Rəsmi ziyafətdə iki şiş kabab yemək dövləti talamaqdırsa, onda Mono Liza portretini də Luvr muzeyindən mən oğurlamışam Rəsmi ziyafətdə iki şiş kabab yemək dövləti talamaqdırsa, onda Mono Liza portretini də Luvr muzeyindən mən oğurlamışam

Bu, “Aslan İsmayılov” haqqında donos deyil, cənab Baş prokuror!

Rəsmi ziyafətdə iki şiş kabab yemək dövləti talamaqdırsa, onda Mono Liza portretini də Luvr muzeyindən mən oğurlamışam

El də bilir, aləm də!

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Yardımı Fondunun sabiq rəhbəri Vüqar Səfərliyə cinayət işi açılıb, barəsində həbs qəti imkan tədbiri seçilib, istintaq gedir, məhkəməsi olacaq. O dövlət, o prokurorluq, o məhkəmə, o da Səfərli.

Vüqar Səfərlinin dərdini çəkəcək deyiləm, çəkməyim üçün də bir mənəvi səbəbim yoxdur. Allah qapısını açsın!- deyə hər bir azərbaycanlının belə məqamlarda hər bir azərbaycanlıya edə biləcəyi duadan başqa kimsəyə söyləyə biləcəyim nə bir məsələ var, nə də verəcəyim bir hesabat.

KİVDF-dən kim pul alıb, Vüqar Səfərli ilə kim xarici ölkələri gəzib, ya elə, ya belə, onlar danışsın, dindirilsin, mənə nə düşüb?

Bəli, üz-üzə gələndə salamlaşmışıq, zamanında bir neçə dəfə KİVDF-nin tədbirlərinə dəvət edib, gedib o ziyafətlərdə bir-iki şiş kabab yemişəm, bir-iki bakal mineral su içmişəm, o qədər. Nə özüm, nə rəhbərlik etdiyim sayt, nə də əməkdaşlarımız KİVDF-dən heç zaman bir manat, bir qəpik belə olsun almayıb.

KİVDF-nin tədbirində

Əvvəla, KİVDF internet mediaya heç zaman maliyyə dəstəyi verməyib, o üzdən bir portal olaraq sözügedən quruma müraciət etməyimiz, bu müraciətin müsbət həll olunması Vüqar Səfərliyə minnətçi düşməyimiz üçün əsas olmayıb. Bir-birimizdən asılı işimizin olmaması səbəbindən nə dost olmuşuq, nə də düşmən, yəni ortaq maraqlarımız olmayıb ki, ya toqquşa, ya da üst-üstə düşə. Lap düzünü bilmək istəyirsinizsə, aramızda mədəni- intellektual uçurum olub. Uçurumun o üzündən o mənə hərdən əl yelləyib, bu üzündən də mən ona.

“Bakı xəbər” qəzetində çalışan həmkarım Samirə Səfərova Allah şahididir. KİVDF-nin tədbirlərinin birində düz qapının ağzında Vüqar Səfərli mənə dedi ki, “çox qəribə adamsan, tikəni uzadırıq ağzına, əlimizin üstünə şapalaq vurub, geri çevirirsən”. Sözünü zarafatla ötüşdürdüm, ancaq nə demək istədiyini dərhal tutdum. Hər dəfə rastlaşanda KİVDF-nin müəyyən qədər maliyyə və hədiyyələr nəzərdə tutan müsabiqələrdə iştirak etməyimi tövsiyyə edirdi, ancaq o konkurslara qatılmağı bir baş redaktor olaraq özümə sığışdırmırdım ki, qoy, cavan müxbirlər yazsınlar, ödül alıb həvəslənsinlər. Bunu KİVDF-nin sabiq rəhbəri mənim yaradıcı eqomla bağlayırdı, bu eqo ona dikbaşlıq kimi görünürdü, ona görə də ərkyana məni sancmışdı.

Bütün bunları niyə xatırladıram?

Dediyim kimi, mənim Vüqar Səfərlinin müdafiə etmək kimi bir niyyətim yoxdur, kimliyindən asılı olmayaraq həbsdə olan bir insan haqqında danışmaq isə prinsiplərimə uyğun deyil.

