkilər keçirilməsi cəhdi baş tutmayıb. Bundan bir qədər əvvəl Ermənistan parlamenti Dağlıq Qarabağ üzrə seçki dairələrinin yaradılması barədə qərar vermişdi. Azərbaycan Ali Soveti bu qərarın qeyri-qanuni, SSRİ və Azərbaycan SSR konstitusiyalarına zidd olduğunu bəyan etmişdi.

1813 - Böyük alman bəstəkarı, dramaturq, musiqişünas, filosof Rixard Vaqner (Wilhelm Richard Wagner, 1813-1883) anadan olub. Vaqnerin qatı millətçi ruhlu musiqi əsərləri Almaniyada faşizmin ilham qaynaqlarından olub. Operaları: "Tristan və İzolda", "Nibelunqlar üzüyü" (tetralogiya – "Reyn qızılı", "Valkiriya", "Ziqfrid", "Tanrıların ölümü").

1859 - İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle, 1859-1930) anadan olub. Xəfiyyə Şerlok Holmsun macəralarından bəhs edən əsərlərlə məşhurlaşıb.

1885 - Fransız romantizminin banisi, görkəmli yazıçı Viktor Hüqo (Victor Marie Hugo; 26.2.1802 - 1885) vəfat edib. Əsərləri: "Səfillər", "Gülən adam", "Paris Notr-Dam kilsəsi" (romanlar), "Kromvel", "Ernani", "Mariya Tüdor" (pyeslər) və s.

1891 - Alman şairi, incəsənət nəzəriyyəçisi Yohannes Bexer (Johannes Robert Becher; 1891 - 11.10.1958) anadan olub.

913 - SSRİ Xalq artisti, bəstəkar Nikita Boqoslovski (1913-2004) anadan olub. Populyar mahnıların və kino musiqilərinin müəllifidir.

1918 - SSRİ Xalq artisti, görkəmli rejissor, aktyor, pedaqoq Mehdi Əsədulla oğlu Məmmədov (1918 - 28.1.1984) Şuşada doğulub. Gəncə Dövlət Dram Teatrında (1942-1945), Opera və Balet Teatrında (1956-1960), Akademik Milli Dram Teatrında (1960-1963), Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor olub. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. "Onu bağışlamaq olarmı?" filmində (Qaya Mürşüdov) çəkilib. Dövlət Teatr (İncəsənət) İnstitutunun professoru olub.

1937 - Bəstəkar, Xalq artisti, professor Aqşin Əliqulu oğlu Əlizadə Bakıda anadan olub. "Babək", "Qafqaza səyahət" ,"Ümid valsı" baletləri, "Azərilər" kantatası, simfoniyalar, digər janrlarda əsərlərinin müəllifidir. Fimlərə musiqi yazıb: "Tütək səsi", "Rəqiblər" ("Ömrün səhifələri"), "Gözlə məni", "Ötən ilin son gecəsi", "Sizi dünyalar qədər sevirdim" və s.

1990 - Dağlıq Qarabağda Ermənistan SSR parlamentinə seçkilər keçirilməsi cəhdi baş tutmayıb. Bundan bir qədər əvvəl Ermənistan parlamenti Dağlıq Qarabağ üzrə seçki dairələrinin yaradılması barədə qərar vermişdi. Azərbaycan Ali Soveti bu qərarın qeyri-qanuni, SSRİ və Azərbaycan SSR konstitusiyalarına zidd olduğunu bəyan etmişdi.

1995 - Azərbaycanla Laos Demokratik Respublikası (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 2-də tanıyıb) arasında diplomatik əlaqələr qurulub.

2002 - Vatikan dövlətinin başçısı, Roma Papası İkinci İohann Pavel Azərbaycan prezidenti Heydər Əliyevin dəvətilə Bakıya rəsmi səfərə gəlib. Bu, dunya katolikləri liderinin tarixdə Azərbaycana ilk gəlişi, müsəlman ölkələrinə etdiyi azsaylı səfərlərdən biri idi. Səfər beynəlxalq aləmdə böyük rezonans doğurmuşdu. Papa Bakıdakı katolik kilsəsində ibadət etmiş, Azərbaycandakı dini konfessiyaların rəhbərlərilə görüşmüş, respublikamızda dini tolerantlığın yüksək səviyyədə təmin olunmasını təqdirlə qeyd etmişdi.