"Aslan İsmayılovun fırıldaqlarından bəhs edən iki dildə kitab yazılıb" "Aslan İsmayılovun fırıldaqlarından bəhs edən iki dildə kitab yazılıb"

"Aslan İsmayılov 6 dəfə ərə gedən o məşhur xanım kimi ikinci "kruq"unu vurur" - Məhəmmədəli Qəribli

"Aslan İsmayılovun fırıldaqlarından bəhs edən iki dildə kitab yazılıb"

Tanınmış jurnalist Məhəmmədəli Qəribli Aslan İsmayılov kod adlı Allahverdiyə cavab yazısı qələmə alıb. AzNews.az həmin yazını təqdim edir:

Olmuş hadisədir. Azərbaycanda çoxlarının tanıdığı xanımlardan biri (etik səbəblərə görə adını çəkmirəm- M.Q) tez-tez boşanıb, təzə ərə gedirmiş.

İş o yerə çatıb ki, 6-cı dəfə nikaha girmək istədiyi şəxs onun birinci əri olub. Bundan sonra 3-cü dəfə ərə getdiyi kişinin təzə arvadı həmin məşhur xanımın 2-ci eks ərinin yeni yeni həyat yoldaşına zəng edir ki, bəs, ehtiyatlı ol, filankəs ikinci “kruqa” başlayıb.

Bunu təsadüfən xatırlatmadım. İctimai -siyasi arenada təmsil olunan bəzi adamların tez-tez düşərgələrini, əqidələrini mövsümə uyğun şəkildə dəyişmələri məni məhz bu paraleli aparmağa məcbur etdi.

Müxtəlif düşərgələrlə tez-tez siyasi izdivaca girən və hər dəfə düşərgəsini dəyişəndə böyük səs-küylər yaradan, adətən belə prosesdən maddi qazancla çıxmağı bacaran Azərbaycan cəmiyyətinin uz qarası olan, uğursuz vəkil Aslan İsmayılov yeni “kruqa” başlayıb.

Mən peşəkar və sözün əsl mənasında zəhmətkeş jurnalistika fəaliyyəti ilə məşğulam. Jurnalist karyeramın təkcə son 10 ilə yaxın zamanı gündəlik qəzetdə işləməyimlə keçib və hal-hazırda davam edir. Yəni mən hər gün, hətta bəzən istirahət günlərində belə, çalışdığım media orqanı üçün açıqlamalar alır, reportajlar və təhlilər yazıram.

Bu səbəbdən də, belə gərgin iş qarfikində kiminləsə əlavə mübahisəyə girməyə, vaxtımı boş-boş işlərə sərf etməyə nə həvəsim var, nə də zamanım. Ancaq hiss edirəm ki, bəzi şəxslər məqsədli şəkildə adamı hansısa itriqaya, qalmaqala sürükləyirlər. Həmin adamın naturası elədir ki, yazdıqlarını cavabsız qoyanda, daha da üzərinə gəlir, şantajlarını artırmağa çalışır.

Mən barəsində 3 dəfə ittiham hökmü çıxarılan, hazırda məhkumluğu olan ( cinayətlərindən biri xuliqanlıqdı-M.Q) şəxs sayılan və barəsindəki məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarını icra etməyən Aslan İsmayılovu real həyatdan tanımıram. Bir dəfə də olsun əl verib görüşmədiym bu adamla indiyə kimi heç vaxt marağım kəsişməyib.

Ancaq bir neçə il əvvəl, Azərbaycanda “Yumurta işi” adı ilə baş verən böyük qalmaqallı prosesdən sonra Aslan İsmayılov davamlı olaraq bu mövzu ətrafında prinsipial olaraq dövlətçilik maraqlarını qoruyan, onun “maskasını” cırıb əsl simasını cəmiyyətə tanıtdıran bir neçə tanınmış jurnalisti özünün düşməni elan etdi.

Bəli, məhz düşməni. Çünki özü səhifəsində həmin jurnalistlərin adını şəxsi düşmənləri siyahısına saldığını yazmışdı. Həmin işdə Aslan İsmayılov vəkil kimi erməni əsilli iş adamlarının hüququnu qoruyurdu. Yəni pulun müqabilində ermənini müdafiə edirdi. Məhz bu və digər başqa məqamları cəmiyyətə çatdıran jurnalistlər nədənsə onun düşməni oldu.

