Taleh Şahsuvarlı: "Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun arvadı sələmçilik fəaliyyətinə görə qətlə yetirilib" Taleh Şahsuvarlı: "Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun arvadı sələmçilik fəaliyyətinə görə qətlə yetirilib"

"Aslan İsmayılov hakimləri şantaj edərək həbsimə nail olmaq istəyir" - Qazi baş redaktordan Prezidentə müraciət

Taleh Şahsuvarlı: "Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun arvadı sələmçilik fəaliyyətinə görə qətlə yetirilib"

AzNews.az analitik-informasiya portalının Baş redaktoru, qazi jurnalist Taleh Şahsuvarlı Azərbaycan Prezidenti İlham Əliyevə açıq müraciət edib. Müraciətin tam mətnini yayımlayırıq:

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına!

Surəti:

Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov cənablarına!

Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənablarına!

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov cənablarına!

Çox möhtərəm Prezidentim!

Mən, Şahsuvarov Taleh Novruz oğlu 1995-ci ildən- tələbəlik zamanımdan başlayaraq jurnalistika sahəsində çalışıram. Ölkənin ən nüfuzlu media qurumlarında müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan mətbuatı tarixində ən gənc qəzet baş redaktoru olmuşam. 25 illik jurnalist fəaliyyətim ərzində hər zaman dövlətin və millətin maraqlarından çıxış etmiş, KİV-lə bağlı yerli və beynəlxalq qanunları, peşə kodeksindən irəli gələn tələbləri əsas tutmuşam. Odur ki, bu müddət ərzində bir dəfə də olsun nə məhkəmə, nə də peşə birlikləri tərəfindən məzəmmətedici tədbirlərə məruz qalmışam. 2016-cı ilin əvvəllərində çalışdığım nəşr öz fəaliyyətini dayandırdıqdan və iki ildən çox bir müddətdə işsiz qaldıqdan sonra 1 avqust 2018-ci ildə AzNews.az analitik-informasiya portalında baş redaktor kimi işə başlamışam.

Çox uzun müddətdir ki, bir jurnalist və ictimai-siyasi fəal olaraq prezident İlham Əliyevi prinsipial bir şəkildə müdafiə edirəm və rəhbərlik etdiyim portal da məhz bu istiqamətdə fəaliyyət göstərir. Portalımız prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıq və qətiyyətlə qorunan Azərbaycanın milli maraqlarına zidd olan məqamların, addımların, adamların və layihələrin üzə çıxarılmasında tərəddüdsüz mövqe tutub. 17 sentyabr 2019-cu ildə yayımladığımız “Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında”- DTX-nı hərəkətə keçirəcək şok fotolar” başlıqlı araşdırma da belə materiallarımızdan biridir.

Araşdırmada açıq internet resurslarındakı linklərə, fotolara, məqalələrə, o cümlədən keçmiş vəkil Aslan İsmayılovun özünün və oğlunun sosial şəbəkədəki paylaşımlarına istinad edilərək üzə çıxarılıb ki, ABŞ vətəndaşı, ABŞ-ın Cənubi Kaliforniya Universitetində təhsil alarkən Erməni Tələbələr Cəmiyyətinin sədri olmuş Kristina Puşau adlı şəxs Gürcüstanda QHT yaradaraq layihələr həyata keçirir və Aslan İsmayılovun kiçik oğlu Ziyəddin İsmayılov həmin proyektdə azərbaycanlılar üzrə koordinatordur. Erməni diasporunun Azərbaycan və Türkiyə əleyhinə dəfələrlə aksiya keçirmiş fəal nümayəndəsinin Tbilisidə azərbaycanlıları da cəlb edərək layihə həyata keçirməsi milli təhlükəsizliyimizlə bağlı həssas məsələ olduğundan həm sözügedən araşdırmanı saytımızda yayımlamış, həm də bu barədə qanunlarımızın tələblərini əsas götürərək həmin məqaləni və faktları hüquq-mühafizə orqanlarına təqdim etmişəm. Araşdırmada göstərilən bütün faktlar həqiqətdir, təkzib olunmazdır, səmimiyyətlə və qətiyyətlə deyirəm ki, məzmununda hər hansı böhtan və təhqir elementi yoxdur.

