Bir müddət sonra Mixaellə Korinna arasındakı dostluq sevgiyə çevrilir. Bir müddət sonra Mixaellə Korinna arasındakı dostluq sevgiyə çevrilir.
  • Fanat
  • 15 Yanvar 2019 14:06
  •  1 446

Əfsanəvi Şumaxerin sevgi hekayəsi - “Ona görə şəxsi təyyarəsini, bolidini satdı"

Bir müddət sonra Mixaellə Korinna arasındakı dostluq sevgiyə çevrilir.

Yanvarın 3-də yeddiqat dünya çempionu 50 illik yubileyini qeyd etdi. Əfsanəvi pilotun ailəsi onun doğum günü ilə əlaqədar rəsmi bəyanat yaydı:

“Mixaelin 50 illik yubileyini qeyd etdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk. Hədiyyə kimi Keep Fighting fondu virtual muzey yaradıb. Təqdim edilən "Schumacher. The Official App" əlavəsi hamınıza yenə onun nailiyyətlərini qiymətləndirməyə imkan verəcək.

Biz onun uğurlarını Kölndə sərgilənən şəxsi kolleksiyası ilə, sosial şəbəkələrdəki paylaşımlarla, Keep Flighting fondunun xeyriyyə tədbirləri ilə yada salırıq. Biz geriyə baxaraq, onun qələbələrini, rekordlarını və sevincli anlarını xatırlamaq istəyirik.

Siz arxayın ola bilərsiniz ki, o, əmin əllərdədir. Biz ona kömək etmək üçün mümkün olan hər şeyi edirik.

Xahiş edirik ki, Mixaelin istəyini nəzərə alaraq, şəxsi həyatı, eləcə də sağlamlığı ilə bağlı həssas mövzuları bir kənara qoyasınız. Dəstəyinizə görə minnətdarıq və 2019-cu ildə sizə xoşbəxtlik və sağlamlıq diləyirik”.

Mixael Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən yıxılması nəticəsində ölümcül baş beyin zədəsi alıb.

Çətin keçən 5 il ərzində Mixaelin həyat yoldaşı Korinna təslim olmur. Xəstəxanada onun yanından ayrılmayıb, evi isə onun üçün lazım olan bütün tibbi avadanlıqlarla təchiz edib. Tibbi xidmətlərə ay ərzində 100 min dollara yaxın pul xərcləyir, Mixael üçün 15 həkim çalışır.

Müalicə xərclərini qarşılamaq üçün, Korinna Norveçdəki evi, 9 nəfərlik Falcon şəxsi təyyarəsini 25 milyon funta satıb. Pilota 2000-ci ildə Ferrari komandasındakı ilk dünya çempionluğunu gətirən bolidini Nyu-Yorkda "Sotbis" hərracına qoyaraq, 7,5 milyon dollar əldə edib.

Korinna Mixaellə tanış olduğu dövrdə onun Mercedesdəki komanda yoldaşı Heinz-Harald Frentzenlə sevgili idi. 1990-cı ildə əyləncə gecəsində tanış olurlar, bir-biriləri ilə mehriban ünsiyyət saxlayırdılar. Buna baxmayaraq, komanda yoldaşına görə, bu gənc xanımla məsafəli davranmağa çalışırdı. Hələ məşhurlaşmamış 21 yaşlı pilotun Formula 1-ə gəlməsinə 1 il var idi.

1991-ci ildə Şumaxer Belçika Qran Prisində debütünü edir. O, Eddi Cordanın dəvəti ilə “Cordan” komandasında çıxış edən, taksi sürücüsü ilə dava etdiyinə görə həbsxanaya düşən Bertran Qaşonu əvəz edirdi.

Formula 1-də ilk uğurları ilə bir çoxlarını təəccübləndirməyə başlayan gənc pilot Korinna ilə dostluq etməyə davam edir. Tezliklə Korinna Frentzendən ayrılır. Bir müddət sonra isə Mixaellə Korinna arasındakı dostluq sevgiyə çevrilir.

