Mərhumun qardaşı: “Kimsə arxadan dizini onun kürəyinə qoyaraq, boğub” Mərhumun qardaşı: “Kimsə arxadan dizini onun kürəyinə qoyaraq, boğub”

Ölən hərbçimizlə bağlı şok təfərrüatlar: Qətl yoxsa, intihar?

Mərhumun qardaşı: “Kimsə arxadan dizini onun kürəyinə qoyaraq, boğub”




İki gün öncə Şəmkir Hərbi Birləşməsinin N saylı hərbi hissəsində daha bir bədbəxt hadisə - hərbçi itkisi barədə məlumat yayılmışdı. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 30-u saat 21:30 radələrində Şəmkir hərbi birləşməsində müddətdən artıq xidmət edən (MAXE) əsgər Mehdiyev Samir Vaqif oğlu intihar edib. Fakt üzrə Hərbi Prokurorluq cinayət işi başlayıb.

Hərbi qulluqçu Samir Mehdiyevin yaxınları isə Müdafiə Nazirliyinin açıqlaması ilə razılaşmır. Mərhumun qardaşı Müşfiq Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, qardaşının son vəziyyətini görüb və onin intihar etmədiyinə əmindir:

"Biz sadəcə onu görmək üçün hərbi hissəyə getmişdik. Dedilər, Gəncəyə qospitala gedək. Qardaşımın ölümü haqqında bir şey demədilər. Gəncə hərbi qospitalına çatandan sonra öyrəndik ki, qardaşım ölüb. Yanında döşək sırımaq üçün olan ip vardı. Göstərdilər ki, guya özünü həmin iplə asıb".

M.Məmmədovun sözlərinə görə cəsəd üzərindəki izlər işgəncədən xəbər verir: "İzlərdən görünür ki, ipi boynuna dolayıblar. Boğazında iki iz vardı. İzin biri qırtlaqdan yuxarıda, ikincisi isə aşağıda qalıb. Kürəyində diz sümüyünün izi də qalıb. Kimsə arxadan dizini onun kürəyinə qoyaraq, boğub. Sinəsinə nəsə yandırıb, basıblar. Paltarı cırıq-cırıq, qolları yaralı idi. Cibləri isə boşaldılıb. Nə sənəd üstündə idi, nə də "intihar məktubu".

"Mən də hardasa işləmişəm. Bilirəm bu izlərin nə dediyini. Qardaşım intihar etməyib, onu öldürüblər və mən qatilin kim olduğunu bilmək istəyirəm. Hesab edirəm ki, qardaşım özünü asmaq qərarına gəlsəydi, Şəmkirdə tutduğu kirayə evində intihar edərdi. Boğazında bir iz, yanında da bizə yazdığı son sözləri olardı. Biz də bilərdik ki, o özü özünü öldürüb", - deyən M.Məmmədov qardaşının ölümünün səbəbini onun komandirində axtarmaq lazım olduğuna inanır.

Onun sözlərinə görə, tabor komandiri polkovnik-leytenant Zülfüqar Abdullayev qardaşını incidirmiş: "Komandiri deyirdi ki, bu hərbi hissədə ya mən qalacam, ya da Samir. Samiri tutduracağını da demişdi. Qardaşımı bir dəfə də bağlı qəfəsə salmışdı. 2 gün ac-susuz saxlamışdı orda. Öyrənəndə gedib soruşduq ki, bu uşağın günahı nədir? Dedi ki, "dərsini bilmirdi". Bir sözlə, dərdi nə idi bilmirəm, ancaq qardaşımın ölümündə yüzə-yüz onun günahkar olduğuna əminəm. Çünki hadisədən bir gün əvvəl Samir atama zəng edib komandirin onu incitdiyini demişdi. Atam da ona zəng elədi. Komandir atamı söyüb telefonu üzünə bağladı. Sonra da qardaşımın telefonunu əlindən alıb. Səhərisi də bu hadisə oldu".

M.Məmmədov ekspertizanın nəticələrinin bir ay sonra məlum olacağını, istintaqın gedişi ilə yaxından maraqlanağını deyib: "Biz bu məsələni belə qoymayacağıq. Qardaşımın qatilinin kim olduğunu bilmək və onun cəzasını çəkməsini istəyirik. Bunun üçün yaxınları olaraq, əlimizdən gələni edəcəyik".

Ruhiyyə
AzNews.az