Ələt-Hacıqabul yolunda yanğınla bağlı açıqlama

18 iyun 2013-cü il tarixində saat 13:00 radələrində Ələt-Hacıqabul yolunun kənarında, "Azərlandşaft" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisinin yaxınlığındakı boş çöllük-təpəlik sahədə yanğın baş verib.

1000 hektara yaxın çöllük-təpəlik ərazini əhatə edən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səylərinə baxmayaraq güclü külək nəticəsində yayılaraq Ələt-Hacıqabul yolunun kənarında "Azərlandşaft" Açıq Səhmdar Cəmiyyəti tərəfindən salınmış təxminən 0,4 hektar yaşıllıq ərazini də əhatə edib.

Baş vermiş yanğın nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin uzun illərlə çətin zəhmət hesabına ərsəyə gətirdiyi, eyni zamanda yoldan keçən insanların zövqünü oxşayan Eldar şamı cinsindən olan 156 ədəd yetkin ağaca qismən ziyan dəyib.

Yanğın ETSN-nin yerli qurumlarının və FHN-nin yanğınsöndürmə dəstələrinin köməyi ilə saat 15:00 radələrində tamamilə söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və küləkli keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməmiş siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan yaşıllıqları qorumağa çağırır.

Elnarə
AzNews.az