Oğuzda meşə yanır - Yenilənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oğuz rayonunda meşə zolağında yanğın barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisəsi baş verib.

Yanğın baş vermiş əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.

Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Hava şəraiti isti və küləkli olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.

***

15:25

Oğuz rayonunda meşə zolağı yanır.

Fövqəladə Hallar Nazirliyin (FHN) AzNews.az-a verilən məlumata görə, Oğuz rayonunun Xaçmaz kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğında Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub və yanğınsöndürmə işlərinə başlanıb.