Aslan İsmayılov Rüstəm İbrahimbəyova qarşı

Tanınmış vəkil: "Bu məsələnin çözümü Əli Kərimli və İsa Qəmbərin iradəsindən asılıdır"


"Milli Şura ətrafında gedən söhbətlər hər kəs kimi məni də çox narahat edir"

AzNews.az-ın məlumatına görə, bu sözləri tanınmış vəkil Aslan İsmayılov deyib. O bildirib ki, Milli Şuranın güclü olması müxalifətin güclü olması, sonda isə Azərbaycan dövlətinin güclü olması deməkdir. Bu baxımdan Milli Şurada kimlərin olması yox, onun prinsipləri daha vacibdir: "Hamı üçün əsas şərt Azərbaycanın dövlət müstəqilliyinin qorunması və insan hüquq və azadlıqlarının təmin edilməsidir.

Azərbaycan dövlətinin müstəqilliyi isə ancaq və ancaq Avroatlantik məkana inteqrasiyadan keçir. "Kimlər olur-olsun, birləşək bu hakimiyyət getsin, sonra problemləri həll edərik" prinsipi kökündən yanlışdır. Keçən əsrin əvvəllərində də bu cür yalnışlığa yol verildi və cəzası ağır oldu".
Vəkil bildirib ki, oxşar vəziyyət indi də var. "Rusiyanın bura qayıdışı üçün hər şey hazırdır, artıq N.Nərimanov da var, tək zirehli qatar çatmır" deyən vəkilin sözlərinə görə, Rusiyanın daxilində sakitlik olanda yox, gərginlik olanda ondan ehtiyatlanmaq lazımdır: "Həmişə belə olanda Rusiya xarici düşmən amilindən istifadə edərək, daxildəki qüvvələri birləşdirib, qonşu ölkələrə təcavüz edib. Dünya dəyişmiş olsa da, hələ ki, Rusiya hakimiyyətinin mahiyyəti dəyişmədiyindən bu amil daim nəzərdə olmalıdır. Bu fikir Rusiyadan bilərəkdən düşmən obrazı düzəltmək amili ilə üst-üstə düşməməlidir".

A.İsmayılov Milli Şuranın vahid namizədinin kim olması məsələsi ilə bağlı da fikirlərini açıqlayıb. O, bildirib ki, vahid namizədin Milli Şura üzvlərindən Azərbaycanda olaraq, mübarizənin önündə dayanan, üzərinə düşən məsuliyyəti dərk edən və bu yolda hər çətinliyə hazır olan şəxsin olması vacibdir:

"Bu məsələnin çözümünün Əli Kərimli ilə İsa Qəmbərin iradəsindən asılı olması heç kim üçün sirr deyil. Hər ikisinin bu məsələdə ortaq məxrəcə gəlməsi Azərbaycana olan sevgilərinin və özlərinin böyüklüyünün göstəricisi olacaq".

Anar
AzNews.az