Azərbaycanda cinayətkar qrup zərərsizləşdirilib

Azərbaycanda adam girov götürmə cinayətinin üstü açılıb.



Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Biləsuvar rayon sakini, 32 yaşlı Səbuhi Əliyev Daxili İşlər Nazirliyinin "102" Xidmətinə zəng vuraraq bir qrup şəxsin onu zorla qaçırıb girov saxlaması barədə məlumat verib.

Dərhal istintaq əməliyyat qrupu yaradılıb, zəngin Səbail rayonu Bünyad Sərdarov küçəsi 12, ev 44 ünvanından daxil olduğu müəyyənləşdirilib. Səbail polisinin həyata keçirdiyi təxirəsalınmaz istintaq əməliyyat tədbirləri ilə Səbuhi Əliyev girov saxlandığı evdə tapılaraq azad edilib.

Bu cinayəti törətməkdə təqsirləndirilən 6 nəfər – Gürcüstan vətəndaşları - 29 yaşlı Ramil Vəliyev, 28 yaşlı Tahir Mollayev, 45 yaşlı İlqar Musayev, Mingəçevir şəhər sakini, 31 yaşlı Həbib Qarayev, Tərtər rayon sakinləri, 35 yaşlı Elnur Bayramov və 32 yaşlı Azər Cavadov tutularaq istintaqa təhvil veriliblər.

Araşdırmalarla müəyyən olunub ki, zərərçəkmiş Səbuhi Əliyevin saxlanılan şəxslərə külli miqdarda borcu olub. Onlar pullarını ala bilmədikdə Səbuhi Əliyevi girov götürərək işgəncə verməyi qərara alıblar. 2013-cü il mayın 27-də axşam Səbuhi Əliyevi zorla avtomobilə mindirərək Səbail rayonundakı evə gətirən qrup üzvləri onun əl qolunu bağlayaraq başına sellofan torba keçirib işgəncə veriblər. Ertəsi gün səhər hamı yatan zaman Səbuhi Əliyev bir neçə vərəqə "məni girov saxlayırlar, polisə xəbər verin" sözlərini yazaraq pəncərədən yola atsa da, nəticəsi olmayıb. Nəhayət o, axşam saatlarında ev telefonunu taparaq gizlicə "102" xidmətinə zəng vurub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

AzNews.az