Bakıda məktəb binası yanır- Yenilənib

Bakıda litsey yanır

Bakıda Əlibəy Hüseynzadə 77 ünvanında yerləşən Bakı Türk Anadolu liseyində baş verən yanğın zamanı xəsarət alan olmayıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, saat 11.32 radələrində liseydə yanğın başlaması barədə məlumat daxil olub. Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə cəlb olunub, yanğın söndürülüb.

Yardımçı tikilidə generator otağında 6 kvadratmetr sahədə tavan, onun yaxınlığındakı yardımçı tikilidə 12 kvadratmetr sahədə məktəb ləvazimatları yanıb. Digər tikililərə ziyan dəyməyib.

Bakı Türk Anadolu Liseyinin direktor müavini Sədi Qafarov isə APA-ya açıqlamasında deyib ki, məktəbdə güclü yanğın baş verməyib. Onun sözlərinə görə, məktəbə aid transformatorda elektrikin oynaması nəticəsində anidən tüstü yaranıb: "Yanğınsöndürənlərə müraciət etdik. Qısa zamanda tüstünün qarşısı alınıb və ciddi hal yoxdur. Şagirdlərə və məktəbə heç bir ziyan dəyməyib. Hər şey qaydasındadır və təhlükə sovuşub".

Hazırda dərslərin normal şəkildə davam edib-etməməsi məsələsinə gəlincə, S. Qafarov qeyd edib ki, yuxarı siniflərdə tədris prosesi davam edir: "Amma ibtidai sinif şagirdlərinin həyəcan keçirməməsi üçün valideynlərə müraciət edilib və onlar evə buraxılıb. Narahatlıq üçün heç bir əsas yoxdur. Hər şey qaydasındadır".


*** 11:59
Nəsimi Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, yanğın Təzə bazarın arxasında yerləşən liseydə başlayıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğın söndürülməsi istiqamətində tədbirlər görülür.

AzNews.az