Yanan avtomobillərlə bağlı rəsmi məlumat

Bakıda baş verən yanğında ziyan dəyən avtomobillərin hamısı istismara yararsız olub.



Bu barədə APA-ya eksklüziv açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov bildirib.

N. Səfərov qeyd edib ki, yanğın cərimə meydançasında baş verməyib: "Yanğın cərimə dayanacağından kənarda, istismara yararsız avtomobillərin saxlanıldığı ərazidə baş verib. Həmin maşınların saxlanıldığı ərazinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə aidiyyəti yoxdur, yanan maşınların heç biri də saz vəziyyətdə olmayıb. Həmin maşınlar 20 ilə yaxındır ordadır və istismara yararlı deyil. Mühafizə olunan dayanacaqdakı avtomobillərə isə ziyan dəyməyib".

N. Səfərov hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş vermə səbəblərinin araşdırıldığını qeyd edib.

Qeyd edək ki, bu gün Nizami rayonunda yerləşən cərimə meydançasında yanğın baş verib. Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. Yanğın nəticəsində 1000 kvadratmetr ərazidə quru ot, 40-a yaxın avtomobil yanıb. Yanğının söndürülməsi üçün əraziyə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb.

AzNews.az