Masallıda iki avtomobil toqquşdu - Ər-arvad xəsarət aldı

Masallıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11.30 radələrində Boradigah – Masallı şosesinin Ərkivan qəsəbəsindən keçən hissəsində sürücüsünün kimliyi hələlik məlum olmayan 90 OC 481 dövlət nömrə nişanlı yük maşını Masallının Çayqırağı kənd sakini, 1963-cü il təvəllüdlü Kazım Qiyas oğlu Rzayevin idarə etdiyi "VAZ-2106" markalı, 44 BF 506 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik avtomobilinə ciddi ziyan dəyib. Sürücü və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Maral Əkbər qızı Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Dərhal həkim nəzarətinə götürülmüş zərərçəkmişlərə zəruri tibbi yardım göstərilib və hazırda vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.