Taleh Bağırova təcridxanada işgəncə verilib

Vəkil Cavad Cavadov: “Təcridxana rəisi onu başından vuraraq eynəyini yerə salıb, “səni güllələyərəm” deyib”

İlahiyyatçı Taleh Bağırov ötən həftəsonu narkoloji ekspertizadan keçirilib. Bu barədə "Yeni Müsavat" a məlumat verən vəkil Cavad Cavadov bildirdi ki, ilahiyyatçının həbs müddətinin uzadılması ilə bağlı qərardan apellyasiya şikayəti verilib: "Hacı Tale Bağırovun həbs müddətinin uzadılmasına dair Nərimanov rayon Məhkəməsinin 24 may 2013-cü il tarixli qərarından apellyasiya şikayəti vermişik. Bundan başqa, keçən həftə Tale Bağırov narkoloji müayinədən keçirilib. Həmçinin istintaq orqanı tərəfindən Talehin evindən və maşınından götürülmüş bir neçə kitab və CD-in məzmunu ilə kompleks məhkəmə texniki və linqvistik ekspertizaları təyin edilib".

Vəkil bildirdi ki, T.Bağırovun çıxışları ilə bağlı məhkəmə linqvistik, dinşünaslıq və kompüter texniki ekspertizası təyin olunub: "MTN-dən istintaqın keçirildiyi BMCMİ istintaq şöbəsinə Taleh Bağırovun çıxışlarından ibarət 4 disk göndərilib. Həmin disklərlə ekspertizaya təyin olunub. Görünən odur ki, həmin çıxışlarda dövlət əleyhinə heç nə olmasa da, istintaq orqanı belə bir məzmun axtarır. Hiss olunur ki, istintaq T.Bağırova əlavə ittihamlar irəli sürmək istəyir".

Qeyd edək ki, ötən gün vəkil Cavad Cavadov Taleh Bağırovun "kars"a salındığı haqda xəbər verib. Mayın 29-da müvəkkili ilə görüş məqsədilə Bakı İstintaq Təcridxanasına gedən vəkil T.Bağırovun döyülərək işgəncəyə məruz qaldığını bildirib: "Hacı Tale Bağırovla görüşmək üçün səhər saat 9-da artıq Bakı İstintaq Təcridxanasında idim. Xəbər verdilər ki, həqiqətən karsa salınıb və görüşmək üçün rəisə deyilməlidir. Bu prosedur təqribən bir saata yaxın çəkdi. Nəhayət Talehi gətirdilər. 5 günlük "kars"a salınmağının səbəbi yazıları olmuşdur. Lakin bu ən dəhşətlisi deyil. Çünki söz və ifadə azadlığının pozulmasına görə insanların həbs olunmasına artıq öyrənmişik və cəmiyyət buna seyrçi yanaşır".

C.Cavadov bildirdi ki, T.Bağırov bir neçə gün əvvəl mətbuatda yayılan müraciəti səbəbindən təcridxana rəisi tərəfindən təhqir olunaraq döyülüb: "Talehin dediyinə görə onu rəis Azər Seyidov otağına apartdırıb və əsəbi halda "bu nə yazılardı verirsən" deyərək üstünə qışqırmış, sonra iki "nadzor" Talehin qollarından tutub və rəis ona yaxınlaşaraq başından vuraraq eynəyini yerə salıb. Rəis ona "səni güllələyərəm" deyib, Taleh cavabında isə "Bunu gözə almışam və şəhid olmağımı arzu edirəm, qorxmuram, bacarırsan güllələ" deyib. Taleh bildirdi ki, burada haqq uğrunda yatanların həyatı hər an ölümlə üz-üzədir".

Cavad Cavadov bildirdi ki, Təcridxanada baş verən qanunsuzluqlar və işgəncə hadisəsi ilə bağlı hüquqi müdafiə tədbirləri görəcək. Qeyd edək ki, bir neçə gün əvvəl T.Bağırov ölkə ictimaiyyətinə və Qərb dövlətlərinə müraciət edib.

Xatırladaq ki, ilahiyyatçı Tale Bağırov bu il martln 31-də Sabunçu polisi tərəfindən saxlanılıb. Aprelin 2-də Sabunçu məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunur. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan ilahiyyatçının işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır.

AzNews.az