Bakıda keçirilən yarışlara 78 ölkədən biletlər alınıb Bakıda keçirilən yarışlara 78 ölkədən biletlər alınıb
  • Fanat
  • 23 Oktyabr 2018 13:53
  •  1 222

30 minə yaxın bilet satışa çıxarılıb - Nigar Arpadarai

Bakıda keçirilən yarışlara 78 ölkədən biletlər alınıb

Müsahibimiz “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadaraidir

- 2019-cu ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin bilet satışına oktyabrın 16-da start verilib. Ümumilikdə, həmin Qran-Priyə nə qədər bilet satışa çıxarılıb?

- Həmişəki kimi, adətən satışda ümumilikdə 30 minə yaxın bilet olur. Formula 1-in Bakı treki 9 tribunadan ibarətdir. Tribunalar ümumilikdə 18 min azarkeş tutumuna malikdir. Tribunalarda olan yerlərin sayı dəyişmir. Sadəcə olaraq biz şirkətlər üçün əlavə yerlər yaradacağıq. O baxımdan şirkətlərin ayrıca boksları olacaq. Orada olan biletlərin sayı bir qədər artıq olacaq. Ümumilikdə isə 9 tribunada olan yerlər və ayaqüstü yerlər üçün biletlər satışa çıxarılıb. Həmçinin nəzərə almaq lazımdır ki, birgünlük, üçgünlük və dördgünlük biletlər var. Ona görə də biletlərin kateqoriyaları çoxdur.

- 2019 Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışı nə vaxt yekunlaşacaq?

- Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı adətən son həftəyə qədər davam edir. Tribunaların hər birində yerlər qurtardıqda, biz onu elan edirik ki, filan tribunaya artıq bilet satışı yekunlaşıb. Adətən yarışların başlanmasına bir həftə qalanadək biletlər satışda olur. Yarışa hazırlıq plana uyğun olaraq davam edir. Formula 1 azarkeşləri cari ilin sonuna qədər biletləri 20 faizədək endirimlə Bakının 13 satış məntəqəsindən əldə edə bilərlər. Azarkeşləri təklif qüvvədə olduğu müddətdə endirimdən yararlanmağa çağırırıq.

- Bəs, jurnalistlərin akkreditasiyası nə vaxt başlayacaq?

- Adətən bizdə Formula 1 yarışlarına jurnalistlərin akkreditasiyası dekabr və ya yanvar aylarında başlayır. Gələn ilin 26-28 aprel tarixlərində keçiriləcək 2019 Formula 1 Azərbaycan Qran-Prisinə jurnalistlərin akkreditasiyası çox güman ki, yanvar ayında başlayacaq. Akkreditasiya prosesi bir ay ərzində davam edəcək. Biz artıq bütün sənədləri topladıqdan sonra onları Azərbaycan Avtomobil Federasiyasına və Formula 1-ə yönləndirəcəyik.

- İndiyə qədər Bakıda keçirilən Formula-1 yarışlarına ən çox hansı xarici ölkədən bilet alınıb?

- İndiyədək Bakıda keçirilən Formula 1 yarışlarına xarici ölkələrdən azarkeşlər böyük maraq göstərirlər. Belə ki, ümumilikdə Bakıda keçirilən yarışlara 78 ölkədən biletlər alınıb. Xarici ölkələr sırasından ən çox bilet Rusiyadan alınıb. Bu statistikada ikinci yerdə Böyük Britaniya, üçüncü Ukrayna, dördüncü Almaniya, beşinci yerdə isə Niderland qərarlaşıb. (“İki sahil”)

© AzNews.az