ƏLİ HƏSƏNOVLA ƏLAQƏLƏRİM, ASLAN İSMAYILOVLA ÇƏKİŞMƏM, MƏRUZ QALDIĞIM TƏZYİQ VƏ DİSKRİMİNASİYA BARƏDƏ

İlham Əliyevin reytinqinin ən yüksək həddə olduğu bir zaman dilimində Aslan İsmayılovun ultimatumlarını qəbul edənlər, Allah uzaq eləsin, sabah çətin bir situasiya yaransa, dövləti, prezidenti, hakimiyyəti necə qoruyacaqlar?

Əziz dostlar,

Mən 10 mart 1977-ci ildə Bərdə rayonunda anadan olmuş, Bakı şəhərində 20 saylı məktəb-liseyi bitirmiş, Bakı Dövlət Universitetində fəlsəfə tarixi üzrə bakalavr və magistr təhsili almış, ABŞ-ın Kaliforniya ştatında ictimai siyasət üzrə xüsusi kurs keçmişəm. Ailəliyəm, 3 övladım var. Zabit kimi 44 günlük Vətən savaşında iştirak etmiş və Ali Baş Komandanımız tərəfindən “Ağdamın azadlığına görə” medalı ilə təltif olunmuşam. Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə kitab müəllifiyəm. 1995-ci ildən etibarən, BDU-nun tələbəsi ola-ola müxtəlif qəzetlərlə əməkdaşlıq etmiş, Azərbaycan mediası tarixində ən gənc qəzet baş redaktoru olmuşam. 1 avqust 2018-ci ildən AzNews.az analitik informasiya portalının baş redaktoruyam.

