Puşkaş stadionunda 67 155 tamaşaçı yeri var Puşkaş stadionunda 67 155 tamaşaçı yeri var
  • Fanat
  • 16 Noyabr 2019 21:35
  •  2 609

Bu stadiona giriş yalnız kredit kartı ilə mümkündür

Puşkaş stadionunda 67 155 tamaşaçı yeri var

Altmış il əvvəl istifadəyə verilmiş Macarıstanın həmin vaxt üçün ən böyük stadionu daha bir açılışa hazırlaşır. Son üç ildə bu idman arenası əsaslı rekonstruksiya olunub.

Bu günlərdə stadion Uruqvay yığması ilə keçiriləcək yoldaşlıq matçı ilə özünün yeni görkəmi ilə “açılış” edəcək.

O, əfsanəvi macar futbolçusu Ferents Puşkaşın adını daşıyır.

Bu idman obyektinin ümumi sahəsi 208 010 kvadrat metr, binasının sahəsi isə 60 703 metrdir. Binanın ən hündür nöqtəsi 50,7 metrə çatır, ən geniş yeri isə 261,3 metri əhatə edir. Futbol meydançası 105 x 68 metrdir.

Stadionun tribunası üç səviyyədə inşa edilib. Cəmi 36 274 kvadrat metrlik bu tribuna 57 142 metr damla örtülüb. Onun ən aşağı sahələri isə üstüaçıqdır və bu səbəbdən tamaşaçılar çətir götürməlidir.

Üç il davam edən rekonstruksiya işlərinə 15 min nəfər cəlb edilib. Burada 75 onmərtəbəli binanın tikintisinə yetəcək qədər – 19 min ton armaturdan istifadə olunub. Bundan başqa, tikinti işlərinə 150 min ton beton, 12 min ton metal konstruksiyalar sərf edilib ki, bunlar əfsanəvi Erjebet körpüsünün tikintisi üçün kifayət edərdi. Nəhayət, Budapeştlə Ankara arasında olan məsafəyə bərabər - 1700 kilometr uzunluğunda kabeldən istifadə olunub. Ən çətin olanı damın tikintisi olub ki, bunun üçün xaricdən qaldırıcı kran da gətirilib.

Puşkaş stadionunda 67 155 tamaşaçı yeri var. O, Avropada 19-cu və Vışeqrad dördlüyü ölkələrində ən böyük idman obyektidir. Yeni stadionun büdcəsi əvvəlcə 435 milyon avro olub, lakin Macarıstan üçün ağır maliyyə yükü olduğundan onu 415 milyonadək azaldıblar. Daha bir maraqlı məqam ondan ibarətdir ki, tamaşaçıları biletləri yalnız stadionun daxilində və kredit kartı ilə əldə edə bilərlər.(AZƏRTAC)

AzNews.az