Bunları ona görə yazıram ki, “Aslan İsmayılov” kod adlı Allahverdi o irəli respublikamızın baş prokuroru Kamran Əliyevə açıq məktub- ərizə ilə müraciət edərək məni Vüqar Səfərlinin cinayət işinə daxil etməyə cəhd göstərib, cəmiyyətə sabiq KİVDF rəhbərinin cinayət ortaqlarından biri kimi təqdim edib və yazıb:

“... haqqımda şər-böhtan kampaniyası aparan “jurnalist” Taleh Şahsuvarlının və digərilərinin adıçəkilən cinayət işindəki külli miqdarda mənimsəmələri, qanun pozuntuları ört-basdır edilir. Onların haqqında çoxsaylı sübutların olmasına baxmayaraq bu gün də cinayət məsuliyyətinə alınmamaları da istintaqın qeyri-obyektiv aparılmasından xəbər verir”.

Hər şeydən öncə çox hörmətli baş prokurorumuz Kamran Əliyevə səslənir, imkan varsa, məni “Aslan İsmayılov” kod adlı o Allahverdi ilə respublika prokurorluğunda üzləşdirməyi xahiş edirəm.

Əgər yarandığı gündən ləğv olunduğu günə qədər ziyafətlərdə yediyim iki şiş kababdan, içdiyim mineral sudan savayı, KİVDF-dən bircə manat dəyərində olsa belə, nə isə yediyim, mənimsədiyim, hətta qanunu şəkildə yardım aldığım barədə fakt ortaya çıxsa, Cinayət Məcəlləsinin ən ağır bəndləri ilə suçlanaraq birbaşa qazamata göndərilməyimə razıyam. Əgər bir rəsmi ziyafətdə iki şiş kabab yemək dövləti soymaq, talamaqdırsa, onda bir etiraf da edim: 21 avqust 1911-ci ildə Mono Liza tablosunu Luvr muzeyindən mən aparmışdım.

Zira, o üzləşmədə hər hansı dəlil, sübut, hətta fərziyəyə düşmək üçün belə bir əsas göstərə bilməsə, demirəm tutun, həbs edin, sadəcə, imkan verin, elə o binadaca dişimin dibindən çıxanı deyim ona. Bu yazını qız-gəlin də oxuyacaq, həm də buna görə jurnalist etikasından kənarlaşmaq, onun səviyyəsinə enmək, layiq olduğu leksikondan istifadə etmək istəmirəm.

Hər zaman demişəm, yenə təkrar edirəm: “Aslan İsmayılov” kod adlı Allahverdiyə ən ağır söyüş və təhqir elə onun öz bioqrafiyasıdır. Elə deyilsə, debatda çıxsın qabağıma, hansı kanalda, hansı gündə, saatda istəyirsə, mən hazır, niyə qaçır? Mənim “mənimsədiyim külli miqdarda vəsait” barədə cəmiyyətə bircə dəlil-sübut təqdim etməməsi bir yana, niyə öz bioqrafiyasını müdafiə edə bilmir?

Çox hörmətli Baş prokurorumuz, mən bilmirəm siz “Aslan İsmayılov” kod adlı Allahverdini necə, nə qədər tanıyırsınız. Onu bilirəm ki, Sizə ünvanladığı açıq məktubla o, faktiki olaraq dövlətimizin baş yarğıcını şantaj edir, qəbulunuza düşmək, sizdən öz şəxsi məqsədləri naminə nələrsə istəmək üçün bəhanə gəzir. Siz onun bu arzusunu yerinə yetirərsiniz, yetirməzsiniz, özünüz bilərsiniz, amma mən öz təmiz və dürüst adımın şantaj məqsədi ilə yazılmış ərizələrdə çəkilməsinə qəti şəkildə etiraz edirəm!

Allahverdinin isə, necə deyərlər, dabbaqda gönünə də bələdəm. O, öz ictimai gönünü nə qədər boyayırsa, boyasın və sosial genini nə qədər modifikasiya edirsə, etsin, xeyri yoxdur, xislətini dəyişə bilmir, bu yaşdan sonra dəyişə də bilməz.

Demir ki, Taleh Şahsuvarlı mənə şər-böhtan atıb, gəlsin üzləşmədə yanımda desin, çıxsın debatda cəmiyyətə desin, mənimlə qabaq-qabağa durmağa mənliyi, cəsarəti, təpəri çatmırsa, botların hesabına 300 min abunəçisi varmış kimi görsənən səhifəsində yazsın, axı onun haqqında söylədiklərimin hansı biri düz deyil?

