Altıntop Türkiyə futbolunun problemlərini “xırdaladı” Altıntop Türkiyə futbolunun problemlərini “xırdaladı”
  • Fanat
  • 22 Oktyabr 2018 17:11
  •  1 263

“Heç kəs Terim, Günəş və ya Dənizli ilə üz-göz olmaq istəmir”

Altıntop Türkiyə futbolunun problemlərini “xırdaladı”

Bu yay karyerasını bitirən Hamit Altıntop "Milliyət" nəşrinə müsahibə verib. 36 yaşlı Hamit, Türkiyə yığmasında top qovmuş oyunçular arasında ən yaxşı karyeraya malik futbolçulardan biridir. O, müsahibədə Türkiyə futbolunun problemlərini qabardıb.

AzNews.az müsahibəni təqdim edir:

- "Qalatasaray"dakı son günlərindən başlayaq. Klubla vidalaşmağın necə baş verdi?

- Zədədən qayıtdıqdan sonra heç cür əvvəlki formamı bərpa edə bilmədim. Özünəinamı da itirmişdim. Rikerinkdən, mənə heç olmasa, 5-10 dəqiqə şans verməsini istəyirdim. Fikirlərimiz üst-üstə düşmədi. Daha çox kubok matçlarında mənə şans verirdi. "Tuzlaspor"a qarşı səfər oyunu karyeramın bəlkə də ən uğursuz matçı oldu. Heç topu da saxlaya bilmirdim. Həmin gün anladım ki, ayrılmaq vaxtıdır. "Darmştadt"da az da olsa, toparlandım. Düzdü, sona qədər də əvvəlki Hamit ola bilmədim. Yeri gəlmişkən, karyeramın son rəsmi oyununda qol vurdum. "Darmştadt"ın heyətində "Qroyter"ə qarşı matçın son saniyələrində sol ayağımla asma etmək istəyərkən top tora daxil oldu...

- "Real"a transferini karyeranın ən önəmli anı adlandırmaq olarmı?

- "Real"la hələ 2011-in martında müqavilə imzalamışdım. Bundan 3 gün sonra şanssız şəkildə belimdən zədə aldım. Mourinyo ilə görüşüb zədəmin ciddi olduğunu anlatdım. Onlara "istəyirsinizsə, müqaviləni ləğv edə bilərik" dedim. Amma "Real" rəhbərliyi "həyatda belə şeylər olur, sən yenə sağalıb formanı bərpa edəcək və bizə fayda verəcəksən" dedi. Az da olsa, şans qazanırdım. Ayrılmağımı özüm rəhbərlikdən xahiş etdim. Fatih Terimə güvəndiyim üçün "Qalatasaray"a gəldim.

- Avropadan fərqli, ölkəmizdə sanki futbolçularla jurnalistlər arasında məsafə var.

- Bizdə səmimiyyət və inam yoxdur. Hamı bir-birinə rəqib gözü ilə baxır. Jurnalistlərdə obyektivlik çatışmır. Klub rəhbərlərini, böyüklərimizi tənqid etməyə hər jurnalistin cürəti çatmır. Tənqid edənin də bunda nəsə bir marağı olur! Problem də məhz bundadır. Burda hər kəs hansısa kluba bağlıdır. Hamit "Qalatasaray"lı, Mehmet "Fənərbaxça"lı, Əli "Beşiktaş"lıdır... Amma insanlığa sığmayan bir hərəkət varsa, tərəfkeşliyi bir kənara qoymalıyıq. Bir "Fənər"li meydana banan atırsa, digər bir "Fənər"li bunu tənqid etməyi bacarmalıdır. Bu, başqalarına da aiddir. Ölkəmizdə bir insanın üzünə, onun səhvini demək, səndən üstün olan birini tənqid etmək yaxşı hal sayılmır. Çünki hamı öz işini itirməkdən qorxur! Bu, tək futbolda yox, hər sahədə hiss olunur. Bir insan çörək pulundan məhrum olmamaq üçün yanlış hərəkətə yol verə və ya başqasının yanlışına göz yuma bilir. Ona görə də mənəvi dəyərlərimizi günü-gündən itiririk. Gəlin, açıq danışaq. Heç bir jurnalistimiz Terim, Günəş və ya Dənizli ilə üz-göz olmaq istəmir.

