Lebron Ceyms ən çox pul qazanan basketbolçu seçildi

Cari mövsüm basketbolçu 88,7 milyon dollar qazanıb.

“Los-Anceles Leykers” klubunun forvardı 34 yaşlı Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) ən yüksək ödənişli basketbolçusu seçilib.

“Forbes”in versiyasına görə, cari mövsüm basketbolçu 88,7 milyon dollar qazanıb. Bu məbləğin 53 milyon dollarını basketbolçu reklam hesabına əldə edib.

İlk üçlüyü “Qolden Steyt Uorriorz” komandasının basketbolçuları qapayıblar. Belə ki, müdafiəçi Stefan Karri 79,5, forvard Kevin Dyurant isə 65 milyon dollar qazanıblar.

İlk onluqda Rassell Uestbruk (“Oklahoma”, 53,7 milyon), Ceyms Harden (“Hyuston”, 47,4 milyon), Kris Pol (“Hyuston”, 43,7 milyon), Yannis Adetokunbo (“Miluoki”, 43,2 milyon), Damian Lillard (“Portlend”, 41 milyon), Bleyk Qriffin (“Detroyt”, 39,1 milyon) və Pol Corc (“Oklahoma”, 38,6 milyon) yer alıblar.

Reytinq siyahısının ilk onluğunda qərarlaşan basketbolçular ümumilikdə 540 milyon dollar qazanıblar.(AZƏRTAC)

AzNews.az