Onun istəyi sadə idi: “İmkan verin ermənini müdafiə edib, rahat pulumu qazanım”. Həmin hadisələrin fonunda Aslan İsmayılov bəzi jurnalistlərin adını məqəsdli şəkildə bəzi yüksək çinli məmurlarla bağlayırdı və mövzunun əsl mahiyyətindən diqqəti yayındırmağa çalışırdı. Bütün bu tip fəaliyyətini o, özünün "Feysbuk" səhifəsi üzərindən aparır.

Dövrün populyar trendindən öz şəxsi məqəsdləri üçün məharətli istifadə etməyi bacaran bu şəxs ömrünün 7-ci onilliyində nədənsə, hüquqşunaslığı blogerliyə dəyişməyə üstünlük verib. Ona tabe olmayan jurnalistlər, vəkillər, ən əsası da məmurlar həmin səhifə vasitəsilə ən pis formada təhqir edilir, şantaja məruz qalır.

Uzun müddətiydi ki, onunla heç maraqlanmırdım. İki gün əvvəl mənə məlumat verdilər ki, Aslan İsmayılov səhifəsində yenə bəzi jurnalistləri təhqir edib, onların sırasında mənim də adım var. Baxdım ki, doğrudan da deyilən düzdür. Aslan İsmayılovun növbəti şantajının hədəfi Azərbaycanın Dövlət Televiziyasıdır.

İddia edir ki, həmin televiziyaya qonaq kimi çağrılan jurnalistlərin əksəriyyəti Azərbaycan mediasının üz qarasıdır və vaxtilə Prezident köməkçisi, medianı kurasiya edən Əli Həsənova trolluq ediblər.

Mənim də adımı Aslan İsmayılov həmin siyahıda Azər Həsrət, Elçin Mirzəbəyli, Taleh Şahsuvarlı, Aynur Camalqızı, Bəhruz Quliyevlə yanaşı çəkərək, onları və şəxsimi şantaja məruz qoyur, jurnalist reputasiyama, cəmiyyətdəki nüfuzma xələl gətirməyə çalışır.

Aslan İsmayılov güya yeni nəsə ixtira etmiş kimi mənim bir vaxtlar həbsdə olduğuma vurğu edir. Ey Aslan İsmayılov, bunu hamı bilir ki, mən sənin kimi xuliqanlıq və başqa əməllər edib, məhkum olunmamışam.

Bu hadisə 20 il əvvəl olub. Sənin kimi sifarişlə işləyən prokurorlar, məhkəmələrin yarıtmaz fəaliyyəti səbəbindən mən məhz jurnalist fəaliyyətimə görə, Prokurorluğun saxta işlərini silsilə yazılarla tənqid etdiyimə görə, şərlənərək həbs edilmişəm.

Səndən fərqli olaraq həmin vaxt Azərbaycanın ən mübariz vəkilləri mənim həmin işdə hüquqlarımı müdafiə ediblər. Ən nüfuzlu beynəlxalq təşkilatlar mənim həbsimi pisləyən bəyanatlar veriblər, adım onların hazırladıqları siyahılarda olub.

Müdafiəmlə bağlı həmin zamanın aparıcı qəzetlərində yüzlərlə məqalələr dərc edilib. Buna baxmayaraq, heç vaxt imkan verməmişəm ki, mənim adımın üzərindən Dövlətimə təzyiqlər etsinlər.

İndi sənə deyirəm, kişisənsə, yaxşı hüquqşunassansa, həmin vaxt qondarma cinayət işinin təşkilatçısı kimi adı ittiham aktına salınan sabiq millət vəkili İbrahim Cəfərovun Azərbaycanda ola-ola hələ də həbs edilmədiyinə aydınlıq gətir.

Hüququn aliliyi, haqqın -ədalətin təmin olunması üçün kömək et, onun həbsinə nail olunsun. Sual et gör: işindən azad edilən Baş prokuror niyə həmin adamın Azərbaycanda ola-ola həbsinə çalışmayıb?