- Mourinyo, Van Qal, Terim kimi ünlü məşqçilərlə işləyibsən. Onları necə xarakterizə edərdin?

- Komanda qurmağı və futbolçudan maksimum potensial almağı bacarırlar. Taktika baxımından da çox güclüdürlər. Hamısında inanılmaz motivasiya və qələbə əzmi var. Məsələn, ötən mövsüm "Qalatasaray" sırf Terimin futbol biliyi və təcrübəsi sayəsində çempion oldu. Yoxsa "Qalatasaray" oyunu ilə heç də fərq yaratmırdı! "Beşiktaş"ın futbolu gözə daha çox xoş gəlirdi.

- Məşqçi olmaq niyyətin varmı?

- Xeyr. Məşqçilik heç ağlımın ucundan da keçmir. Düzdü, bəzən kurslara qatılıram. Məşqçiliyin elə məqamları var ki, məndə maraq doğurur. Bilmək olmaz, bəlkə sabah fikrimi dəyişdim. Amma Türkiyədə məşqçi işləmək əziyyətdir! Çünki hər kəs sənin işinə müdaxilə edir. Məşqçinin işinin konkret nədən ibarət olduğu bilinmir. Üstəlik, günün sonunda həmişə məşqçi günahkar sayılır.

- Bu mövsümdən etibarən superliqada VAR sistemindən istifadə olunur. Bu haqda nə düşünürsən?

- Almaniyada ötən ildən istifadə olunur. Yeni sistemə uyğunlaşmaq asan deyil. Tək futbolçular və fanatlar yox, hakimlər də buna uyğunlaşmalıdır. Biz hər şeyə yaxşı yox, pis tərəfdən yanaşırıq. Ona görə də, VAR-ın bu qədər söz-söhbətə səbəb olması məni təəccübləndirmir. Vaxt ötdükcə bu söz-söhbətlərin yoxa çıxacağını düşünürəm.

- İstedadlı gənclərimiz var. Amma onlar müəyyən yaşa çatandan sonra məhv olur. Bunun səbəbini nədə görürsən?

- Futbolun təməl prinsipləri hər yerdə eynidir. Amma iş əxlaqi dəyərlərə, bərabər hərəkət etmək nöqtəsinə çatanda, zəifliyimiz özünü büruzə verir. Valideyn 13 yaşında olan oğlunu futbola gətirəndə ona "heç kimə ötürmə vermə, özün qol vur" deyir. Hər şey də məhz bundan başlayır. Futbola yanaşma və baxış tərzimiz başdan-ayağa səhvdir! Bu nə Fatih Terimin problemidir, nə də federasiyanın.

- Legioner limiti haqda nə düşünürsən?

- Mən 2003-də "Şalke-04"də oynayanda heyətdə 9-10 nəfər əcnəbi idi. Məsələ komandada neçə əcnəbi futbolçunun oynaması yox, həmin komandanın ortaya nə qoyması, necə futbol sərgiləməsidir. İnsanlar stadiona gələndə futbolçunun türk olub-olmadığına baxmır. Onlar meydanda səviyyə görmək istəyirlər. Təbii ki, yerli futbolçulara da sahib çıxmaq lazımdı. Oyunçu yetişdiyi halda, kim gedib pul xərcləyib xaricdən futbolçu almaq istəyər? Amma oyunçu yetişdirmək də asan məsələ deyil. Bunun üçün normal baza, uşaq məşqçiləri olmalıdır.

- Superliqanın səviyyəsi haqda nə düşünürsən? Ötən mövsüm çox gərgin keçmişdi.

- Gərgin ola bilər, amma səviyyəli yox! Klublar arasında rəqabət, bir-birinə söz atmaq kimi şeylər var. Bu, idmanda həmişə olub, Türkiyədə də həmişə olacaq. Səviyyə isə klublarımızın Avropadakı çıxışı ilə ölçülür.

