Taleyim və qismətimdən şikayətçi deyiləm Taleyim və qismətimdən şikayətçi deyiləm
  • Fanat
  • 23 Sentyabr 2019 09:55
  •  2 048

Şəhriyar Məmmədyarov Teymur Rəcəbovu qapıçı Buffona bənzətdi

Taleyim və qismətimdən şikayətçi deyiləm

“Əlbəttə, son oyunda dh gedişi əvəzinə h6 etsəydim, qələbə qazanacaqdım. Bu, birinci görüşdə də uduş idi”.

Bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov deyib.

34 yaşlı qrossmeyster Rusiyanın Xantı-Mansiysk şəhərində Dünya Kubokunun 1/8 finalında yığmadakı komanda yoldaşı Teymur Rəcəbova məğlubiyyətini şərh edib. O bildirib ki, tay-brekdə məğlub olduğu görüşdə qələbə də qazana bilərdi: “Əsas odur ki, gözəl şanslarım vardı. İstifadə edə bilmədim. Amma taleyim və qismətimdən şikayətçi deyiləm. Çünki mənə şans verildi. Teymura növbəti mərhələdə uğurlar arzulayıram. İnanıram ki, inamlı çıxışı davam edəcək. Özümə isə gələcəkdəki yarışlarda diqqətli olmağı arzulayıram. Artıq sevimli ailəmin, böyümüş oğlumun yanında olacağıma sevinirəm. Çempion olmaq bizim də qismətimizdə var. Bu gün deyil, sabah olsun. İnşallah, gözəl geri dönüş edəcəyəm”.

Ş. Məmmədyarov feysbuk səhifəsində oyununu Hollandiya millisi ilə də müqayisə edib: “Mən futbol üzrə Hollandiya yığmasına bənzəyirəm. Onlar kimi gözəl oynayıb, məğlub oluram. Sadəcə əziyyətimə heyfsilənirəm. Çox gözəl oynamışdım, amma qapıda Canluici Buffon dayanmışdı”.

Qeyd edək ki, Dünya Kubokunun 1/8 final mərhələsində əsas matçları heç-heçə oynayan qrossmeysterlər qalibi tay-brekdə müəyyənləşdiriblər. Yekunda 3,5:2,5 hesabı ilə qalib gələn T. Rəcəbov 1/4 finala yüksəlib. O, bu mərhələdə amerikalı Ceffri Şonqla üz-üzə gələcək. (APA)