İvan evinə dönəcək, Lavrov!

Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov Bakıdadır.

Bu səfər Kremlin Qafqaz siyasətində buraxdığı səhvlərin aradan qaldırılacağına ümid yaradırdı.

Aydın məsələdir ki, Rusiya kimi bir dövlətdə xarici işlər naziri öz səlahiyyətləri çərçivəsində belə həlledici fiqur deyil. Bununla belə, Kremlin xarici siyasətinin formalaşmasında və həyata keçməsində diplomatik qurumların heç nə həll etmədiyini düşünmək də yanlış olardı.

Odur ki, Sergey Lavrovun Bakıda apardığı danışıqlar həm Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatı, həm də Azərbaycanın öz suveren ərazilərinə nəzarətin tam bərpası baxımından xeyli sualların mövcud olduğu bir dönəmə təsadüf edir.

Bu dönəmdə Rusiyadan gözlənilən səmimiyyət, dürüstlük və praqmatizmdir.

Zira, cənab Lavrovun bu gün Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra verdfiyi açıqlamalardan belə məlum olur ki, Rusiyan diplomatik korpusunun rəhbəri regionun yeni paradiqmasına düşüncə baxımından uyğunlaşmış deyil.

Budur, Lavrov deyir:

"Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”.

Əvvəla, Laçın yolundan mülki və humanitar yüklərin hərəkətinə kim mane olur?

Azərbaycan vətəndaş cəmiyyətinin fəalları Şuşanın alt hissəsində ekoloji tələblərlə aksiya keçirir və bu aksiyanı bəhanə edib ermənilərin yoldan keçidinə problem yaradan elə Rusiyanın Sülhməramlı Kontingentidir.

İkincisi, hər gün həmin yoldan "Qırmızı Xaç" və RSK Xankəndiyə humanitar yük, İrəvana xəstə daşıyır. Odur ki, heç bir halda Xankəndinin blokadaya alınmasından söhbət gedə bilməz.

Üçüncüsü, Laçın dəhlizindən təyinatı üzrə istifadə edilməməsi bağlı Azərbaycanın şübhəsi deyil, faktları, həm də çox sayda faktları var.

Bu faktlar da Azərbaycan cəmiyyətinin və rəsmi Bakının Rusiya Sühməramlı Kontingentinin öz məsuliyyət zonasında, yumşaq desək, məsuliyyətsiz davranması haqqında rəy formalaşdırıb.

Azərbaycan Üçtərəfli Bəyanata əsasən Laçın yolunda hərəkətin təhlükəsizliyinə təminat verib. Lakin bu zəmanətin verildiyi Bəyanatın 6-cı maddəsində Azərbaycanın yoldan humanitar məqsədlər üçün istifadə edilməyəcəyi təqdirdə nəzarət-buraxılış məntəqəsi yaratmasına mane olan heç bir şərt yoxdur.

Odur ki, Lavrov birbaşa və ya dolayısı ilə Azərbaycana vətəndaş cəmiyyəti fəallarının aksiyasını, başqa sözlə, dəhliz üzərindəki ictimai nəzarəti dayandırmağı təklif edirsə, o zaman bunun qarşılığında Xankəndiyə qeyri-humanitar yüklərin və revanşistlərin, terrorçuların daşınmasına hansı mexanizmlərlə nəzarət olunacağını da açıq bildirməlidir.

Fərz edək ki, yolda texniki vasitələr, daha aydın desək, yüklərin növünü aşkarlayan skaner quraşdırıldı və aşkar edildi ki, bölgəyə silah-sursat daşınır. Bunun qarşısını kim kəsəcək? Rusiya Sülhməramlıları belə diqqətli və dürüst idilərsə, 44 günlük savaşdan sonra istehsal olunmuş minalar Qarabağa necə daşınıb? Bundan savayı, yol RSK-nın ümidinə qalanda Ermənistanda, Avropada, Amerikada avantürist qalmamışdı, hamısı gəlib Xankəndidən Azərbaycana barmaq silkələyirdi. Bunu da keçdik. Xankəndidə qanunsuz erməni silahlı birləşmələrini hələ də Ermənistan əsgər və zabitlə təmin edir. Tərxis, məzuniyyət, ezamiyyət zamanı mülki geyimlə hərəkət edən bu əsgər və zabitlər əllərini, qollarını sallaya-sallaya dəhlizdən keçirlər. Bunun bir sonu olmalı deyilmi?

Azərbaycan və Ermənistan sərhədində Nəzarət-Buraxılış Məntəqəsi quraşdırılmalıdir və quraşdırılacaq. Bu, Azərbaycan və Ermənistan rəhbərliyinin verəcəyi və icra edəcəyi qərardır. Lavrovun, Rusiyanın bu məsələyə müdaxilə etməsi, mane olması nə başadüşüləndir, nə də qəbul olunan.

Lavrovun verdiyi bu bəyanatlar, ortaya qoyduğu bu cür destruktiv mövqe sülh prosesini tormozlamaqla yanaşı, Azərbaycanı Rusiya Sülhməramlı Kontingentinin Qarabağda qalma müddətini uzatmamağa təhrik edir.

İvan evinə dönəcək, Lavrov!

Taleh ŞAHSUVARLI