“Onlarla görüşmək üçün davamlı olaraq İran tərəfinin müvafiq qurumları ilə danışıqlar aparırıq” “Onlarla görüşmək üçün davamlı olaraq İran tərəfinin müvafiq qurumları ilə danışıqlar aparırıq”

XİN İranda həbs olunanlarla görüş tələb edir

“Onlarla görüşmək üçün davamlı olaraq İran tərəfinin müvafiq qurumları ilə danışıqlar aparırıq”



"Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlarımızın həbsi ilə bağlı İrana nota verib və hazırda notanın cavabını gözləyir. Biz, bu cavabı aldıqdan sonra vətəndaşlarımızın azad edilməsi üçün müvafiq addımların hamısını atacağıq".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, hazırda Azərbaycanın Təbrizdəki Konsulluğu İran tərəfi ilə müvafiq danışıqları aparır:

"Biz vətəndaşlarımızla görüşmək tələbi irəli sürmüşük, İran tərəfinə bu barədə sorğu vermişik və hazırda cavab gözləyirik".

E.Abdullayev onu da vurğulayıb ki, Azərbaycan öz vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı lazımlı bütün addımları atır: "İrana verilən notaya cavab gözləməklə bərabər, eyni zamanda vətəndaşlarımızın azadlığa çıxması və onların həbsdəki durumunu öyrənmək, onlarla görüşmək üçün davamlı olaraq İran tərəfinin müvafiq qurumları ilə danışıqlar aparırıq".

Nazirlik sözçüsü, həmçinin, AMEA-nın elmi işçisi Xalidə Xalidlə birlikdə həbs edilən digər Azərbaycan vətəndaşlarının azadlığa buraxılmasına da münasibət bildirib. E.Abdullayev qeyd edib ki, nazirliyə vətəndaşlarımızın azadlığa buraxılması məsələsi ilə bağlı rəsmi məlumat daxil olmayıb: "İran mətbuatının yazılarında bildirilir ki, azadlığa buraxılanlar bizim yox, İranın vətəndaşlarıdır".

Qeyd edək ki, İranın "Oyannews" agentliyinin yaydığı məlumata görə, Təbrizdə Azərbaycan Respublikasının iki vətəndaşı ilə birlikdə həbs edilmiş 4 azərbaycanlı fəaldan 3-ü azadlığa buraxılıb. Bunlar aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxsdir. Fərhadi soyadlı şəxsin İran Qızıl Aypara Cəmiyyətinin Təbrizdəki aptekinin müdiri olduğu bildirilir
Hər üç azərbaycanlı fəal mülk girovu qoymaqla mayın 6-da azadlığa çıxıb. Azadlığa buraxılmış şəxslərə qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamı irəli sürülüb.
Qeyd edək ki, hər üç şəxs AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynovla birlikdə aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Onlar Oqtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda Azərbaycan Respublikasının iki vətəndaşının və azərbaycanlı fəal Məhəmməd Rəşidinin harada saxlanıldıqları məlum deyil.

Anar
AzNews.az