Cinayət Məcəlləsinin 13 maddəsilə axtarışda olan adamı yox, yerinə başqa adamların həbs edilməsi Azərbaycan hüquq sistemi adına ən böyük təhqirdisə, niyə bunu demirsən? Narahat olma, dostun Zakir Qaralovun 20 il sürən dönəmi bitdi. Bu məsələdə də haqq-ədalət öz yerini tapacaq.

Sənə bu hesabatı ona görə verirəm ki, başqalarına şər atanda prosesi dərindən araşdırasan. Mən əvvəldən axıra qədər elan olunan ittihamla razılaşmamışam. Daima yazmışam və demişəm bu gün də deyirəm ki, həbsim peşəkar jurnalist fəaliyyətimlə əlaqəli olub.

Ölkə rəhbərliyinin müdaxiləsindən sonra, həmin adamların hamısı layiqli cəzalarını alıblar, qalanları da alacaqlar. Aslan İsmayılov, sən niyə bu cür hüquqi məsələyə belə diletantcasına yanaşırsan? Lap götürək ki, kimsə elə etdiyi cinayət əməlinə görə, həbs edilib. İndi o, cəmiyyətdə təcrid edilməlidir?

Əgər qanunvericilik cəzaya məhkum olunmuş şəxsə, məhkumluğu ödəniləndən sonra hətta vəzifə tutmaq, parlamentə seçilmək hüququnu tanıyırsa, sən niyə hansısa jurnalistin televiziyada çıxışından belə əndişələnirsən? Düşünmürəm ki, bu, sənin hüquqi savadsılığından irəli gələn məsələdi. Kimin sifarişi ilə bu proseslərə baş qoşduğunu və niyə məhz indi bunları etdiyin də məlumdur.

Son günlər yazdıqlarına diqqət etdim. Açıq-açığına dövləti şantaj edirsən ki, mən sizi dəstəkləyirəm, amma ortada heç nə yoxdur. Bu şantajın fonunda övladlarına vəzifə istəyirsən. Adamda abır-həya, utanmazlığq hansı səviyyədə olmalıdır ki, sən yazdığın bir iki tərifə görə, dövlətdən onun əvəzini istəyəsən.

Onda biz nə edək? Özünə güvənərək deyirəm, bir neçə dili peşəkar səviyyədə bilən, jurnalist karyerası boyunca daima dövlətçilik mövqeyini dəstəkləyən biri olaraq, biz gördüyümüz işlə bağlı sənin kimi, dövləti şantaj etmirik.

Fərqimiz bundadır ki, biz belə dəyərləri alver predmetinə çevirmirik. Bunu özümüzə borc bilirik. İndi bax gör AzTV-də çıxış etməyə az da olsa bizim haqqımız çatır ya yox? Ora bizim canımızdan da çox sevdiyimiz, uğrunda hər an belə özümüzü təmannasız fəda etməyə hazır olduğumuz Dövlətimizin rəsmi kanalıdır.

Mənim üçün öz Dövlətimin hər güşəsi əzizdir. Hətta öz bayrağmızın dalğalandığı həbsxanada cəza çəkmək belə bizi hansısa məmurlardan, yarıtmaz hüquq işçilərindən narazı sala bilər, ancaq Dövlətimizdən əsla.

Aslan İsmayılov aç qulağını yaxşı-yaxşı eşit. Mən və adlarını qeyd etdiyin digər həmkarlarım jurnalist fəaliyyətimdə dövləti maraqları qoruyubsa, bunun adı Əli Həsənova trolluq deyil. Mən yenə dövləti, milli maraqları qorumaqla bağlı həmin mövqeyimdə qalıramsa, onda bunun adı nədir?

Səni narahat edən başqa şeydi. Çevrən və sən milli maraqlardan çıxış edən jurnalistlərdən ehtiyat edirsiniz. Bu səbəbdən də, prinsipial olaraq dövləti müdafiə edən savadlı jurnalistlərin rəsmi dövlət kanalı ilə yaxın təması sizləri narahat edir.

Eyni sualı mən sənə verə bilərəm: Səni hansı maraqla tez-tez İTV-yə verilişlərə çağırırlar? Son bir ildə məhkəmənin qərarı ilə 3 dəfə məhkum edilən şəxsin məhkumluğu ödənilmədən, tez-tez məmurları təhqir edən, dövləti şantaj edən şəxsin geniş publikaya təqdim olunması ümumiyyətlə yol verilən hal deyil.