Jurnalistika sahəsində çalışdığım 23 il ərzində, yəni AzNews.az analitik-informasiya portalına rəhbərlik edənə qədər Azərbaycan prezidentinin sabiq köməkçisi Əli Həsənovla heç bir əlaqəm və bağım olmayıb, hətta jurnalist kimi ondan heç müsahibə də götürməmişəm. 2016-cı ilin yazında redaktoru olduğum “Gündəlik Teleqraf” qəzeti redaksiyadan asılı olmayan səbəblər üzündən nəşrini dayandırdıqdan sonra 2 ildən artıq bir müddətdə işsiz qalmışdım. Həmin ərəfədə sadiq və prinsipial müdafiəçisi olduğum Azərbaycan prezidenti İlham Əliyevə dəfələrlə məktubla müraciət etmiş və media sektorunda işlə təmin olunmağıma köməklik göstərilməsini xahiş etmişdim. Məhz həmin müraciətlərdən sonra, o zaman prezidentin köməkçisi və PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışan Əli Həsənov məni kabinetinə dəvət edib və dövlət başçısının siyasi kursunu müdafiə edən təcrübəli jurnalist və siyasi analitik olaraq işsiz qalmağımdan təəssüfləndiyini bildirib. Bəli, mən zəhmətkeş bir ailənin övladıyam, üzərimdə böyük bir külfətin məsuliyyəti var, əgər bir imza olaraq özümü təsdiq edə bilmişəmsə, bu, dişimlə-dırnağımla apardığım mübarizənin, intellekt toplamaq üçün qaldığım yuxusuz gecələrin, nəhayət Tanrının verdiyi azacıq istedadı peşəkar relsə salmağımın nəticəsidir. Odur ki, kasıblıq mənim üçün utanılacaq bir hal deyil, dəbdəbəli imarətlərim, hər hansı biznesim və yüksək xərc tələb edən bir həyat tərzim yoxdur. “Gündəlik Teleqraf” qəzetində işlədiyim bir müddətdə kreditlə özümə bir maşın almışdım, devalvasiyadan sonra banka borcum ceyran belinə qalxdığından, satıb birtəhər dəftəri bağladım. Ancaq həmin dövrdə belə, siyasi hakimiyyətin əleyhinə bir kəlimə danışmadım. Əli Həsənov bildirdi ki, bu qədər işsiz qalmağın, borcun-xərcin müqabilində sənin hakimiyyətə qarşı sabit mövqe tutmağın diqqətəlayiqdir. O, həmçinin cənab prezidentə ünvanladığım məktubları xatırladaraq AzNews.az saytına rəhbərlik etməyimi tövsiyyə etdi. Başqa sözlə, mən Əli Həsənovu Azərbaycan prezidentinin köməkçisi olduğu üçün tanımış, onunla rəsmi kabinetində görüşmüş və dövlət başçımız tərəfindən ona göstərilən etimad çərçivəsində işgüzar münasibətlərdə olmuşam. Əli Həsənov tutmuş olduğu vəzifəyə əsasən, o zaman dövləti, hakimiyyəti, prezidenti təmsil edirdi, mən də onun timsalında dövlətlə, hakimiyyətlə, prezidentin komandası ilə əməkdaşlıq etmişəm. Bütün jurnalist cameəsi çox yaxşı bilir ki, həmin müddətdə digər media quruluşlarında çalışan baş redaktorlarla eyni səviyyədə deyil, ortabab müxbirlərin aylıq məvacibindən çox olmayan məbləğdə maaş almışam. Kimlər media sektorunda Əli Həsənovun da ən yüksək vəzifələrindən birini tutduğunu mövcud iqtidardan gen-bol bəhrələnib, ucundan-qulağından mən də bilirəm, amma mən o siyahıda ümumiyyətlə yoxam. 2009-cu ildə Axar.az saytını mən yaratmışdım, Elnur Aslanova, Fuad Ələsgərova, Əli Həsənova dəfələrlə ismarıc yolladım, bir qəpik vermədilər. “525-ci qəzet”in Tərcümə Mərkəzindəki redaksiyasında balaca bir otaq vermişdi Rəşad Məcid, Sabit Bağırovun ofisindən atmaq istədiyi köhnə stol-stulu gətirib düzmüşdük qabağımıza. Ziya Məmmədov, Kəmaləddin Heydərov kisə-kisə pul, Ramiz Mehdiyev qutularla orden-medal paylayırdı, bizə çatanda Xəzərdə neft tükənirdi. İndi hamısı islahatçı olub, yenilikçi olub, adları çəkilən və çəkilməyən məmurlara qarşı mübariz mövqe tutan olub, amma bircə mən olmuşam Əli Həsənovun adamı, nəinki adamı, hətta trolu. Başa düşmürəm, niyə Ramiz Mehdiyevin PA rəhbəri, Əli Həsənovun prezidentin köməkçisi olduğu dönəmlərdə müxtəlif dövlət qurumlarında babat vəzifə tutanlar, bu gün prezident tərəfindən daha da irəli çəkilənlər olmur da, iştirak etdiyim üç seçkidə məhz qələbə qazanmaq şansım ən yüksək olduğuna görə, adı axırdan birincilər sırasında yazılan mən oluram “köhnələr”in adamı? Məntiqlə məhz onların vəfa borcu, minnətdarlıq hissi, mənəvi öhdəlikləri daha çox olmalıdır axı elə Həsənovun qarşısında!..

