Aeroport yolunda ağır qəza: yaralılar var

Bu gün saat 13:10 radələrində Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib.




Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Heydər Əliyev prospektinin Sabunçu dairəsi ilə Komsomol dairəsi arasındakı hissəsində, körpünün üzərində 2 "Mercedes" və bir "Renault" markalı avtomobil toqquşub. Qəza nəticəsində taksi kimi fəaliyyət göstərən "Renault" tamamilə yararsız vəziyyətə düşüb və ikiyə qatlanıb.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan birinin vəziyyəti daha ağır olub.

Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları araşdırma aparır.

Qeyd edək ki, qəzanın baş verdiyi yol həm də "Aeroport şosesi" kimi tanınır.

AzNews.az