Məsələn, mən deyirəm ki, “Aslan İsmayılov” kod adlı Allahverdi, sən YALANÇISAN!

Dediyimi sübut edirəm:

* 1983-cü ildə Krasnodarda kənd təsərrüfatı üzrə ixtisaslaşmış, hüquqşünaslıq ixtisası üzrə keçmiş SSRİ-də ən aşağı səviyyəli təhsil müəssisəsi olan ali məktəbi birtəhər bitirmiş, 1989-cu ilin aprelində Azərbaycana göndərilmisən. Aradakı zaman fərqi uzağı 6 il edir. Buna rəğmən 1993-cü ilin avqustunda Milli Məclisdə çıxış edərkən ilk cümləndə Heydər Əliyev kimi təcrübəli dövlət adamına, vətənin və dövlətin xilaskarına guya “8 il” Rostovda məhkəmə orqanlarında işləməyin barədə yalan satmağa cəhd etmisən. Bəlkə mənim qulaqlarımda problem var, yay o videonu və denən ki, mən iş təcrübəmi yalandan 8 iləcən şişirtməmiş, xalqın ən ağır günlərində Milli Məclisdə yalan danışmamışam.

* 2013-cü ildə Rusiyanın müəyyən hərbi kəşfiyyat dairələrinin layihəsi olan Milli Şuranın mitinqində, “Cəmil Həsənli mənim liderimdir” deyə etdiyin o “məşhur” çıxışda heç bir elmi dərəcənin olmadığını bildirdin. Kim yazıb, bilmirəm, özün yazdığına da inanmıram, amma ondan çox-çox öncə guya hüquqşünas olduğun halda, fəlsəfə üzrə dissertasiya müdafiə edib “alimlik dərəcəsi” almışdın. Bir adam elmi dərəcəsinin olub-omadığmı necə unuda, xatırlamaya bilər axı, əgər yalançılıq qanına işləməyibsə?

Bütün siyasi karyerası boyu Cəmil Həsənliyə Aslan İsmayılovdan başqa "mənim liderim" deyən olmayıb

* Ötən ilin ilin oktyabrında iki oğlundan heç biri səfərbərliyə cəlb olunmadığı, müharibəyə getmədiyi, Kristina Puşaunun tumanının altında gizləndiyi halda, “oğlum müharibədə qulluq edir” deyə status yazmısan. İki oğlundan birinin əyninə KİŞİ forması geyinib vətən savaşında iştirak etməməsi, qorxaqcasına, rəzilcəsinə, namərdcəsinə daldada gizlənməsi bir yana, o cür ağ yalan uydurarkən şəhidlərimizin, yaralılarımızın ailəsindən heçmi utanmadın?

Elçibəy hakimiyyəti dövründə Prezident Apatında işləmisən. Elçibəy hakimiyyəti yıxılıb, amma sən dönüklük, satqınlıq edib vəzifədə qalmısan. O vəzifədən səni iki il sonra- ulu öndər Heydər Əliyevə qarşı təxribat xarakterli mətbuat konfransı keçirmək istədiyin üçün qovublar.

Qovmayıblarmı?

Bəlkə Vəkillər Kollegiyasından da qovulmamısan?

Niyə hər yerdən Nikol Paşinyanın əsgərləri kimi qovurlar səni, deyim.

“Qapısının itiyəm” dediyin İlyas İsmayılov kimi bir adamı Rəsul Quliyevin pul kisəsinə satmısan və sənə çox böyük yaxşılıqları dəymiş keçmiş baş prokuror xarekteristikanı çox gözəl verib: “Nə məzhəbə qulluq edir, baş açmaq olmur”.

Bəli, dinsizsən, məzhəbsizsən, əqidəsizsən, -teologiyadan getmir söhbət- düz deyir!

AXCP sədri Əli Kərimliyə evində xəngəl qonaqlığı verib, hətta onun məclisdə iştirak edən müavinlərini belə öz yaltaqlığınla iyrəndirmiş flügersən. Təsəvvür edin, bir və ya bir neçə adam bir evə qonaq gedəndə iyrənsə natəmizlikdən, zibil qabından, kanalizasiyadan iyrənər, amma Aslan İsmayılovun müxalifətçi qonaqları ev sahibinin özündən, kimliyindən, mənəviyyatından, məddahlığından, yaltaqlığından iyrəniblər.

