"Komandamız yaxşı hazırlaşıb" "Komandamız yaxşı hazırlaşıb"
  • Fanat
  • 18 İyun 2019 15:14
  •  4 937

Fərid Mansurov: “Əsas rəqiblərimizin...”

"Komandamız yaxşı hazırlaşıb"

Azərbaycanın 48 idmançısı "Minsk 2019" II Avropa Oyunları üçün Belarusun paytaxı Minskə gedib.

Həmin idmançılar yarışa daha tez başlayacaqlar və açılış mərasimində də əksəriyyəti həmin şəxslər olacaq.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov jurnalistlərə açıqlamasında yarışla bağlı gözləntilərinin yüksək olduğunu söyləyib.

O, I Avropa Oyunlarının Bakı keçirildiyini xatırladıb: "Komandamız yaxşı hazırlaşıb. Bütün idman növlərindən medal gözləyirik. Avropa Oyunları sürprizlərlə bol olur. Ona görə də arxayınlaşmaq olmaz. Əsas rəqiblərimizin hansı ölkələr olduğunu demək bir qədər çətindir. Çünki müxtəlif idman növlərində müxtəlif ölkələr favorit sayılır. Məsələn, güləşdə əsas rəqiblərimiz Rusiya, Türkiyə və Ukraynadır. Komandada atmosfer yaxşıdır və hər birindən medal gözləyirik. İdmançı uğur qazanırsa, bunu qoruyub saxlamalıdır. Çünki elə yeni idmançı ortaya çıxır ki, əvvəlki titullu rəqibini məğlub edərək sürprizə imza atır. Bütün idmançılarımıza uğurlar arzulayıram. Ümid edirəm ki, əziyyətləri yerdə qalmayacaq".

Boks üzrə Azərbaycan millisinin baş məşqçisi Vaqif Şirinov isə İlk Avropa Oyunlarında 6 qızıl medal qazandıqlarını, bu dəfə də daha yüksək nəticə göstərmək istədiklərini söyləyib: "Rəqiblərimiz Rusiya, İngiltərə, Ukrayna, İtaliya, Fransa, Bolqarıstan, Gürcüstan və s.-dir. Hər ölkənin müxtəlif çəki üzrə öz lideri var. Biz bütün yarışa qatılan boksçuları analiz etmişik. Oyunların həm də Avropa çempionatı sayılması məsuliyyətimizi ikiqat artırır".

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək.(report.az)

AzNews.az