Tolik və julik...

Aslan İsmayılov kod adlı şəxs nə istəyir Azərbaycandan, dövlətdən, xalqdan?

Bəlkə də sizə qəribə gələcək, sözlərimə inanmayacaqsınız, ancaq mən Toliki heç tanımıram. Fotosu təsadüfən və təqdimatsız formada rastıma çıxsa, yaxud küçədə qarşılaşsaq, kim olduğunu heç bilmərəm. Düzdür, haqqında müəyyən söhbətlər eşitmişəm, peşəkarlığına güvəndiyim telejurnalistlər söz düşəndə əyləncə tipli proqramların aparıcısı kimi onun haqqında yaxşı danışıblar. Ancaq heç bir dəfə də olsun, hətta maraq xatirinə belə, proqramını izləməmişəm. Təkcə onun layihəsinə deyil, ümumiyyətlə, şou verilişlərə marağım azdır, vaxt olanda televiziyada, əsasən, analitik proqramları, siyasi müzakirələrı, gündəmin ana trendlərini əhatə edən mövzularla bağlı müsahibələri seyr edirəm.

Bunları yazmaqda və yada salmaqda məqsədim telekritikiya baş vurmaq deyil. Sadəcə, doğrudan da anlamıram, ictimai-siyasi məzmunu olan qos-qoca insanlara mövzu qəhətdirmi ki, az qala həftədə bir dəfə Tolikdən danışmasalar, onun adını çəkməsələr, qarasına deyinməsələr ürəkləri buz olmur?!. Əslində, bütün bunlar bir növ Tolikin uğurudur. Ona görə uğurudur ki, bir veriliş aparıcısı kimi adından söz etdirməyi bacarırsa, gerisi onun üçün təfərrüatdır.

Ancaq Tolikdən fərqli olaraq, Aslan İsmayılov kod adlı şəxsin- dəfələrlə seçkilərə qatılan, 2013-cü ildəki səsvermədə müxalif namizəd Cəmil Həsənliyə səs dilənən, bütün savadsızlığına və intellektual dayazlığına rəğmən, canlı yayıma çıxanda “yüksək materiya”dan danışan siyasi tanınmış persona-non-qratanın “təki gündəmdən düşməyim” motivi ilə hərəkət etməsi, yumşaq desək, qeyri-ciddilik, yumşaq deməsək, düşüklük və bambılılıq göstəricisidir.

Əsl adı “Allahverdi”, soyadı isə müəmmalı olan Aslan İsmayılov haqqında üç ilə yaxındır ki, yazıram. Bir dəfə məni məhkəmə ilə hədələyib, amma təhdidinin, şantajının keçmədiyini başa düşəndən sonra ara-sıra haqqımda aşağılayacı tonda danışmaqdan savayı cəsarəti nəyəsə çatmayıb. Bəli, cəsarəti çatmayıb onun haqqında səsləndirdiyim iddiaları ədəb-ərkanla təkzib etsin, yalan, tamah, riyakarlıq, xalqa və dövlətə xəyanət faktları ilə dolu saxta bioqrafiyasını müdafiə etsin! Dəfələrlə açıq müzakirəyə çağırsam da, qorxusundan, öz keçmişinə güvənsizliyindən və xislətini hər kəsdən daha yaxşı tanıyaraq xirtdəyinəcən zibilin, çirkabın içində olduğunu bildiyindən xəlvət dərələrə qaçıb, bəy olub şeşələnib, küllüklərdə eşələnib.

Hər dəfə onun haqqında nə isə yazandan, deyəndən sonra şəxsimə, imzama sayğı ilə yanaşan, səmimiyyətinə şübhə etmədiyim xeyli dostum və həmkarım məni qınayır, onun cildində şələ quyruğunu xarici kəşfiyyatlara bağlı trollar bit kimi basmış dərə bəylərindən, küllük məxluqlarından uzaq durmağımı tövsiyyə edirlər, ciddi adamlar və olaylar haqqında fikir yürütməyimi daha məqbul sayırlar. Çox tərəfdən haqlıdırlar, həm də o tərəfdən haqlıdırlar ki, onu müdafiə edən bircə nəfər də olsun ciddi ictimai-siyasi fiqur yoxdur bu ölkədə. Bir hüquqşünas, bir ziyalı, bir siyasətçi, bir QHT lideri göstərin ki, Aslan İsmayılov kod adlı şəxsi bütün səmimiyyəti ilə dəstəkləsin, onun əqidəsinə şərik olsun, addımlarını, davranışlarını təqdir etsin! 60 ili aşan ömründə özünə bircə nəfər də olsun samballı həmfikir tapa bilmədiyindən çarəni əxlaq, savad, təcrübə və dövlətə bağlılıq baxımdan müsbət keyfiyyətləri ilə önə çıxan adamlara söz atmaqda, iri çaplı məmurlardan danışmaqda, siyasi partiyaların rəhbərliyində təmsil olunan şəxslərlə dalaşmaqda görür.

Ona görə də bəzən elə rəy yaranır ki, ondan danışılmasa, haqqında yazılmasa, susacaq, kiriyəcək, dilini dinməz yerinə qoyacaq. Təəssüflər olsun ki, elə deyil, o, daima nifaqdan qidalandığı üçün havadan-sudan bəhanələrlə qaralamağa həmişə kimisə tapacaq! Həmin dostlarıma da demişəm, bu gün eyni rəydə olan oxucularıma da deyirəm: xanımlar və cənablar, mən o juliki, bəli, məhz o juliki yetərincə yaxşı tanıdığımdan Azərbaycan üçün, dövlətimizin mənafeləri, millətimizin maraqları baxımından necə təhlükəli bir avantürist olduğunu dərindən fərq etdiyimdən ipini buraxmıram.