Buna baxmayaraq, keçmiş vəkil Aslan İsmayılov çox güman ki, elə erməni diaspor fəalı Kristina Puşaunun tövsiyyəsi ilə mənim jurnalist fəaliyyətimə təzyiq göstərmək üçün həmin məqalənin yayımlanmasından bir il sonra barəmdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi təqdim edib. Bu barədə təsadüfən (!) xəbər tutduqdan sonra məhkəməyə gedərək vəsatət qaldırmış, bütün lazımi sənədləri möhürlü qaydada təqdim edərək bildirmişəm ki, mənim və rəhbərlik etdiyim saytın Bakı şəhərinin Binəqədi rayonuna bir aidiyyəti yoxdur. Məhkəmə tamamilə doğru olaraq bu vəsatəti təmin edib. Nəticədə Aslan İsmayılovun tamamilə absurd iddia ərizəsi mənim daimi qeydiyyatda olduğum Bərdə rayon məhkəməsinə göndərilib. Bundan sonra Bərdə rayon məhkəməsi öz tərəfindən aidiyyəti tam dəqiqləşdirmək məqsədi ilə iddia ərizəsini Gəncə Apellyasiya Məhkəməsinə göndərib.

Mən 28 sentyabr 2020-ci il tarixində Dövlət Səfərbərlik Xidmətinin çağırışı ilə zabit kimi cəmi bir neçə saat ərzində səfərbər edilmiş, ön cəbhəyə göndərilmiş və 28 dekabr 2020-ci ildə müzəffər ordumuzun sıralarından tərxis olunana qədər hərbi qulluqçu statusu daşımışam. Ön cəbhədə olmağımı, Vətən savaşında iştirak etməyimi, özümü məhkəmədə müdafiə etmək imkanımın olmamasını fürsət bilən iddiaçı, hüquq bir yana, bütün mənəvi-əxlaqi dəyərləri ayaq altına alaraq mənə, dövlətimizə və ordumuza qarşı öz məkrini davam etdirib. O, əldə etdiyim məlumatlara görə, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovu şantaj edərək işin təkrarən Binəqədi rayon məhkəməsinə göndərilməsinə nail olub. Bu qərar tamamilə əsassız və qanunsuzdur ona görə ki, Aslan İsmayılovun şantajına məruz qalmış Tapdıq Mahmudov işə baxarkən AzNews.az portalının qeydiyyat ünvanı ilə bağlı Azərbaycanda domenlərin qeydiyyatçısı olan şirkətdən aldığım və Binəqədi rayon məhkəməsinə təqdim etdiyim möhürlü arayışı görməzlikdən gəlib.

Hazırda bir jurnalist kimi əldə etdiyim məlumatlara görə, Aslan İsmayılov Binəqədi rayon məhkəməsinin sədrinə və xüsusi ittiham qaydasındakı işə baxan hakim Vüqar Məmmədova təsir və təzyiq göstərməyə çalışır və açıq internet resurslarından götürülmüş, “kor- kor, gör-gör” olan, hətta mənbələrini və tərcüməsini NOTARİAL QAYDADA təsdiq etdirdiyim faktları bir qırağa qoyub, onun şəxsi hikkəsi, qərəzi və sifarişi əsasında qərar çıxarılmasını, yəni mənim həbs olunmağımı tələb edir. Maraqlıdır ki, o məhkəmələrə və mənə qarşı digər təzyiqlərində Azərbaycan hakimiyyətində təmsil olunan çox yüksək bir vəzifəli şəxsin adını çəkir. Mən həmin yüksək vəzifəli şəxsin mənim həbsimin sifarişçisi olduğuna hələ inanmır, bu barədə deyilənləri indiki məqamda Aslan İsmayılovun növbəti, eyni zamanda, mənimlə qarşılıqlı hörmət münasibətlərinə malik olan həmin məmura qarşı avantürası hesab edirəm.

Cənab prezident!

