Aslan İsmayılov nazirdən və prezidentin köməkçisindən pul istəyir - ŞANTAJIN PƏRDƏARXASI

Keçmiş vəkilin dövlət rəsmilərinə qarşı qəzəb püskürməsinin səbəbi ermənilərin tərəf olduğu məhkəmə işindən qazana bilmədiyi böyük pullar və Xəzər sahilində zəbt etdiyi torpağın əlindən alınmasıdır

Bəzi dostlar tez-tez soruşurlar ki, sən bilərsən, Allahverdinin (yəni, Aslan İsmayılov kod adlı şəxsin) Ədliyyə naziri Fikrət Məmmədova və Azərbaycan prezidentinin köməkçisi Əli Həsənova püskürdüyü qəzəbin səbəbi nədir? Nədən, hər öynədən qabaq və sonra o, sosial şəbəkələrdə bu iki dövlət yetkilisinə qarşı "qara PR" aparır, ağzı köpüklənə-köpüklənə cır səsi ilə hədyanlar yağdırır?

Yazıram ki, hər kəs bilsin, üstəlik, həmin problemi çözmək üçün bir təşəbbüs də irəli sürəcəm.

Azərbaycana imperiya nökəri olaraq qayıdan, “Sumqayıt hadisələri” üzrə məhkəmə prosesində imperiyanın ittihamçısı kimi çıxış edən və soydaşlarımıza ən ağır cəzalar tələb edərək həmin iş üzrə erməniləri müdafiə edən Aslan İsmayılov kod adlı şəxs uğursuz hüquqşünasdır.

Vaxtilə Azərbaycan prokurorluğunda işləyən zaman Elçibəy hakimiyyətinin iki vəzifəli şəxsinə- İxtiyar Şirinə və Çingiz Qənizadəyə qarşı kampaniya aparıb, onların yerinə göz dikib. Lakin həmin intriqanı uduzduğundan prorkurorluq orqanlarından uzaqlaşmaq məcburiyyətində qalıb. İxtiyar Şirin və Çingiz Qənizadə Elçibəy hakimiyyəti daxilindəki "Yurd" qruplaşmasının da hədəfində olduğundan, Aslan İsmayılov kod adlı şəxs Prezident Aparatının Fazil Mustafanın müdir olduğu hüquq şöbəsində 27 may 1993-cü ildə işə götürülüb. Bir neçə gün sonra baş vermiş qiyamdan sonra Elçibəy hakimiyyəti iflasa uğrayıb. Həmin ərəfədə “Yurd”un sədri, dövlət katibi Əli Kərimov, PA-nın hüquq şöbəsinin müdiri Fazil Mustafa hakimiyyətdən getsə də, Aslan İsmayılov iqtidardakı yoldaşlarını satıb, bütün siyasi və etiket qaydalarını pozaraq vəzifəsində qalıb, vəzifəsində qalmaq üçün mərhum Heydər Əliyevə, parlamentə və xalqa Milli Məclisin tribunasından ağ yalan danışmaqdan belə çəkinməyib.

Lakin bir müddət sonra Heydər Əliyevə məlumat daxil olub ki, Aslan İsmayılov xarici qüvvələrdən birinin sifarişi ilə mətbuat konfransı keçirməyə, prezident olaraq onun əleyhinə açıqlamalar verməyə hazırlaşır, bunun üçün hətta yer də müəyyən edilib. Bu səbəbdən Aslan İsmayılov məmur vəsiqəsi əlindən alınaraq 10 dəqiqə ərzində PA-dan biabırçı vəziyyətdə qovulub. Bundan sonra o, ziyafətlərdə "qapısının itiyəm" dediyi İlyas İsmayılovun "Ədalət" partiyasında fəaliyyətə başlayıb, həmin partiya ilə birlikdə ADP-yə qoşulub. Günlərin birində isə, rəhmətlik Etimad İsmayılovun təbiri ilə desək, İlyas İsmayılovu "kaşelyok"a satıb.

İndi Aslan İsmayılov kod adlı şəxsin Fikrət Məmmədova və Əli Həsənova ittihamları da "kaşelyok" məsələsidir, buna heç şübhəniz olmasın. O, əslində, heç zaman vəkil olmayıb, ədliyyə sistemində dəllallıq, vasitəçilik edib. Hakimləri şantaj etdiyi üçün Vəkillər Kollegiyasından xaric edilib, Fikrət Məmmədova qarşı qəzəbinin birinci səbəbi budur. İkinci səbəb isə ermənilərlə bağlıdır. Bildiyiniz kimi, Aslan İsmayılov kod adlı şəxs, sahibləri Türkiyə erməniləri olan "Emre Piliç" şirkətinin Bakıdakı məhkəmə işlərini yürüdürdü. Damazlıq yumurta satışı ilə məşğul həmin şirkətin "Siyəzən broyler"lə pul mübahisəsi vardı. Sahiblərinin erməni olması üzə çıxandan sonra, "Siyəzən broyler" və biznesdə iştirak edən digər azərbaycanlı iş adamları "Emre Piliç"lə ticarəti dayandırmışdılar və bundan sonra alacaq-verəcək məsələləri üzə çıxmışdı, iş məhkəməyə düşmüşdü. "Siyəzən broyler"i işlədənlər Fikrət Məmmədova yaxın adamlardırlar, ona görə də Aslan İsmayılov kod adlı şəxs yarıtmadığı məhkəmə işlərində itirdiyi pulları- söhbət bir neçə yüz min manatı əhatə edən qonorardan gedir- indi şantajla Ədliyyə nazirindən almaq istəyir.