Bəlkə kimlərsə media etikası prizmasından yuxarıda yazdıqlarımı kəskin, lap elə təhqiramiz ifadələr sanacaq. Qoy, olsun! Hər halda ögey ata qapazı ilə böyüdüyü deyilən Allahverdinin uşaqlıqda aldığı travmaların qəzəbə dönüb söyüş, təhqir, hədyan kimi səslənməsi qarşısında yazdıqlarım və yazacaqlarım son dərəcə nəzakətli və etikdir.

Bəli, Aslan İsmayılov kod adlı şəxs mənim və müşahidə etdiyim qədər, siyasi elitanın bütün cinahlarının nəzərində julikdir.

Əgər bir adam xalq hərəkatının ən qızğın çağlarında, tay-tuşları təhsillərini, karyeralarını, həyatlarını riskə atıb müstəqillik uğrunda mübarizə aparanda- 1989-cu ildə Azərbaycana imperiya nökəri kimi göndərilibsə, öz nökərliyini imperiyaya “Sumqayıt hadisələri” ilə bağlı məhkəmə prosesində soydaşlarımıza ölüm hökmü də daxil olmaqla, ən ağır cəzalar istəyərək isbatlayıbsa, illər sonra həmin olaylarla bağlı yazdığı kitaba dövlət ittihamçısı kimi hazırladığı aktı salmayıbsa, onun adı julikdir! Düz demirəmsə, yalanım varsa, şər atıramsa, çıxartsın o aktı ortaya!

Əgər bir adam 1993-cü ilin avqustunda- Elçibəy hakimiyyətinin iflasa uğradığı, torpaqlarımızın işğal olunduğu, Surət Hüseynovun, Əlikram Hümbətovun müstəqilliyimizin qəsdinə durduğu ərəfədə Milli Məclisin tribunasından xalqa, parlamentə, Heydər Əliyev kimi nəhəng tarixi şəxsiyyətə yalan danışmağa cəhd göstərirsə, ona “julik” demək azdır, çox azdır! Razılaşmırsa, xalqa, parlamentə, Heydər Əliyevə həqiqəti söylədiyini iddia edirsə, buyursun, 1983-cü ildə Kuban Universitetini bitirdiyi, 1989-cu ilin aprelindən isə Azərbaycan SSRİ-nin prokurorluğunda çalışdığı halda, Rusiyanın Stavropol diyarında fəaliyyət göstərən məhkəmə orqanlarında necə 8 (səkkiz) il çalışdığını söyləsin.

Bir adam Bakının Şıxov səmtində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus kurort torpaqlarını zəbt edəndən, bununla bağlı məhkəməyə düşəndən, qanunsuz yollarla əldə etdiyi ərazilər əlindən çıxandan sonra “Xəzərin sahillərini qamarlamayın, hasarlamayın” deyə gözlərə kül üfürürsə, özü dənizin lap yaxınlığında villa tikdirdiyi, hətta üç-beş sot torpaq üçün bir Qarabağ qazisinin qanına bais olduğu halda, başqalarına əxlaq, mənəviyyat dərsi keçirsə, o kəs adi julik deyil, julikin lap yekəsidir!

Məgər, övladı Azərbaycan dövlətinin ən ali qurumlarından birində- Konstitusiya Məhkəməsində çalışdığı halda, ayda bir dəfə internetdə “hakimiyyət məni cəzalandırmaq, öldürmək istəyir” deyə hay salmaq juliklik deyil?

Məgər, iki oğlu “hərbi xidmət”ini MTN-nin sabiq nazir müavini Hilal Əsədovun yanında “piser”lik edərək başa vurduğu halda (bu barədə iddialara da bu günəcən cavab verməyib) “ön cəbhəyə kasıb-kusubun balasını göndərirlər” deyə sosial şəbəkədə ”layk” toplamaq juliklik deyil?

Məgər, Türkiyə vətəndaşı olan ermənilərdən etibarnamə almaq, sonra isə “Emre Piliç”in sahibləri arasında ermənilər olduğunu bilmirdim” deyə cəmiyyətə ağ yalan danışmaq, Azərbaycanın şərəfli iş adamlarına çamur atmaq juliklik deyil?

Bəs, bu julik nə istəyir Azərbaycandan, dövlətdən, xalqdan?

Bu istəyi obrazlı şəkildə, belə ifadə etmək olar: suyu bulandırmaq, bulanıq suda balıq tutmaq- öz sərvətini, cah-cəlalını, varidatını artırmaq...

Bu niyyəti daha bir dəfə onun son statuslarından da aydın görmək olar. Adam,- əslində ona adam demək çətin məsələdir, amma eybi yox, bu çətinliyi çəkək,- Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənova rəsmən ona görə “üsyan” edir ki, biz aranı əməlli-başlı qatmışdıq, ictimai rəydə gərginlik yaratmağa müvəffəq olmuşduq, Azərbaycan hakimiyyətini total ictimai qınağa tuş gətirmək üçün fürsət yaxalamışdıq, siz niyə bunun qarşısını aldınız, bizə imkan vermədiniz ki, prezidentə qarşı hücuma keçək?

Bəli, Azərbaycan prezidentinin, onun komandasının və bütün tərəfdarlarının bir amalı var- ölkəmizdəki problemləri maksimum çözmək, vətəndaşların azadlıqlarını qorumaq, təhlükəsizliklərini gücləndirmək, rifahını yaxşılaşdırmaq! Bu isə Allahverdini narahat edir ona görə ki, dinc, pozitiv, ağıla, məntiqə, fikir istehsalına önəm verilən ictimai zəmində onun kimi şətəllərin GMO-lu şitilləri böyümür.

Taleh Şahsuvarlı,

AzNews.az