Baş redaktor Mətbuat Şurasına səsləndi: "Susmayın, erməni diasporu mənə ölkəmdə təzyiq edir"

Azərbaycan Mətbuat Şurasına AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Novruz oğlu Şahsuvarlı tərəfindən MÜRACİƏT

Hörmətli həmkarlarım!

Baş redaktoru olduğum AzNews.az analitik-informasiya portalında 17 sentyabr 2019-cu ildə Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok fotolar” başlıqlı məqalə dərc olunub. Müəllifi olduğum həmin məqalə ölkənin bir sıra informasiya resurslarında və sosial şəbəkələrdə yayılmışdır. Digər kütləvi informasiya vasitələrinin həmin məqaləyə maraq göstərməsinin və yaymasının əsas səbəblərindən biri məhz o olmuşdu ki, apardığım araşdırmada hər kəsə açıq olan internet resurslarına istinad etmiş, ən kiçik şübhəyə belə yer qoymadan ABŞ-dakı erməni diaspor təşkilatlarından birinin liderinin Qafqazda soydaşlarımızı da cəlb etməklə həyata keçirdiyi layihəyə ictimai diqqət çəkmişdim. Həmin araşdırmanın baş redaktoru olduğum AzNews.az portalında yayımlanma linkini sizlərə yenidən təqdim etməklə bərabər, qısa xülasəsini də bir daha nəzərinizə çatdırmaq istəyirəm. Məqalənin strukturu aşağıdakı ardıcıllıqdan ibarətdir:

1) Aslan İsmayılov adlı Azərbaycan Respublikası vətəndaşının öz Facebook səhifəsində qonşu Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “Yeni Liderlər Təşəbbüsü” isimli bir QHT-nin fəaliyyətindən bəhs edib. Öz statusunda o, sözügedən QHT-nin həyata keçirdiyi layihənin azərbaycanlılar üzrə koordinatorunun və mühazirəçisinin oğlu Ziyəddin İsmayılov olmasını bildirib.

2) Ziyəddin İsmayılovun öz Facebook səhifəsində yaydığı məlumat. Öz statusunda Ziyəddin İsmayılov atasının yaydığı informasiyanı təsdiq edərək Gürcüstanda Yeni Liderlər Təşəbbüsü adlı QHT tərəfindən həyata keçirilən layihədə iştirakını vurğulayıb, layihənin və QHT-nin rəhbəri, Tbilisidə mənzillənmiş ABŞ vətəndaşı Kristina Puşauya təriflər yağdırıb və onunla çəkilmiş səmimi fotolarını sosial şəbəkə istifadəçilərinə təqdim edib.

3) Mən bir jurnalist olaraq “Google” axtarış proqramı ilə araşdırma apararaq müəyyən etmişəm ki, Gürcüstanda fəaliyyət göstərən Yeni Liderlər Təşəbbüsü adlı QHT-nin və soydaşlarımızın cəlb edilməsi ilə həyata keçirilən layihənin rəhbəri, ABŞ vətəndaşı Kristina Puşau 2012-ci ildə ABŞ-ın Los-Anceles şəhərində yerləşən Cənubi Kaliforniya Universitetini bitirib. O, təhsil aldığı müddətdə universitetdə fəaliyyət göstərən və ABŞ-dakı erməni diasporunun əsas qurumlarından biri olan Erməni Tələbələr Cəmiyyətinin liderlərindən olub.

4) CKU-da fəaliyyət göstərən Erməni Tələbələr Cəmiyyətinin Facebook səhifəsi mövcuddur. Səhifəyə göz gəzdirdikdə məlum olur ki, sözügedən Kristina Puşau doğrudan da həmin təşkilatın rəhbərlərindən olmaqla erməni diasporunun fəaliyyətində yaxından iştirak etmişdir.

5) Bütün bu faktlar tərəfimdən SÜBUTLARLA birgə oxuculara təqdim edilib. Məqalədə, özünüzün də görəcəyiniz kimi, heç bir həqarətə, aşağılayıcı ifadəyə yol verilməyib, ancaq və ancaq faktların təhlili aparılıb. Mən bu gün də eyni qənaətdəyəm ki, erməni diaspor təşkilatının liderlərindən olmuş bir şəxsin Qafqazdakı fəaliyyətinin Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının diqqətindən kənarda qalması inandırıcı deyil. Odur ki, mən öz məqaləmdə Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarına müraciət edərək erməni diasporunun nümayəndəsi Kristina Puşau ilə Aslan İsmayılovun və oğlunun əlaqələrini araşdırmağı xahiş etmişəm. Bu xahişlə müvafiq dövlət orqanlarına rəsmi müraciətlər də etmişəm. Bu mənim bir jurnalist və vətəndaş kimi borcumdur.

https://www.aznews.az/news/political_debate/238330.html

Bu məqalənin yayımlanmasının üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, qəfildən Aslan İsmayılov belə qənaətə gəlib ki, sən demə Kristina Puşau adlı ABŞ vətəndaşının erməni diaspor təşkilatının liderlərindən olmasını üzə çıxarmaqla mən ona böhtan atmış, özünün və oğlunun şərəf və layaqətini alçatmışam. O, guya bu səbəbdən barəmdə Binəqədi rayon məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək mənim həbs olunmağımı tələb edir. Mən bu tələbi erməni diasporunun arzusu kimi dəyərləndirir, Azərbaycan Respublikasının milli maraqlarına zərbə hesab edir, həmçinin jurnalist kimi peşə fəaliyyətimə təzyiq hesab edirəm.

Elə bu səbəbdən də AzNews.az analitik-informasiya portalının üzv olduğu Mətbuat Şurasına bir peşə qurumu olaraq müraciət edir və Azərbaycan Respublikasının dövlət maraqlarına xidmət edən bir jurnalist olaraq erməni diasporunun Qafqazdakı fəaliyyətini ifşa etdiyim üçün təzyiqlərə məruz qalmağıma münasibət bildirməyinizi xahiş edirəm. Təvəqqe edirəm ki, bu məsələni müzakirə edə və müzakirə edərkən o suala da aydınlıq gətirəsiniz ki, hər kəsə açıq internet resurslarından toplanmış, gerçəkliyinə heç bir şübhə olmayan FAKTlara istinad etmək nə zamandan “böhtan” sayılır? Onu da nəzərə almanız vacibdir ki, Binəqədi rayon məhkəməsi iddianın icraata götürülməsinin mümkünlüyünə 11.08.2020-ci il tarixində baxacaq. Covid 19 pandemiyası ilə əlaqədər həmin tarixə qədər MŞ-nın üzvlərinin bir araya gəlməsi mümkün olmasa belə, müasir informasiya texnologiyalarının yaratdığı imkanlardan istifadə edərək toplana və müraciəti müzakirə edərək rəy bildirə bilərsiniz. Milli və peşə müstəqilliyimizə təhdid yaradan məsələlərdə heç kimin susmaq haqqı yoxdur! Sizlərin məhz bu haqqdan çıxış edəcəyinizə ümid edir, öncədən dərin təşəkkürlərimi ifadə edirəm.

Hörmətlə,
Taleh ŞAHSUVARLI