Bu gün bir neçə yanğın hadisəsi qeydə alındı

İyunun 8-də, axşam saatlarında ölkəmizin bir neçə rayonunda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Salyan rayonu, Pıratman kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7,5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın saat 17:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Zaqatalada qeydə alınıb. Zaqatala rayonu, Muxax kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin qoşqusuna yığılmış 15 ton ot bağlamasından 12 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və avtomobil qoşqusu ilə birlikdə yanğından mühafizə olunub. Yanğın saat 17:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, İsmayıllı rayonu, Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 10 ha olan biçilməmiş taxıl sahəsinin 500 kv.m sahəsi yanıb. Taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb

AzNews.az