Fətullah adlı tülkünün quyruq qılı barədə - Taleh Şahsuvarlının məqaləsi

Fərari və FETÖ-çü Bəxtiyar Hacıyevin əsl yeri haradır?

Azərbaycan ictimai rəyinə infeksiya kimi, virus kimi yoluxdurulmuş Bəxtiyar Hacıyevin Fransanın paytaxtı Paris şəhərində Nikol Paşinyana sual ünvanlamasına ilk reaksiyam o oldu ki, Fətullah Gülənin terror örgütü Azərbaycanda revanş götürür.

Xeyli müddətdir ki, bu revanşın ən müxtəlif simptomları bəzən açıq, bəzən dolayı, bəzən də məxfi, ancaq ipuclarını tam gizləyə bilmədikləri bir şəkildə üzə çıxmaqda, müşahidə olunmaqdadır.

Fətullah Güləni "xəstə dünyanın təbibi" adlandıran Qulu Məhərrəmli öz aləmində "Azərbaycan mediasını müalicə etmək üçün" Pensilvaniyada hoca əfəndisindən aldığı kəramətlə az qala hər həftə üfləyib-püfləmə seansları keçirməyə başlayandan, necə deyərlər, dalağım sancmışdı. Çünki 15 iyul 2016-ci ildə Türkiyədə dövlət çevrilişi etmək üçün göstərdikləri cəhddən sonra Fətullah Gülənin başçılıq etdiyi sektanın xüsusiyyətləri ətraflı təhlil və müzakirə olunmuş, bu yöndə çox sayda elmi araşdırma yayımlanmış, mən də mümkün qədər mövzudan hali olmağa çalışmışdım.

FETÖ-nün Türkiyədə nə hoqqalar çıxardığını xatırlatmağa ehtiyac yoxdur. Ancaq bütün rasional insanlar təsdiq edə bilərlər ki, o çətə qardaş ölkədən daha çox Azərbaycan üçün təhlükə törədir. Eyni zamanda, FETÖ-nün Türkiyədə bundan sonra meydan sulaması yaxın on illiklərdə mümkün olmayacağından, o xain və murdar sekta "yeni həyat" arzusunu Azərbaycanda reallaşdırmağa çalışacaq.

Hazırda bəhs etdiyim revanş prosesinin çox yönü, çox şaxəsi, çox əlaməti var. İnformasiya ilə lazımınca işləməyi bacaranlar elə FETÖ-nün hər zaman nəzarətdə saxlamağa çalışdığı media sektorunda bu tendensiyanı çox açıq və aydın müşahidə edə bilərlər. Lakin indi bu barədə danışmayacaq, diqqətinizi iki məsələyə yönəldəcəm:

Fətullah Gülənin Azərbaycan hakimiyyətinin içindəki ən açıq müridi olmuş, mediada zaman-zaman "imam" adlandırılmış Elnur Aslanov bu günlərdə müəllif yazısı ilə çıxış edir, "mən də varam, siyasi iddialarımdan əl çəkməmişəm" anlamına gələn mesajlar verirsə, bunu Fətullah Gülən şəbəkəsinin yenidən boy göstərməsi kimi yozmamaq mümkün deyil.

Əgər Fətullah Gülən şəbəkəsinin əsas təbliğat və maliyyə rıçaqlarından biri olmuş "Samanyolu"kanalının Bakı bürosuna rəhbərlik etmiş Hüseyn Dinləməzin tam qanuni və dürüst bir şəkildə Azərbaycandan çıxarılması, həmin kanalın milliləşdirilməsi məqsədli və qərəzli bir şəkildə gündəmə gətirilirsə, bir andaca yazılar dərc olunur, videolar hazırlanır, Aslan İsmayılov kod adlı Allehverdinin səhifəsindən paylaşılırsa, bu, ölkəmizi yenidən ideoloji-siyasi basqılara məruz qoymaq cəhdinin açıq təzahürü deyil, bəs nədir?

Fətullah Gülən şəbəkəsinin təbliğat sisteminin əsas tezislərindən biri "biz ölkəmizi xaricdə uğurla təmsil edirik" mesajı olub. Uzun illər Türkiyə cəmiyyətinə və dövlətinə kələk gəlmək üçün bu tezisin arxasında gizləniblər, bu görüntünü yaratmaq üçün ən müxtəlif üsul və vasitələrdən istifadə ediblər. Elə Bəxtiyar Hacıyev də Fransada Nikol Paşinyanın qarşısına məhz bu məqsədlə çıxarılmış, tamaşa "Bəxtiyar Hacıyev Ermənistanın baş nazirini susdurdu" dezinformasiyasını Azərbaycan cəmiyyətinə sırımaq üçün təşkil edilmişdi. Hərçənd Nikol Paşinyan FETÖ müridinin ona diletant bir şəkildə ünvanladığı sual müqabilində nə susdu, nə də başını aşağı salıb xəcalət çəkdi, əksinə, situasiyadan özünün və ölkəsinin lehinə maksimum yararlandı. Bunu siz də mənim kimi həmin tədbirdən yayımlanan videodan aydın görə, Ata Abdullayev kimi, Bəxtiyar Hacıyevin də Ermənistanın Baş naziri ilə dialoqunun Azərbaycan həqiqətlərinin deformasiyasına səbəb olduğunu öz gözlərinizlə görə bilərsiniz.