Məqsəd nədir, səni populyarlaşdırılar ki, dövləti yaxşı şantaj edəsən? Səndən fərqli olaraq mən efirdə görünmək üçün ölmürəm. Heç bir kanala dəvət olunmağımı da kimdənsə xahiş etməmişəm.

Səni narahat edən AzTV çıxışlarım geniş kütlələr və media cameəsi tərəfindən çox bəyənilib. Çünki ömrümü həsr etdiyim, yolunda mərhumiyyətlər gördüyüm, cətin maddi vəziyyətimə baxmayaraq yolundan dönmədiyim sevdiyim peşə barədə danışmışam.

Bilirəm sən şantajla həmin televiziyanın efirlərinə kimləri media eksperti adı ilə soxuşdurmaq istəyirsən. Bil ki, bu Dövlət və onun kanalı heç vaxt sənin kimi avantüra ustalarının şantajları qarşısında baş əyməyəcək. Çox maraqlıdır, sən niyə bir hüquqşunas kimi, öz sahəndə olan islahatların zəruriliyini, onların hansı səviyyədə aparıldığını təhlil etmirsən?

Sənin artıq neçənci dəfədir ki, toplu halında bir necə tanınmış jurnalisti təhqir etməyin, sonrada layiqli cavabını almağın və bundan keçirdiyin məmnunluq təsadüfi deyil. Sən buynuzunu boş yerə çomağa sürtən adama bənzəmirsən. Layiq olduğun cavabı bir necə jurnalistdən alıb, kimlərəsə özünü əzabkeş, mübarizə aparan obrazında təqdim etməyə çalışırsan. Sənin bütün bu çabalarının bir niyyəti var, maksimum şəxsi mənfəət əldə etmək.

Bunu da bil ki, mənim jurnalist fəaliyyətidə zərrə qədər də olsun “reketlik” əlamətləri ola bilməz. Belə olsaydı mənim də sənin kimi dənizin kənarında bahalı villam, şəhərin ən bahalı yerində şəxsi offisim olardı. Aslan İsmayılov, vallah, mən sənin yerinə utanıram. İnsan bu qədər adamla necə dalaşa bilər? İctimai-siyasi arenada sənin söyüşmədiyin, məhkəmədə üzləşmədiyin adam qalmayıb.

Sənin alver etmədiyin mövzu qaldımı? “Sumqayıt hadisələri”ndə prokuror olub, azərbaycanlılara ən ağır cəza olan güllələnmə istəyən adam ola-ola sən həmin hadisələrdən kitab yazıb, özünü az qala qəhrəman kimi təqdim etməyə çalışırsan.

Çox maraqlıdır ki, yazdığın həmin kitabda dövlət ittihamçısı kimi özünün çıxışı yoxdur. Bunların hamısı üzə çıxıbsa, yaxşı olar ki, sən elə daha yaxşı bacardığın alverini gedib əsl kommersiya sahəsində edəsən.

Sən Elçibəy hakimiyyətində təmsil olunubsan, sonra gələn hakimiyyətdə əvvəlkiləri sataraq bir müddət qala bildin. Sonra ordan qovulub, gedib İlyas İsmayılovun yanında qərar tutdun.

Ardınca Rəsul Quliyevə qarmaq atdın, sonra mitinqdə Cəmil Həsənliyə “mənim liderim” dedin. İndi də hakimiyyətə doğru təmannalı revranslar edirsən. Təsadüfi deyil ki, Azərbaycanda ilk adamsan ki, məhz sənin fırıldaqlarından bəhs edən iki dildə kitab yazılıb.

Nədənsə, həmkarın Elçin Qəmbərov sənin fırıldaqların və yalanlarına həsr etdiyi "Aslan İsmayılov. Yalan Anatomiyası" adlı kitab barədə bir dəfə də olsun danışmırsan. Əldə edib, oxumuşam, çox maraqlı kitabdır. Sadəcə yaxşı reklam olunmayıb, yoxsa bestseller olar.

Bir də mənim adımı çəkib, yersiz narahat etsən, sənə söz verirəm, həmin kitabın piarını aparıb satışını əlimdə təşkil edəcəm və onun məzmununu silsilə məqalələr halında yayılmasını təmin edəcəm. İndi düzünü de görüm, bu neçənci “kruqdur”?