- "Qalatasaray"ın ÇL-də növbəti rəqibi sənə gözəl tanış olan "Şalke-04"dür...

- "Qalatasaray"ın qrupa qələbə ilə başlaması əla oldu. "Portu" ilə oyunda da gələcəyə ümid verən futbol nümayiş etdirdilər. "Şalke-04"lə iki oyuna minimum 3 xal qazanmaq lazımdı. 2 oyuna 1 xal qazanılsa, işlər çətinləşəcək. Helzenkirhenlilərin istedadlı oyunçuları var. Ötən mövsümü ikinci pillədə bitirdilər. Gənc, üzərində işləməyi sevən və motivasiyalı bir məşqçiyə sahibdirlər. "Şalke-04"ün yeganə mənfi cəhəti həm oyunçuların, həm də məşqçinin təcrübəsiz olmasıdır.

- Fillip Koku haqda nə düşünürsən? "Fənərbaxça" onu gətirməklə düzgün etdi?

- Kokunu tanımıram və təyinatın düzgün və ya yanlış olduğunu müzakirə etmək mənə yaraşmaz. Amma Əli Koçun ideyaları, fəlsəfəsi çox xoşuma gəlir. İdarəçilik sisteminə yenilik gətirmək istəyir. Komanda hər mənada keçid dönəmindədir. Məncə, məşqçilər korpusunda çempionatı, rəqibləri yaxından tanıyan, bitərəf mövqe tutan birisi mütləq olmalıdır. Bu, komandanın işini asanlaşdırar. "Bavariya"ya Van Qal gələndə ilk həftələr çox çətin idi. Səhv etmirəmsə, komanda 10-cu pilləyə qədər geriləmişdi. Amma rəhbərlik Van Qala inandı və komanda özünə gəlməyə başladı. "Bavariya" həmin mövsüm 2 titul qazanıb ÇL-in finalına yüksəldi.

- Volkan Dəmirəl heyətdən kənarlaşdırılıb. Mehmet Topal isə ən çox tənqid olunanlardan biridir.

- Volkan xaraktercə aqressiv insandır. Amma pis niyyətli deyil. Onun, eləcə də Ardanın dəstəyə, məsləhətə ehtiyacı var. Uzun illərdi futbolun içində olan böyüklərdən kimsə oturub onlarla söhbət etməli, onlara səhvlərini deməlidir. Mehmet isə uzun illərdi eyni səviyyədə futbol oynayan və komandası üçün can yandıran oyunçudur. Heç vaxt gündəmə düşməyə can atmır. Əsl komanda oyunçusudur. Məncə, "Fənərbaxça"da tənqid ediləcək ən sonuncu futbolçu Mehmet Topaldı.

- Yığma komanda ilə bağlı nə düşünürsən? Tunelin sonunda işıq görünürmü?

- Dərdimiz bilinmir - məşqçi günahkardır, yoxsa, oyunçular? Luçesku kimi təcrübəli məşqçi keçid dönəmi üçün pis seçim deyil. Amma ondan sonra üçün plan varmı? Bizdə hamı futbolu bilir. Hamı ya məşqçi olmağa can atır, ya da futbol şərhçisi. Amma az maaşa gedib aşağı yaşlılarla işləmək istəyən yoxdur.

- Hə üçün uğurlarımız həmişə qısamüddətli olur? 2002 və 2008-dəki uğurların davam gəlmədi.

- Bizdə uğur, əslində uğursuzluqdu! Səlcuk İnanın cərimə zərbəsindən vurduğu qol sayəsində AÇ-yə getdik. O turnir bizə nə verdi və bizdən nə aldı? Ona baxmaq lazımdı. 2008-də mükəmməl AÇ keçirən həmin komandada olanlar bu gün nə işlə məşğuldurlar? Xoşbəxtdirlərmi?

- Özün xoşbəxt deyilsən?

- Kifayət qədər xoşbəxtəm.

© AzNews.az