“Dakar-2020” Səudiyyə Ərəbistanında keçiriləcək

"Dakarın tarixində yeni səhifə açılır"

Məşhur Dakar ralli-reydinin təşkilatçıları yarışın 2020-ci ildə Səudiyyə Ərəbistanı ərazisində keçiriləcəyini bəyan ediblər.

“F1News.ru” xəbər verir ki, ralli-reydin Cənubi Amerikadan Yaxın Şərqə köçürüləcəyi barədə ilk məlumat cari ilin əvvəlində yayılsa da, yalnız bu gün rəsmi təsdiqini tapıb.

“Afrika gözəlliklərinin kəşfindən 30 il və Cənubi Amerika landşaftını əhatə edən macəra və tədqiqatlardan onilliklər keçdikdən sonra Dakarın tarixində yeni səhifə açılır. Dünyanın ən iri ralli-reydi Yaxın Şərqdə - Səudiyyə Ərəbistanında debüt edəcək. Burada yürüşçüləri təkcə macəra gözləməyəcək.

Ralli-reyd onlara özlərini tanış olmayan ərazidə sınamaq, idarəetmə və səmtləşmə bacarığını nümayiş etdirmək və çağırışları dəf etmək imkanı verəcək”, - deyə təşkilatçıların məlumatında bildirilir.

Təşkilatçılar qarşıdakı rallinin digər təfərrüatları barədə yaxın vaxtlarda danışacaqlarına söz veriblər.(AZƏRTAC)

AzNews.az