* 1989-cu ildə Bakıya göndərilərək Sumqayıt hadisələri ilə bağlı prosesdə dövlət ittihamçı olmuş, “Eduard Qriqoryanın işi”ndə soydaşlarımıza ölüm hökmü də daxil ən ağır cəzalar tələb etmisən, bu günə qədər də ittihamnaməni üzə çıxara bilmirsən. Çıxart, yay, paylaş, hamı da görsün ki, mən yalan deyirəm, sənə böhtan atıram, sən heç bir soydaşımıza ölüm hökmü və ağır cəza tələb etməmisən.

* “Emre Piliç” skandalında həmin şirkətin Türkiyədə yaşayan erməni mənşəli sahibkarlarından şəxsən vəkalətnamə almısan, məhkəmə qalıb bir yanda, ermənilərin davasını bizim milli sahibkarlarla aparmısan. Aldığın vəkalətnamənin surətini yayıram.

* ABŞ vətəndaşı, “mən qəlbən erməniyəm” deyən, Azərbaycan və Türkiyə əleyhinə çox sayda aksiyalar təşkil etmiş, ABŞ-ın Cənubi Kaliforniya Universitetində təhsil alarkən Erməni Tələbələr Cəmiyyətinin sədri olmuş, Karen Köçəryan adlı bir erməni dığası ilə İrəvandan vurub Dubaydan çıxmış Kristina Puşaunun həyata keçirdiyi layihənin koordinatoru olub oğlun. Linklər, şəkillər, özünüzün paylaşımlarınız var ortada, az qala mələk kimi təqdim edirdiniz. Kimin gözünə kül üfürürsən indi?

* Vətən Savaşı bitdikdən sonra Məryəm Nazaretyan adlı bir ABŞ ermənisinin daxil olduğu vəkillər qrupu Azərbaycanı hərbi cinayətlərdə suçlayan raport hazırlayıb. O raport hazırda beynəlxalq təşkilatlara təqdim edilir, ölkəmiz əleyhinə dava açılması üçün istifadə olunur. Nədən “Twitter”dəki hesabında Məryəm Nazaretyana istinadən paylaşmışdın onu, guya “təsadüfən əlin dəymişdi”?

Niyə axı, obrazlı desəm, Azərbaycanda üzərinə erməni xaçı çəkilmiş hər daşın altından ya sən çıxmalısan, ya da sənin fərari oğlun?

1993-cü ildə “Talış-Muğan Respublikası”nın təsis qurultayında iştirak və çıxış edən, Azərbaycanı param-parça bölmək istəyən Əli Nasir adlı bir seperatçını öyməkdə nədir məqsədin?

Guya Xəzərin hasarlanmasına etiraz edirdin, amma gerçəkdə Bibiheybətdə zəbt etdiyin üçün əlindən alınmış torpaqları “unutdurmaq”dı niyyətin.

Nə oldu, onkoloji xəstələr daha yoxdur ölkədə, yoxsa Onkologiya Mərkəzində hər kəs birdən-birə Hippokrat andı ilə təzədən vaftiz olundu?

Sənin niyə danışdığın da, necə susduğun da bəllidir, gün kimi aydındır.

Maskanı bu cür konkret faktlarla cırdığım üçün böhtana, şantaja keçir, məhkəmələrin, dövlət qurumlarının əli ilə mənə təzyiq etməyə çalışır, peşə fəaliyyətimə mane olmağa çalışırsan.

Bacarmayacaqsan!

Çünki bu dövlət də, bu hakimiyyət də mənim, mənim kimi Ali Baş Komandanın ilk əmri ilə cəmi bir neçə saat içində əyninə hərbi forma geyinib ya qazi, ya şəhid olmağa gedən oğullarındır.

Biz- Prezident və Ali Baş Komandan İlham Əliyevin səmimi tərəfdarları, əsgərləri, zabitləri olaraq “məxməri inqilab” ideyasını Azərbaycana idxal etmək istədiyin Nikol Paşinyanın, onun sələfləri Robert Köçəryanın, Serj Sərkisyanın ordusunu İT KİMİ qovmuşuq torpaqlarımızdan, indi səndən və sənin Puşaundan, Nazaretyanındanmı qorxacağıq?

Taleh ŞAHSUVARLI

AzNews.az analitik-informasiya portalının Baş redaktoru