Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına daxil olan altı ölkədə miqrasiyanın vəziyyətinə dair hesabatı dərc edib Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına daxil olan altı ölkədə miqrasiyanın vəziyyətinə dair hesabatı dərc edib

Ölkəmizi tərk etmək istəyən mühacirlərin sayı azalır

Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına daxil olan altı ölkədə miqrasiyanın vəziyyətinə dair hesabatı dərc edib




APA-nın məlumatına görə, Avropa Komissiyasının maliyyə dəstəyi ilə hazırlanmış "AB ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əmək mobilliyinin xərcləri və səmərəsi" adlı hesabatda daxili və xarici miqrasiya, immiqrasiya göstəriciləri, bu prosesə dair proqnozlar öz əksini tapıb.

Hesabata əsasən, 2010-cu ildə Azərbaycan əhalisinin tam yarısı iqtisadi baxımdan aktiv olub. 2009-cu ildə ölkədə işləyən qadınların sayı əmək qabiliyyətli qadınların 65 faizini təşkil edib. Müəlliflər ölkədə işçi qüvvəsinin qocalması ehtimalının olduğunu bildirir. "Ölkənin əhalisi artmaqdadır, lakin 90-cı illərdə doğum səviyyəsinin aşağı düşdüyünü nəzərə alsaq, 15-24 yaş qrupuna daxil olan əhalinin sayının azalacağını gözləmək olar. 2015-ci ildə Azərbaycanda 15-24 yaş qrupuna daxil olan vətəndaşların sayı 1,54 milyon nəfər təşkil edə bilər, 2020-ci ildə bu rəqəmin 1,19 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Ölkədə daxili işçi qüvvəsinin sayını əmək mühacirləri hesabına artırmaq olar".

Hesabatda bildirilir ki, son 10 ildə Azərbaycanda məşğulluq səviyyəsi xeyli yüksəlib. Azərbaycan məşğulluq səviyyəsinə görə (60 faiz), bölgədə ən yüksək göstəricilərdən birinə sahibdir. 2000-2011-ci illərdə Azərbaycanda məşğulluğun səviyyəsi 18 faiz artıb: "Azərbaycan bu göstəriciyə görə MDB ölkələri sırasında da ön sıralardadır. Müqayisə üçün qeyd edək ki, son on ildə Azərbaycanda məşğulluq səviyyəsi artsa da, Ermənistan və Gürcüstanda bu göstərici azalıb. Azərbaycan orta aylıq maaşın həcminə görə MDB ölkələri arasında ilk yerlərdə təmsil olunur. Ölkə bu göstəriciyə görə yalnız Rusiya və Qazaxıstandan geri qalır. Azərbaycanda orta statistik əmək haqqı Rusiyada orta aylıq əmək haqqının 60 faizini təşkil etsə də, bu göstərici Gürcüstan, Ermənistan, Ukrayna və Moldovadakı analoji göstəricidən 1,5 dəfə çoxdur. 2010-cu ildə Azərbaycanda orta aylıq əmək haqqı 413 dollar təşkil edib".

Lakin hesabatda qeyd edilir ki, ölkədə minimum əmək haqqı kifayət qədər aşağı səviyyədədir və mütəmadi olaraq artırılmasına baxmayaraq orta aylıq əmək haqqının 30 faizindən də az təşkil edir.

Sənəddə bildirilir ki, Bakı və Abşeron yarımadasının iqtisadi inkişafı aktiv daxili miqrasiyaya səbəb olub: "Bakıda orta aylıq əmək haqqı regionlarda olan orta aylıq əmək haqqından iki dəfə çoxdur. Bu fərq işçi qüvvəsinin paytaxt və ətraf yaşayış məntəqələrinə miqrasiya etməsinə səbəb olur. Hazırda ölkənin əməklə məşğul olan əhalisinin 45 faizi Bakı və ətraf ərazilərdə işləyir".

Sosioloji sorğuların nəticələrinə əsasən, ölkədən getmək istəyənlərin əksəriyyəti bunu təhsil sisteminin pisləşməsi, regionlardakı mürəkkəb vəziyyət, müxtəlif bölgələrdə içməli su, qaz, elektrik enerjisi ilə təchizatın aşağı səviyyədə olması, məşğulluq problemləri ilə əsaslandırıblar.

Tədqiqatda istifadə olunan Dövlət Statistika Komitəsi və BMT-nin məlumatlarına əsasən, 1,4 milyon Azərbaycan vətəndaşı ölkəni tərk edib. Onların 82 faizi MDB ölkələrin, o cümlədən 61 faizi Rusiyaya miqrasiya edib. Miqrantların 2,5 faizi Avropa Birliyi ölkələrinə (onların 2/3 hissəsi Almaniyaya), 2,4 faizi İsrailə, 1,3 faizi isə Türkiyəyə mühacirət ediblər.

Azərbaycanda immiqrasiya prosesi də aktiv şəkildə davam edir. Bu prosesdə əsasən MDB ölkələrinin vətəndaşlaır iştirak edirlər. Ölkəyə əsasən Rusiya, Gürcüstan, Ukrayna, Türkmənistan və Qazaxıstandan mühacirlər gəlir, əmək mühacirləri arasında Türkiyə, İran, İsrail, Çin və Pakistan vətəndaşları da var.

Azərbaycanda miqrasiya proqnozlarına gəldikdə, araşdırmada qeyd olunur ki, ölkəni tərk etmək istəyən insanların sayı ildən-ilə azalır: "Eyni zamanda əmək mühacirlərinin də sayı artmaqdadır. Statistika Komitəsinin məlumatına əsasən, son üç ildə ölkəyə gələn mühacirlərin sayı ölkədən gedən mühacirlərin sayından çox olub".

AzNews.az