Onun prezidentin köməkçisi Əli Həsənovla davasının da iki səbəbi var. Birincisi, torpaq davasıdır. Aslan İsmayılov kod adlı şəxs vaxtilə Bakının Bibiheybət qəsəbəsində, Xəzər dənizinin sahilinə yaxın turistik bir yerdə Həmkarlar İttifaqları Konfederasiyasına məxsus torpaq zəbt etmişdi. Bunun üçün yerli bələdiyyəyə, çox güman, rüşvət də verib, lakin torpağı öz adına sənədləşdirə bilməyib. Zəbt olunmuş torpaqları qaytarmaq üçün HİK məhkəməyə müraciət edib və iddia təmin olunub. Nəticədə zəbt etdiyi, qamarladığı torpaq Aslan İsmayılovun əlindən çıxıb. Bu olaydan sonra HİK sədri Səttar Mehbalıyevi "vurmaq" açıq-aşkar qərəzli görsənəcəyindən, keçmiş vəkil yenə şantaj yolunu tutur, Səttar müəllimlə qohumluq münasibətləri olan Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu hədəfə alır ki, əlindən çıxmış qanunsuz torpağın yerinə ona “yeni pay” verilsin.

Onun Əli Həsənova qəzəb və qərəzinin ikinci səbəbi KİV-dən təcrid edilməsidir. Aslan İsmayılov kod adlı şəxs uzun müddət mətbuatdan məhkəmələrə təzyiq göstərmək üçün istifadə edib, hazırda media rəhbərləri ona bu imkanı yaratmadıqları üçün prezidentin köməkçisini şantaj edir.

Beləliklə, Aslan İsmayılov kod adlı şəxs Fikrət Məmmədovdan və Əli Həsənovdan pul istəyir. Sadəcə, yolunu, çəmini düz müyyən edə bilməyib. Elə bilir ki, şantajla onlardan da pul ala bilər.

Fikrət müəllimi şəxsən tanımıram, xarakterinə bələd deyiləm. Ancaq Əli müəllim insaflı, xeyirxah adamdır, məncə, bütün bu olaylardan sonra da razı olmaz ki, Aslan İsmayılov kod adlı şəxs monitorun qabağında hirsindən-hikkəsindən insult keçirib ölsün. Ona görə də, yaxşı olar ki, o, rəsmi, ya qeyri-rəsmi qaydada müraciət etsin, Əli Həsənovun qəbuluna düşsün, yüngülvari üzrxahlıq edib, yüngülvari ənamını alıb sakitləşsin.

Doğrusu, mən Allahverdinin yox, öz dərdimi çəkirəm, çünki bir-iki fakt da açıqlasam, əli klaviaturaya uzanılı halda keçinəcək, qanı qalacaq boynumda... Bu qana bais olmamaq üçün ayrı vaxt "vəzifə gənclərə verilməlidir" deyə hay-həşir saldığı halda, dünən "məni işsiz qoymusunuz" deyə kükrəyən Allahverdiyə bir iş təklifim də var. Gücüm, imkanım öz saytımızda onu münasib bir işə cəlb etməyə çatır. Bizim redaksiya olaraq sosial media menecerinə ehtiyacımız var, xəbərlərimizi admin olduğu səhifələrdə paylaşan Emil Məmmədov bəzən incidir bizi. Odur ki, Emilə verdiyimiz pul qədər Aslana da qonorar verərik, amma üz vurmasın, bircə qəpik də artıq olmaz! Üstəlik, bunu gərək Emil də bilməyə, çünki onun səhifələri və səhifələrinin izləyiciləri Aslan İsmayılov kod adlı şəxsin İran trollarının ümidinə qalmış hesabında olduğundan daha çoxdur.

Uzun sözün qısası, Allahverdiciyim, "kaşelyok"unu da götür, gəl bəri. Qorxma,- bu da debata çıxmaq deyil ki, üyüdəsən- biz üstümüzə gələni boş qaytarmırıq, necə gəlməsindən asılı olaraq, həmişə əlinə bir şey verib göndəririk. Sənin də əlini boş qoymarıq!

Taleh ŞAHSUVARLI,
AzNews.az