Bilin və agah olun: hazırda mənim Əli Həsənovla birbaşa və ya dolayı şəkildə əlaqəm, qarşısında hər hansı öhdəliyim yoxdur. Əli Həsənov mənim, eləcə də Aznews.az saytının fəaliyyətinə cüzi səviyyədə olsa belə, təsir göstərmir. Belə bir təşəbbüs və ehtimal da yoxdur, heç olmayacaq da. Nə Əli Həsənovun revanş məqamı gözləyən vaxtıdır, nə də mənim macəra axtaran yaşım. Təsadüfən xeyirdə-şərdə rastlaşsaq, yaxınlaşaram, görüşərəm, hörmətini saxlayaram, amma bu heç bir siyasi rəng, xüsusən də qara rəng daşımaz, daşımamalıdır. Məsələn, Çingiz Qənizadə ilə həm şəxsi münasibətimiz var, həm də bir mərhum qohumumla gənclik dostu olub. İndi mən xeyirdə-şərdə rastlaşanda Çingiz müəllimdən yan gəzim ki, o daha deputat deyil? Yaxud Sabir Rüstəmxanlı mənim hər zaman hörmətlə yanaşdığım insanlardandır, dünən deputat deyildi, indi yenidən millət vəkilidir. Siz mənim Sabir Rüstəmxanlı deputat olmayanda əleyhinə asıb-kəsən, bu gün isə qarşısına yüyürüb şəkil çəkdirmək üçün dilə tutan halımı təsəvvür edirsiniz? Deməyim odur ki, əgər bu gün hakimiyyətdə və cəmiyyətdə kimlərinsə Əli Həsənovla şəxsi, ictimai, siyasi bir problemi varsa, bu, mənim məsələm deyil. Mənim məsələm o idi ki, Əli Həsənov çox ciddi sıxıntılarla üz-üzə qaldığım bir dönəmdə, siyasi hakimiyyətin təmsilçisi olaraq mənə dəstək vermişdi, mən də o vəzifədən getdikdən sonra bacardığım qədər mediada məruz qaldığı hücumların bir qisminin qarşısına çıxaraq, hesab edirəm ki, bir ləyaqət nümunəsi ortaya qoydum. Bu, mənim xarakterimdən, mənəvi prinsiplərindən qaynaqlanan hərəkətdir. Yada salmaq istəyirəm ki, 1995-ci ildən bu yana mən İrfan Sapmaz, Sahib Alıyev, Şahvələd Çobanoğlu, Bahəddin Həziyev, Mehman Cavadoğlu, Rəşad Məcid, Rauf Arifoğlu, Afiq Mirzəbəyli, Vüsalə Mahirqızı, Aynur Camalqızı kimi baş redaktorların rəhbərlik etdiyi nəşrlərdə ya çalışmış, ya da qonorar müqabilində, bəzən də təmənnasız şəkildə, məqalələrlə çıxış etmişəm və onların heç biri haqqında bu günə qədər nə üzdə, nə arxada mənfi bir fikir səsləndirmişəm. Zənnimcə, kim insaniyyəti, əxlaqi prinsipləri unudaraq cəmiyyətimizin ziyalı təbəqəsinin önəmli bir parçası olan jurnalistlərin “ipiqırıq” obrazını yaratmaq istəyirsə, ilk növbədə Azərbaycan prezidenti İlham Əliyevə gələcək dönüklüklərin zəminini formalaşdırır. Mən isə məhz prezident İlham Əliyevi dəstəkləyir və özümü ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının daşıyıcısı sayıram. Elə bu səbəbdən Azərbaycan prezidentinin siyasi komandasında olmuş, olan, olacaq heç bir məmura qarşı önyarğım yoxdur. Dünən hakimiyyətdə təmsil olunan komanda üzvlərinə prezidentin etimadı çərçivəsində sayğı göstərdiyim kimi, bu gün görəv sahibi olanlara da ehtiramla yanaşıram. Bu gün, artıq populyarlıq qazanmış ifadə ilə desək, “yeni komanda”da kimin gözünə necə görünməyimdən asılı olmayaraq, mənim üçün ümumi ehtiramın meyarı dəyişməyib- biz eyni siyasi liderin tərəfdarlarıyıq. Hamımız ondan öyrənməli, nümunə götürməliyik. İradəli olmağı, şantaja boyun əyməməyi, hər bir vətəndaşın Azərbaycana xidmət etmək imkanlarını genişləndirmək yönündə israrlı olmağı bacarmalıyıq. İnsanları qaralamaq yox, qazanmaq lazımdır, dövlətin bu yüklü günündə süni problemlərlə yükləməyə nə hacət? İlham Əliyev vətən savaşı günlərində bütün xalqı vahid orduya, dəmir yumruğa, qələbəyə can atan əzmkar komandaya çevirmişdi. İndi o qələbəni urvatsızlaşdırmaq, cəmiyyəti bölmək, özləri ortaya heç bir prinsipial mövqe qoymadıqları halda, ortada yeyib, qıraqda gəzmək istəyənlərin felinə uymağın adı nədir? Allaha çox şükür, mənim hər kəsin yanında alnım açıq, üzüm ağdır. Rüşvətxor deyiləm, KİVDF-dən pul almamışam, dövlətin büdcəsini talamamışam, xalqın malına, yetimin ruzisinə əl uzatmamışam. Bəs, bu nə təzyiq, nə diskriminasiyadır belə? Bəli, hazırda- fəal və prinsipial tərəfdarı olduğum İlham Əliyevin hakimiyyətdə olduğu bir dövrdə, çox təəssüflər olsun ki, çox ciddi təzyiqlər və diskriminasiya ilə üzləşirəm.

