"Borussiya"nın Londona səfəri futbolçusuna görə gecikdi

Komandanın gənc oyunçusu Ceydon Sanço pasportu olmadan hava limanına gedib.

Almaniyanın "Borussiya" (Dortmund) klubunun Çempionlar Liqası üçün İngiltərənin paytaxtı Londona səfəri nəzərdə tutulan vaxtda reallaşmayıb.

Dortmund təmsilçisinin 1/8 final mərhələsinin ilk oyununda "Tottenhem"lə matç üçün səfəri futbolçusuna görə gecikib.

Komandanın gənc oyunçusu Ceydon Sanço pasportu olmadan hava limanına gedib. 19 yaşlı ingiltərəli hücumçu sənəd üçün evə qayıtmağa məcbur olub. Uçuşun, təxminən, yarım saat gecikdiyi bildirilib.

Qeyd edək ki, "Tottenhem" - "Borussiya" matçı fevralın 13-də Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu isə martın 5-də olacaq. (report)

AzNews.az