Ancaq, çox güman ki, indi söyləyəcəyim cəhətlər indiyə qədər bir çoxunuzun diqqətini çəkməyib. Açıqdan-açığa Fətullah Gülənin müridi olduğu, hətta bir az obrazlı, bir az da ənənələrinə uyğun desək, gedib ABŞ-da hocasının çirkli tuman-köynəyinə üz sürtərək sədaqət andı içdiyi halda, pulgirliyini, satqınlığını, xəyanətkarlığını, xəstə və rəzil təfəkkür daşıyıcısı olmasını "ictimai-siyasi faəl" təqdimatının arxasında gizlədən Bəxtiyar Hacıyevin həm real, həm də virtual- sosial şəbəkələrdəki fəaliyyətinin əsas istiqamətlərinə baxın:

  • Azərbaycan dövlətinin əsaslarını şübhə altına almaq, hakimiyyəti, hakimiyyət təmsilçilərini və dövlət qurumlarını etibarsızlaşdırmaq;
  • Dövlət və millət təəssübkeşi olan ictimai-siyasi fiqurları gözdən salmaq üçün qara və boz PR texnologiyalarından istifadə etmək;
  • Azərbaycanın beynəlxalq imicini ləkələmək, ölkəmizə qarşı hazırlanan hesabatlara dəstək vermək;
  • Media və biznes sektorunda əlaqələr qurmaq və bu əlaqələrdən maddi mənfəətləri üçün faydalanmaq!

Bütün bunlar FETÖ-nün Türkiyəyə və şəbəkələndiyi ölkələrdə dövlətə və millətə qarşı fəaliyyətinin əsas konturlarıdır. Bəxtiyar Hacıyev də tam bir FETÖ "şparqalka"sı ilə hərəkət edir, yəni. Onun hansı "sosial cins"dən olduğunu, həmin cinsin Azərbaycan siyasətinə hansı mənəviyyatsızlıq, əxlaqsızlıq, qeyri-ciddilik, təhqir, böhtan və şantajlar gətirdiyini bu məqamda xatırlatmağa ehtiyac belə yoxdur. Fəqət Fətullah Gülənin müridi olan bala Hacıyev elə bilir ki, məni də şantaj edə, etibarsızlaşdıra, düşüncəmdən, mövqeyimdən taviz verməyə sövq edə bilər. Fəqət ya anlamadığı, ya da unutduğu bir gerçəklik var, mən onun kimilərinin nadürüstlüklərini çəkinmədən ifşa edə-edə, maskalarını yırta-yırta, gerçək simalarını bu xalqa tanıda-tanıda imza sahibi olmuş, media sektorunda bu yerlərə gəlmişəm. Mən onun Pensilvaniyadakı tülkü hocasının qılıncının dalı da, qabağı da kəsdiyi zamanlarda Fətullah Gülən şəbəkəsinə qarşı çıxmış bir insanam, indi o tülkünün quyruğunun qıllarındanmı ehtiyyat edəcəm? Hər şeyi bir yana qoysaq, mənim zabit şərəfim- Azərbaycan ordusunda xidmətimi kişi kimi keçmişəm, hazırda ehtiyyatda olan zabitəm- buna yol verməz axı...

Bəli, bala Hacıyev-Fətullah Gülən adlı tülkünün quyruğunun qılı Azərbaycan ordusunda hərbi xidmətdən yayınmış bir fəraridir. Mənim bu mövzuda fikrim və mövqeyim qətidir- möhlət hüququ olmadığı halda, Azərbaycan ordusunda xidmət etməkdən yayınanlar qeyrətsiz, şərəfsiz, riyakar və şəxsiyyətsizdirlər. Bu cür yaramaz və nadürüstlərin ictimai rəy önündə nəinki yekə-yekə danışmasına, ümumiyyətlə, danışmasına imkan vermək olmaz. Onlar hər yerdə pisikdirilməli, ikrah və nifrət dolu baxışların müşayiəti ilə ləyaqətli adamların çevrəsindən qovulmalı, üzlərinə deyilməlidir: bu ölkədə fərarilərin və FETÖ-çülərin yeri dövlət qurumları, parlament, ictimai-siyasi sektor, media və biznes deyil, zibilxanadır!

Fərarilər və FETÖ-çülərdən ibarət zibilxananın ən üfunətli komponenti olan bala Hacıyev deyir ki, guya onu ölkənin nüfuzlu siyasətçiləri, sanballı alimləri dəstəkləyir, təqdir edirmiş. Azərbaycanda öz qohumlarının imtina etdiyi bir adamdır bala Hacıyev. Hafiz Hacıyevi tanıyırsınız, Müasir Müsavat Partiyasının sədri, onun əmizadəsidir. Hətta mənim vətənpərvərliyinə şübhə etmədiyim Hafiz Hacıyev belə Bəxtiyarla qohum olmasından utandığını deyibsə, məsələ aydındır. Ancaq mən səmimi olaraq, Azərbaycana bağlı, türklüyə bağlı heç bir nüfuzlu siyasətçinin və ziyalının bir fərariyə, bir FETÖ müridinə sayğı ilə yanaşacağını zənn etmirəm.

Bala Hacıyevi olsa-olsa, Aslan İsmayılov kod adlı allahverdilər-yamülkilər dəstəkləyər.

Bala Hacıyevi olsa-olsa, Nazim Bəydəmirli sayaq YAP-dan qovulanlar, Xədicə İsmayılın mənəvi qardaşı kimi ad çıxaranlar müdafiə edər.

Bala Hacıyevi olsa-olsa, Mehman Əliyev kimi Putinə yalvarış məktubu yazanlar, Əli İnsanovun masasında oturanlar qahmar çıxar.

Bala Hacıyevi Fətullah Gülən şəbəkəsinin siyasətçiləri və ziyalıları təqdir edər.

Buyursun, açsın o siyahını Fətullah Gülən adlı tülkünün quyruq qılı, görək, bu millətə xəyanət şəbəkəsində daha kimlər var?

Taleh ŞAHSUVARLI

AzNews.az