Mixael Korinnada xüsusilə xeyirxahlığı dəyərləndirir və ona məşğuliyyətlərinə görə heyranlığını gizlətmirdi – Korinna at çapır, heyvanları hədsiz sevir, veterinar olmağı arzulayırdı.

Şumaxer dostlarının yanında lovğalanırdı ki, ona indiyə kimi Korinna qədər qayğı göstərən olmayıb. 1995-ci ildə cütlük evlənir. 1997-ci ildə Cina-Mariya adlı qızları, 2 il sonra isə Mik adlı oğlanları dünyaya gəlir.

İlk övladı dünyaya gəlməzdən öncə Korinna keçirdiyi bütün yarışlarda həyat yoldaşının yanında idi, ona dəstək olurdu. 1998-ci ildə L’Equipe jurnalına verdiyi müsahibəsində bildirmişdi ki, Mixaelə Formula 1-də mübarizə aparmağa heç vaxt mane olmayacaq:

“Onun yarışlara olan həvəsi sərhədsizdir. Buna görə o, çox böyük güc və xeyli vaxt sərf edir. Bu, onun həyatının mənasıdır. Mən onunla görüşəndə, o, artıq pilot idi. Bu səbəbdən onu necə var, o cür də qəbul etmişəm.”

Korinna yarışlarda çox xoşbəxt və qürurlu görünürdü. Sanki özü qalib gəlirdi.

1996-cı ildə Mixael ailəsini səs-küylü Monte-Karlodan sakit İsveçrəyə gətirir, Cenevrə gölü sahilində dəbdəbəli mülk alır.

Qızı Cina-Mariyanın doğumundan sonra, sponsorların təşkil etdiyi əyləncə gecələrini təxirə salır, evdə həyat yoldaşına kömək edir.

Şumaxerlərin İsveçrədəki həyatı sanki mükəmməl sosial reklama bənzəyirdi – qonşular bildirirdilər ki, Mixael və Korinna heç vaxt dalaşmır.

Cütlüyün bəlkə də ilk ciddi mübahisəsi isə Mixaelin Alp dağlarında keçirdiyi qəzadan əvvəl baş vermişdi. Mübahisəyə səbəb isə övladları idi.

Əvvəllər Mixael oğlu Mikin Formula pilotu olmasını istəmirdi. Bütün bunları süni həyat adlandırırdı. Daha sonra isə bu fikrindən daşınaraq, Korinnaya oğluna bu həvəsinə görə dəstək olacağını bildirmişdi.

Qızı Cina artıq at yarışları üzrə Dünya və Avropa çempionudur. 19 yaşlı oğlu Mik Şumaxer isə “Formula 3” çempionudur və atasının yolunu davam etdirəcək. Onun Formula 2 yarışlarına görə Bakıya gəlişi də gözlənilir.

Alp dağlarında baş verən hadisədən sonra, onların həyatı dəhşətli travmaya çevrilir. Nağıl dünyası zülmətə qərq olur. Altı ay Şumaxer süni komada qalır, başında çoxsaylı əməliyyatlar keçirir.

Halbuki, həmin qış kurortu ərazisi Şumaxerlər üçün sevimli istirahət məkanı idi. Burada onlar mütləq azadlığı hiss edirdilər.

2018-ci ilin avqustunda ailənin yaxın dostu, “Ferrari”nin keçmiş prezidenti Luca di Montezemolo bildirib ki, Mixael hər kəsə ümid işığı bəxş edib:

“Biz Mixaeli əlil arabasına yerləşdirib, evindən açılan möhtəşəm mənzərəni göstərdikdə, onun gözləri yaşarır.”

Bəzi mənbələrdə onun hətta oğlunun yarışlarını izlədiyi də deyilir.

Biz əfsanəvi pilotun hazırki vəziyyəti ilə bağlı demək olar, çox az məlumatlıyıq. Amma onun kiçik də olsa, normal həyata qayıtmaq şansı varsa, o, əzmi sayəsində mütləq bundan yararlanacaq.

Əsas odur ki, həyatının sevgisi olan Korinna daim onun yanındadır.

Fəridə Abdulla

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description