Azərbaycanda insanlar çox mehribandır Azərbaycanda insanlar çox mehribandır
  • Fanat
  • 16 Sentyabr 2019 16:56
  •  1 213

Bakıdakı Gimnastika Arenasının zalı möhtəşəmdir - Kolumbiya gimnastı

Azərbaycanda insanlar çox mehribandır

Bakıdakı Milli Gimnastika Arenasının zalı möhtəşəmdir.

Bunu Kolumbiya gimnastı Vanessa Qalindo təsnifat yarışlarındakı çıxışından sonra deyib.

Gimnast bildirib ki, bu, onun iştirak etdiyi ilk dünya çempionatıdır:

“Mən çox həyəcanlıyam. Yarışlarda üç alətlə çıxış edəcəm. Bakıya ilk dəfədir ki, gəlmişəm. Deyə bilərəm ki, çempionatın təşkili çox gözəldir. Azərbaycanda insanlar çox mehribandır. Yarışların keçirildiyi zal isə möhtəşəmdir”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək. (Trend)