Məlumunuzdur, keçmiş vəkil Aslan İsmayılov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmişəm. Belə ki, ABŞ-ın Cənubi Kaliforniya Universitetində təhsil alarkən Erməni Tələbələr Cəmiyyətinin liderlərindən olmuş Kristina Puşau adlı bir ABŞ vətəndaşının Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində həyata keçirdiyi layihədə Aslan İsmayılovun oğlu koordinator vəzifəsi tutmuşdur. 17 sentyabr 2019-cu ildə mən bir jurnalist olaraq bu faktı açıq internet resurslarında yer alan məlumatlar əsasında üzə çıxarmış və yayımlamışam. Üzərindən bir il keçdikdən sonra, o, bu məqalə ilə bağlı Binəqədi rayon məhkəməsinə barəmdə xüsusi ittiham qaydasında şikayət verib. Məqalədəki təkzib olunmaz məlumatların yer aldığı internet linklərini, foto və videoları NOTARİAL QAYDADA təsdiq etdirərək məhkəməyə təqdim etmişəm. Buna baxmayaraq, Aslan İsmayılov müxtəlif yüksək ranqlı məmurları, hakimləri, o cümlədən şəxsən məni təhdid edərək peşə fəaliyyətimə əngəl törədir, həbsimə nail olmaq istəyir. “Səni ac və lüt qoyacam” deyə 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən Jurnalistlər Binasında mənə verilmiş evi satdıracağını bəyan edir. Az qala hər gün sosial şəbəkələrdə barəmdə heç bir əsası olmayan cəfəngiyyatlar və təhqirlərlə çıxış edən Aslan İsmayılovun həm məhkəmə, həm də məhkəmədən kənar müstəvidə reallaşan təzyiqləri qarşısında mən özümü müdafiə etməliyəm. Bu, mənim ən təbii haqqımdır. Bu təzyiqlər qarşısında illərdir yolunda can qoyduğum siyasi hakimiyyət nümayəndələrinin məni müdafiə etməsini ummağa da haqqım var. Prezidentə, köməkçilərinə, nazirlərə dəfələrlə açıq müraciət etmişəm, nədən bir dəfə Aslan İsmayılova deyilmir ki, get, o qərəz və hikkə yığını olan qondarma iddianı məhkəmədən geri çək! Deyilibsə, yerinə yetirilməyibsə, bu, artıq mənə meydan oxumaq deyil, sizə- hakim komandaya meydan oxumaqdır, cənablar! Erməni diasporunun fəalının maraqlarını Azərbaycan məhkəməsinə daşımaqla dövlətə, nazirləri, xidmət rəislərini, baş prokuroru, prezidentin köməkçilərini “yoxsa, sizə qarşı mübarizə aparacam” deyərək hakimiyyətə hədə yağdıran biri, prezidentin tərəfdarı, tanınmış imza, qazi olmağım bir yana, bir vətəndaşı “səni ac və lüt qoyacam” deyə açıq-açıq təhdid edirsə, bu “klaviatura cəngavəri” hara, iqtisadi, sosial, siyasi islahatların fəlsəfəsi hara? Budur yəni islahatların siması, sözçüsü? Və sonda bir sual da beynimə rahatlıq vermir: İlham Əliyevin reytinqinin ən yüksək həddə olduğu bir zaman dilimində Aslan İsmayılovun ultimatumlarını qəbul edənlər, Allah uzaq eləsin, sabah çətin bir situasiya yaransa, dövləti, prezidenti, hakimiyyəti necə qoruyacaqlar? Şəxsən mən işsiz də qalaram, pulsuz da qalaram, ac da qalaram, çılpaq da qalaram, maşınımı, evimi də sataram, amma beləsinin qarşısından qaçmaram!

Taleh Şahsuvarlı