Yanan maşınların pulunu kim ödəyəcək?

Vaqif Əsədov: "Mən hələlik hadisə ilə bağlı heç nə deyə bilmərəm"


"Cərimə meydançasının kənarında yanğın baş verib. Yanğın sonradan cərimə meydançasında olan avtomobillərə də keçib. Nəticədə bir neçə maşın yanaraq külə dönüb. Hələlik yanğının dəqiq nə səbəbə baş verməsi bəlli deyil. Ümumilikdə nə qədər avtomobilin yanması barədə dəqiq nəsə deyə bilmərik. Hazırda ərazidə yanğınsöndürənlər var. Yanğın söndürülüb".

Bunu Bakıda cərimə meydançasının yanması ilə bağlı ANS PRESS-ə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, dəymiş ziyan hesablanacaq.

"Mən hələlik hadisə ilə bağlı heç nə deyə bilmərəm. Qoy araşdırma aparılsın. Sonra açıqlama veriləcək", - deyə V.Əsədov bildirib.

Qeyd edək ki, bir neçə saat bundan qabaq Bakının Nizami rayonunda Dövlət Yol Polis İdarəsinə aid cərimə meydançasında güclü yanğın baş verib. Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb.

Alovun şiddətlənməsinin qarşısı alınıb. Hazırda yanğınsöndürənlər yanğının tam söndürülməsinə çalışırlar.

AzNews.az