Bütün bunları nəzərə alaraq,

- Oğulları səfərbərlikdən yayınaraq Vətən müharibəsində iştirak etməmiş Aslan İsmayılovun jurnalist fəaliyyətimə mane olmaq üçün Binəqədi rayon məhkəməsinə təqdim etdiyi, predmeti erməni diaspor fəallarının Azərbaycana uzanan əllərinin ifşası olan araşdırma ilə bağlı absurd şikayətlə bağlı məsələləri şəxsi nəzarətinizə götürməyinizi;

- İştirakçısı olduğum Vətən müharibəsinin ən qızğın günlərində- 2 noyabr 2020-ci il tarixdə tamamilə əsassız və hüquq adına ləkə sayılacaq bir şəkildə Aslan İsmayılovun iddia ərizəsinin mənim və rəhbərlik etdiyim saytın heç bir aidiyyəti olmadığı Binəqədi rayon məhkəməsinə Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov tərəfindən yenidən göndərilməsinin “səbəblər”inin araşdırılması üçün Məkəmə-Hüquq Şurasına göstəriş verməyinizi xahiş edirəm.

Məhkəmə-Hüquq Şurasından isə xahiş edirəm ki, araşdırma zamanı o məqama xüsusi nəzər yetirilsin ki, Tapdıq Mahmudovun həyat yoldaşı Natəvan Mahmudovanın 2010-cu ildə sələmçilik fəaliyyətinə görə qətlə yetirilməsi və qətl zamanı evindən külli-miqdarda mənbəyi naməlum pul, qızıl və digər qiymətli əşyalar götürülməsi faktı Gəncə Gəncə Apellyasiya Məhkəməsi sədrinin Aslan İsmayılov tərəfindən şantaja məruz qoyulmasında necə rol oynayıb?!. Ümumiyyətlə, bu cür şantaja açıq və olduqca neqativ reputasiyaya malik şəxslərin hakim, məhkəmə sədri, Məhkəmə-Hüquq Şurasının üzvü olması dövlətimiz və ölkəmiz üçün nə qədər məqbuldur?

Cənab prezident!

Bütün bu məsələlərlə bağlı Sizi narahat etməyim heç də arzuladığım bir hal deyil. Lakin hazırda səhhətimdə yaranan problemlərlə məşğul olmaq, psixoloji reabilitasiya keçmək əvəzinə məhkəmə və digər hüquq-mühafizə orqanları tərəfindən təqib olunmağım üçün keçmiş vəkil Aslan İsmayılovun davamlı təhdid, böhtan və şantajlarını dayandırmaq üçün başqa bir yol da yoxdur. Şantajçılarla sələmçilərin rahatlıqla "ittifaq" qurduğu məhkəmə sisteminəki bəzi hakimlərə ermənilər belə istənilən sifarişi verə bilərlər. Mən Sizin Ali Baş Komandanı olduğunuz müzəffər Azərbaycan ordusunun zabiti olaraq vətən uğrunda ölümdən qorxmadığım kimi, erməni diasporunun maraqları çərçivəsində Azərbaycanda həbs olunmaqdan da çəkinmirəm. Əgər belə bir hal baş verərsə, Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə haqsız yerə həbs edilən İlham Əliyevin ilk səmimi və təmənnasız tərəfdarı olan vicdan məhbusu olacam. Lakin mənə təsir edən və ağır gələn odur ki, erməni diasporunun fəaliyyətini ifşa etdiyim üçün öz ölkəmdə məhkəmələrin əli ilə təqiblərə məruz qalıram və Azərbaycan məhkəmə sistemində yüksək vəzifələr tutan Tapdıq Mahmudov kimi hakimlər öz təmiz olmayan bioqrafiyaları, reputasiyaları səbəbindən oğlu erməni diaspor fəalının layihəsində koordinator olmuş Aslan İsmayılov kimilərinin şantajı ilə qanunları istədiyi şəkildə tapdalayır. Bir daha Baş qazimiz olaraq Sizi salamlayır, müzəffər yürüşünüzdə yeni tarixi qələbələr arzu edirəm!

Hörmətlə,

Taleh Şahsuvarlı,

AzNews.az analitik-informasiya portalının baş redaktoru,

“Ağdamın azadlığına görə” medalı ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı