Allahverdini hər kəs satın alıb, Əli Həsənovdan başqa...

Əli Həsənov özünü bazara çıxaranlara deyil, prezidentə sədaqətinə əmin olduğu adamlara əl uzadır...

Aranızda "Tarix-i-Allahverdi"ni oxuyan olubmu?

Əziz dostlar, mən standart orta məktəbdə təhsil almamışam, Bakı Dövlət Universitetinin tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində açılmış Respublika Tarix Liseyindən, həm də ekstern yolla (yəni 11- ci sinifi oxumadan, 11-ci sinif proqramının imtahanlarını bir il öncə verməklə) məzun olmuşam. Liseydə üç xarici dil (rus, fars, ingilis) və orta məktəb proqramına daxil olmayan fənnlər (arxeologiya, etnoqrafiya, mədəniyyət tarixi, Yaxın və orta şərq ölkələri tarixi və s.) keçmişəm. Bu fənnləri bizə görkəmli tarixçilərimiz- Məmmədəli Hüseynov, Həvil Həvilov, Gülxanım Qarayeva, Nəcəf Müseyibov və digərləri tədris edib. Kərim Şükürov və Kərəm Məmmədov əsas müəllimlərim olublar.

Bunu deməkdə qəsdim odur ki, hələ erkən yaşlarımızdan bizə qaynaqlarla işləməyi öyrədiblər. Ona görə də dəqiq bilirəm ki, istənilən mətndə müəllifin nəyi necə təqdim etməsindən, hansı şəkildə malalamasından asılı olmayaraq araşdırmaçıya verdiyi ipucları olur, əgər həmin araşdırmaçı dövrün digər hadisələri və başqa qaynaqlarla analitik bağlar qura bilərsə, ən sarsaq mətndən belə həqiqətlərin üzə çıxması üçün faydalana bilər. Bunun ən gözəl örnəklərindən biri "Tarix-i Nadir"dir. O kitabda o qədər qəliz dil, pafos, ibarə istifadə edilib ki, məsələn, "Nadir qılıncını siyirdi" kimi bir cümlənin ifadə etdiyi mənanı qavramaq üçün onlarla səhifə, Quran, islam tarixi, klassik ədəbiyyat və s. oxumaq lazımdır günlərlə.

Gəlirəm mətləbə. Aslan İsmayılov kod adlı şəxs, yəni bildiyiniz Allahverdi Azərbaycan prezidenti İlham Əliyevin jurnalistlərə mükafat olaraq verdiyi evləri BİR GÜN əlimizdən almaqla hədələyib. Onun bu iştahını ancaq xalq deyimlərimizdəki Alı bəyin qonaqpərvərliyi doyura bilər, o başqa məsələ. Ancaq gəlin görək, o "bir gün" hansı gündür, Allahverdi nədən o günə hazırlaşır? Öncə işarə etdiyim ipucu məhz budur.

Məsələnin mülkiyyət hüququ və digər tərəflərini qoyaq bir qırağa. Nə qədər ki, İlham Əliyev hakimiyyətdədir, İlham Əliyevdən sonra isə onun dəstəklədiyi fiqur prezident olacaq, Allahverdinin nəzərdə tutduğu gün gəlməyəcək. Deməli, dostumuz Samir demiş, onun "cırıq qluşitel" səsi ilə hay saldığı "gün" İlham Əliyev və onun siyasi varisinin hakimiyyət illərinə daxil deyil. Məntiqlə Aslan İsmaylov kod adlı şəxs hesab edir ki, hakimiyyətə başqa bir qüvvə gəlməlidir və gələcək, o da öz arzusunu reallaşdıracaq.

Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan qüvvələr məlum. Allahverdi o qüvvələrdən biri olan İsa Qəmbəri və Müsavat partiyasını nəzərdə tutmur. Bu, birmənalıdır. İlqar Məmmədova tez-tez fırça atır, deməli, gözlədiyi "qiyamət günü"nün sahibi o da deyil. Etibar Məmmədovla bineyi-qədimdən arası yoxdur, zatən, Etibar Məmmədov da heç aktiv siyasətdə deyil, bir gün fəal siyasətə qayıtsa belə, ilk ağzını cıracağı adamlardan biri elə Allahverdidir. Onun hikkəsi İqbal Ağazadə, Mirmahmud Mirəlioğlu, Sərdar Cəlaloğlu kimi siyasətçilərə ümid etməsinə izn verməz. Bəs, o gün iqtidar sahibi kim olacaq ki, Allahverdi bizim mülkiyyətimizə əl qoymaq həvəsinə düşəcək?

İlk versiya budur ki, bu julik özü prezident olmaq istəyir və ola bilər sovet KQB-sindən qalma kuratorları arada onu bu işə həvəsləndirirlər də! Ancaq azacıq ağlı olan hər kəs bilir ki, Allahverdinin bu ölkədə prezident olmaq şansı bayraqdar Elmanın köməkçisinin hakimiyyətə gəlmək ehtimalından da azdır.

İkinci versiya budur ki, Allahverdi hansısa proyektin içindədir, hazırda onun sözçülüyünü edir dolayı yolla. Gəlin baxaq.

İlk növbədə bu günlərdə AXCP sədri Əli Kərimlinin verdiyi bir açıqlamanı yadınıza salın. Əli Kərimli açıq eyham vurdu ki, prezident İlham Əliyevin qanuni səlahiyyət müddətini başa vurmasını gözləməyə etiyac yoxdur. Sadə dildə bu o deməkdir ki, Əli Kərimli İlham Əliyevi çevrilişlə hakimiyyətdən uzaqlaşdırmaqdan danışır.

İndi isə Fərman Dəmirqolun son müsahibəsinə nəzər salın. Görəcəksiniz ki, Azərbaycanda çevriliş hazırlamaq üçün ən müxtəlif qüvvələr, ən ziddiyyətli tərəflər bir araya gətirilir, proses bölgəmizdə marağı olan bütün xarici kəşfiyyat orqanlarının nəzarəti altında gedir. CİA, MİT, MOSSAD, İran və Rusiya kəşfiyyatları öz oyunçularını irəli atır. Rəsul Quliyev, Əli Kərimli, Əli İnsanov, Qubad İbadoğlu, Mübariz Mənsimov, Qurban Məmmədov, Aslan İsmayılov, Leyla Yunus, Sevinc Mirzəyeva və Mehman Əliyev... Bu adamların fəaliyyətini diqqətlə izləyəndə arxa planda Rəsul Quliyevin üslubu və təsirləri açıq görünür və pul kisəsi xışıldayır! O xışıltı müxtəlif "siyasi manıs"ların ifasında "bir payız axşamı" şərqilərinə dönür.

Fəqət bu adamların bütün cəhdləri iflasa uğrayır və uğramağa məhkumdur ona görə ki, İlham Əliyevin siyasi dühasının yüz mində biri onların cəmində yoxdur. İlham Əliyev Azərbaycan dövlətinə, hakimiyyətinə və istənilən prosesə tam şəkildə nəzarət edir və xalq tərəfindən böyük ölçüdə dəstəklənir. İlham Əliyevlə cəmiyyətin kommunikasiyasını kəsmək yollarından biri də prezidentin köməkçisi Əli Həsənova hücumlar təşkil etmək, onun diqqətini əsl görəvindən yayındırmaqdır. Əlbəttə, təcrübəli dövlət məmuru olan və Heydər Əliyev siyasi cizgisinə öz şüurlu bağlılığı ilə seçilən, İlham Əliyevə yüksək sədaqəti ilə vəzifəsinin öhdəsindən olduqca uğurla gələn Əli Həsənovu bu cür primitiv kombinasiyalarla hədəfə almaq nəticə verəsi deyil. Ancaq görəndə ki, Əli Həsənova təsir və təzyiq göstərə bilmirlər, onun prezidentin müdafiəsinə cəlb etdiyi ictimai rəy yaradıcıları ilə polemikalarda böyük hesabla uduzurlar, əlacları bu cür provakativ bəyanatlar verməyə, süni qalmaqallar salmağa qalır.

P.S: Tələbəlik illərimdə Stefan Sveyqin Josef Fuşeye həsr etdiyi kitabı oxumuşdum. Bir cümləsi təxminən belə idi: "Fuşe bircə ingilislərə satılmadı, ona görə yox ki, satılmaq istəmədi, sadəcə ingilislər onu heç zaman almaq istəmədilər". Allahverdini Fuşe ilə müqayisə etmək fikrim yoxdur, Josef onun kimi səy, zəvzək deyildi. Sadəcə Allahverdi bu ölkədə və bu ölkədən xaricdə hər kəsə satılıb, bircə Əli Həsənovdan başqa. Səbəb isə budur ki, Əli Həsənov özünü bazara çıxaranlara deyil, prezidentə sədaqətinə əmin olduğu adamlara əl uzadır...

Taleh Şahsuvarlı