Rusiyada gizlənən azərbaycanlı işadamı həbs edildi – TƏFƏRRÜAT

VERGİDƏN YAYINARAQ PERMDƏ GİZLƏNMƏYƏ ÇALIŞSA DA ƏLƏ KEÇDİ



Vergidən yayınaraq Rusiyaya qaçan və orada istintaqdan gizlənən işadamı həbs edilib. AzNews.az-ın Vergilər Nazirliyinin saytına istinadən məlumatına görə, nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Məmmədov Ramik Adil oğlu "Şəmkir LTD" MMC-nin direktoru vəzifəsində işləyərkən 1 noyabr 2004-cü ildən 1 may 2007-ci ilədək olan dövr üzrə Vergi Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq vergi ödəyicisi kimi qeydiyyatda olduğu Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edib və bununla 28 min manat əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Məlumatda bildirilir ki, iş üzrə şahid qismində dindirilmiş bir sıra müəssisələrin vəzifəli şəxsləri sənədlərdə göstərilən mal-materialları R.Məmmədovdan aldıqlarını və pulu, əlavə dəyər vergisi də daxil olmaqla həmin müəssisənin banklardakı hesablaşma hesablarına ödədiklərini göstəriblər. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən, "Şəmkir LTD" MMC-nin sənədlərindəki imzaların R.Məmmədova məxsus olduğu dəqiqləşdirilib.

Fakt üzrə Departamentdə 19 mart 2008-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə (külli miqdarda verginin dövlət büdcəsindən yayındırılması) cinayət işi başlanılıb.

Cinayət işi dəlillərlə sübuta yetirildiyindən həmin hərəkətlərinə görə Məmmədov Ramik Adil oğlu 11 avqust 2008-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib, lakin istintaqdan gizləndiyindən və çağırışa gəlməkdən qəsdən boyun qaçırdığından həmin ittihamı ona elan etmək mümkün olmayıb.

R.Məmmədovun Rusiya Federasiyasının Perm şəhərində gizləndiyi aşkar olunduqdan sonra, onun respublikaya ekstradisiyası üçün barəsində həbs qətimkan tədbirinin seçilməsi zərurəti ortaya çıxıb. Bununla əlaqədar olaraq, onun cinayət işi üzrə dayandırılmış icraat yenilənib. Təqsirləndirilən şəxs R.Məmmədovun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törədə biləcəyi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə məhkəmə baxışının normal gedişinə mane olacağı, istintaqdan və məhkəmədən boyun qaçıracağı ehtimalı olduğundan onun barəsində həbs qətimkan tədbiri seçilib

Bu ilin mart ayının 20-də R.Məmmədov Rusiya Federasiyasının Daxili İşlər İdarəsi əməkdaşları tərəfindən tutularaq Azərbaycana ekstradisiya olunub.

Cinayət işinin istintaqı zamanı R.Məmmədov təqsirləndirilən şəxs qismində dindirilib və o, törətdiyi cinayət əməlini etiraf edib. Hazırda dövlətə vurulmuş ziyanın cinayəti törətmiş şəxs tərəfindən ödətdirilməsi və cinayət işinin yekunlaşdırılıb məhkəməyə göndərilməsi üçün zəruri tədbirlər görülür.

Anar
AzNews.az