“Dezinformasiyalar müəyyən qüvvələrə xidmət edir“

Bu ilin sonuna kimi Bakı-Tiflis-Qars dəmiryolunda ilk qatar yola düşəcək.

Bu barədə Modern.az saytına Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov məlumat verib. O bildirib ki, son günlər Bakı-Tiflis-Qars dəmiryolunda işlərin dayandırıldığı barədə dezinformasiyalar yayılır. N.Həsənovun sözlərinə görə, bu cür məlumatlar həqiqətə uyğun deyil:

"Layihə işə başlayan gündən onu istəməyən qüvvələr müxtəlif dezinformasiyalar yayır. Son günlər isə layihənin dayandırıldığı bağlı məlumatlar yayılır. Bu cür məlumatlar həqiqətə uyğun deyil. Hər üç ölkənin hökumət və dövlət başçıları nəinki layihəni dəstəkləyir, həm də bu işlərin gedişini izləyirlər. Təkcə bu il Koordinasiya Şurası Tiflisdə və Türkiyədə işlərin gedişini müzakirə edib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması məsələləri müzakirə olunub. Düzdür, hava şəraiti, tunellərin tikintisi ilə bağlı ləngimələr olsa da, bu o demək deyil ki, işlər dayandırılıb. Türkiyədə dağlıq relyefə görə işlər ləngimişdi, amma o demək deyil ki, dəmir yolunun tikintisi dayandırılıb".

Bu ilin sonuna qədər dəmiryolunda ilk qatarın istismara veriləcəyini deyən nazirlik rəsmisinin sözlərinə görə, növbəti ildə layihə ilə bağlı çox böyük işlər həyata keçiriləcək:

"Bu ilin sonuna ilk işçi qatarın buraxılması gözlənilir. Odur ki, bu cür dezinformasiyalar müəyyən qüvvələrə xidmət edir. Çox təəssüf ki, belə məlumatları yayırlar. Bir neçə gün bundan qabaq Gürcüstanın ərazisində işlərin gedişi ilə bağlı video görüntülər də çəkmişik. Kim istəyirsə, təqdim edə bilərik".

AzNews.az