"İlk hissədə daha çox qol imkanlarımız var idi" "İlk hissədə daha çox qol imkanlarımız var idi"
  • Fanat
  • 25 Mart 2019 21:08
  •  1 151

Nikola Yurçeviç: "Bir qol olmadı ki, ardı gəlsin"

"İlk hissədə daha çox qol imkanlarımız var idi"

"Maraqlı və gözəl oyun oldu. Hərçənd oyunun gedişi asan deyildi".

Bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

AVRO-2020-nin seçmə mərhələsinə məğlubiyyətlə başlayan komandamız bu gün "Bakcell Arena"da Litva ilə yoxlama görüşündə üz-üzə gəlib. Yeni baş məşqçi Yurçeviçin millimizin "sükanı arxası"ndakı ilk ev oyunu qolsuz heç-heçə ilə başa çatıb.

Xorvatiyalı mütəxəssis mətbuat konfransında oyunu dəyərləndirərkən bildirib ki, qələbə qazanmaq üçün hər şeyi ediblər: "Qalib gəlmək istəyirdik. İlk hissədə daha çox qol imkanlarımız var idi. Xorvatiya ilə çətin matçdan sonra mümkün olan hər şeyi etdik. İkinci hissədə bir çox dəyişikliklər oldu. Bunun fonunda oyunun ritmi itdi. Ümumi götürdükdə rəqibdən güclü idik. Sadəcə, bir qol olmadı ki, ardı gəlsin. Ümumilikdə komandadan razı qaldım".

N. Yurçeviç qeyd edib ki, Litva ilə matçda təkcə hesab yox, oyunçularını da iş başında görmək əsas hədəfi olub: "Əvvəlcədən istəyimiz qələbə idi. Bunun komandanın oyununa inam gətirəcəyini bilirdik. Ancaq bizim üçün təkcə hesab yox, oyunçuları görmək də vacib idi. Bu üzdən də matça 4 fərqli oyunçu ilə başladıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları müxtəlif situasiyalarda görmək istəyirdim. Həm mövqe, həm də düzülüş etibarı ilə asan deyildi. Bir çox şeyi qaçırmamağa çalışdıq. Yekunda alındıra bildiyimiz budur. Buna əlavə misal gətirmək istəyirəm. Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Belədə Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. Ömər Buludova da şans verməyi planlaşdırırdım. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Bu üzdən məmnun qaldım".

Xorvatiyalı mütəxəssis ilk hissədə daha yaxşı oyandıqlarını deyib: "Bir daha təkrar edirəm ki, ilk hissəni daha yaxşı keçirdiyimizi düşünürəm. Qol imkanlarımız da daha real idi. 100 faizlik şanslarımız oldu. İkinci hissədə oyunçularda yorğunluq başladı, üstəlik, dəyişikliklər oldu. Ümumi gəldiyim qənaət o oldu ki, oyun planında biz daha güclü idik. Pavel Paşayevin komandaya çağırılmamağına gəlincə, o zədəlidir. Əslində Pavel heyətdə yer almalı oyunçudur. Sadəcə, zədəli olduğu üçün çağırılmadı".

N. Yurçeviç matçda azarkeşlərin az olmasına da münasibət bildirib: "Mən də istərdim ki, çox azarkeş olsun. Tribunaların heç olmasa yarısı dolsa, atmosferlə daha yaxşı adrenalin yaranar və bəlkə də, bir və ya bir neçə qol vura bilərdik. Ola bilsin ki, havanın soyuq olmasından qaynaqlanır. Və ya azarkeş cəlb etmək üçün yaxşı nəticələr göstərməliyik. Məqsəd odur ki, daha yaxşı oynamalıyıq. Durumumuzu siz də bilirsiniz. Amma bunlara söykənmək istəmirik. Macarıstan və Slovakiya ilə qarşıdakı oyunlarda qələbə istəyirik. Amma bu, bizim istəyimizdir. Reallıq fərqli ola bilər. Hər halda bizim arzumuz budur". (ona.az)

AzNews.az